Nikol Ermənistanı Rusiyaya qarşı ikinci cəbhəyə çevirir
Paşinyan hakimiyyətə gələndə bütün dövlətlər, o cümlədən Rusiya onun qərbyönümlü siyasətçi olduğunu bilirdi. Ancaq təəssüflər olsun ki, Moskva Putin dövründə də Ermənistanla bağlı SSRİ-dən ona miras qalan siyasi xətti davam etdirir.
Bu sözləri Hurriyyet.az-a Türkiyənin Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayıl deyib.
Professor Paşinyanın problemləri bəhanə edərək ölkəsini tədricən Rusiyaya qarşı ikinci cəbhəyə çevirdiyini, ona xəyanət etdiyini vurğulayıb:
“İqtisadi və geostrateji baxımdan Azərbaycan və Türkiyə ilə yaxın münasibətlər qurmaq Rusiya üçün əlavə divident də gətirə bilər. Ermənistan isə onun üçün əlavə iqtisadi yükdür. Buna baxmayaraq, Moskva orada hərbi bazasının mövcudluğu qorumağa çalışır, sərhədlər rus əsgərləri tərəfindən qorunur, eyni zamanda İrəvan Avrasiya İqtisadi İttifaqına, KTMT-yə məcburi üzv edilib. Son dövrdə isə Paşinyan hökumətinin bütün uğursuzluqlarını ört-basdır etmək üçün Rusiyanı tənqid edir, onun əleyhinə bəyanatlar verir. Buna örnək kimi Ermənistanın AB missiyasını ölkəyə dəvət etməsini, baş nazirin İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibəni, Pentaqondan Ermənistan-ABŞ birgə təliminin keçiriləcəyi ilə bağlı verilən açıqlamanı, Alen Simonyanın Mariya Zaxarova haqqında qeyri-etik ifadələri, Rusiyanın bir sıra tanınmış simalarının qara siyahıya salınmasını, rəsmi olaraq təsdiq edilməsə də, beş gün öncə yayılan Gümrüdəki hərbi bazaya hücum xəbərini, ən son dünən “Sputnik Ermənistan” agentliyinin əməkdaşı Aşot Gevorkyan və bloger Mixail Badalyanın saxlanılmasını əlavə edə bilərik. Əlbəttə ki, Rusiya da müvafiq addımlarla bağlı üslubu daha da sərtləşdirərək müvafiq rəsmi etirazını bildirir. Ancaq diqqətçəkən məqam bu etirazların hələlik əməli fəaliyyətə keçməməsidir”.
Politoloq bildirib ki, KTMT üzvü olan bir ölkənin NATO-nun əsas gücü olan ABŞ-la öz ərazisində təlim keçirməsi də Ermənistan üçün qarşıdakı günlərdə ciddi baş ağrısına çevrilə bilər:
“Çünki Paşinyan ölkəsinin Rusiyaya qarşı ikinci cəbhəyə çevrilməsinə göz yumur. Peskovun verdiyi açıqlamada sözügedən təlimdən dərin narahatlıq duyduqlarını bildirməsinin də əsl səbəbi budur. Hazırda Cənubi Qafqazda Rusiyanın getməsini ən çox istəyən onun böyütdüyü, himayə etdiyi, özünə müttəfiq saydığı Ermənistandır. Ermənistan hazırda tarixi xislətinə uyğun şəkildə davranır, öz hamisinin kürəyinə xəyanət bıçağını sancır. Bütün hallarda bəhs etdiyimiz proses rəsmi İrəvanın əsl simasının üzə çıxması baxımından dövlətimizin xeyrinədir və bundan öz haqq işimizi başa çatdırmaq üçün maksimum yararlanmalıyıq”./axar.az/