"Netanyahu atəşkəsə qarşı çıxdı" - ASİF NƏRİMANLI

"Fələstinlilər ikinci Nakbanın yaşanmasından qorxur və düşünürlər ki, getsələr bir daha geri qayıda bilməyəcəklər"
"Netanyahu "indi müharibə zamanıdır" deyib atəşkəsə qarşı çıxdı və bəyan etdi ki, əsas hədəfləri HƏMAS-ı tarixdən silməkdir. Hərçənd, bu müharibədə əsas zərbə sivillərə dəyir. İsrail Qəzzanı bombalamamışdan öncə mülki əhalinin cənuba köçməsi çağırışı etmişdi, çünki 30-40 min silahlı üzvü olan və yeraltı tunellərdə gizlənən HƏMAS-a qarşı yanlız raket zərbələri ilə nəsə etmək mümkündür. Mülki əhali çıxmadı". Hurriyyet.az xəbər verir ki, bunu siyasi ekspert Asif Nərimanlı bildirib.
Siyasi ekspertin sözlərinə görə, İsrail bunu “HƏMAS-ın əhalinin çıxışına imkan verməməsi” kimi təqdim etsə də, burada iki səbəb daha çox rol oynayır: "Birincisi, əhalinin çıxması üçün az zaman verilmişdi və mülki əhali bölgəni tərk etmədən zərbələr endirildi. İkincisi və ən əsası, fələstinlilər ikinci Nakbanın (böyük fəlakət - 1948-ci ildə İsrail yarananda baş verən köç) yaşanmasından qorxur və düşünürlər ki, getsələr bir daha geri qayıda bilməyəcəklər. İsrail HƏMAS-ı məhv etmək üçün Qəzzanı bombalayır, tunellərdə gizlənən qruplaşma üzvlərinin əvəzinə sivillər ölür".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az
