Nensi Pelosi nə üçün Azərbaycanı HƏDƏFƏ ALDI?

2022-09-20 11:18:00

Nensi Pelosi nə üçün Azərbaycanı HƏDƏFƏ ALDI?

"ABŞ regionla bağlı planlar qurur və bunun üçün Ermənistandan istifadə edir"

İlyas Hüseynov: "Nensi Pelosinin anti-Azərbaycan çıxışları və sanksiya hədələri ABŞ-dakı erməni diasporunun əməyinin nəticəsidir"

Fuad Çıraqov: "ABŞ Konqresinin Nümayəndələr Palatasının sədrinin səfəri daha çox Nikol Paşinyana dəstəkdir, nəinki lobbiyə"

Ərəstun Oruclu: "Azərbaycan müxtəlif ölkələrdəki səfirliklərimizə hücum aksiyaları ilə bağlı etiraz notası verməklə kifayətlənməməli, daha təsirli addımlar atmalıdır"

Kənan Novruzov: "Hazırkı situasiyada İrəvan Vaşinqtonun maşası rolunu oynayır"

Nazim Cəfərsoy: "Nensi Pelosinin səfərinin Paşinyanın daxildə siyasi dəstəyini artırması Azərbaycan və region baxımından faydalıdır"

Bugünlərdə İrəvana səfər edən ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi Ermənistanın baş naziri Nikol Paşinyan, parlamentin sədri Alen Simonyan, müdafiə naziri Suren Papikyan, o cümlədən müxalifət nümayəndələri ilə görüşüb. Görüş zamanı ikitərəfli maraq doğuran mövzularla yanaşı, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığa dair bir sıra məsələlər də müzakirə olunub. Onu da qeyd edək ki, "Ermənistan bizim üçün vacibdir və Konqres adından Azərbaycanın Ermənistana ölümcül hücumlarını, Ermənistan ərazisinə hücumlarını qətiyyətlə pisləyirik" deyən Nensi Pelosi son sərhəd toqquşmasında Azərbaycanı ittiham edib.

Sözsüz ki, rəsmi Bakının ABŞ Konqresinin Nümayəndələr Palatasının sədrinin cəfəng mövqeyinə cavabı gecikməyib. Belə ki, bununla bağlı Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda Nensi Pelosi tərəfindən verilmiş və bölgədəki vəziyyəti təhrif edən açıqlamanın ciddi təəssüf doğurduğu, eyni zamanda Azərbaycana qarşı irəli sürülən əsasız və ədalətsiz ittihamların qəbuledilməz olduğu deyilir. Bildirilir ki, bölgədə vəziyyətin gərginləşdirilməsi və genişmiqyaslı təxribatın törədilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür: "Ümumiyyətlə, Nensi Pelosi ermənipərəst siyasətçi kimi tanınır və onun nümayəndə heyətinin tərkibində Konqresin məhz ermənipərəst üzvlərinin olması bunu bilavasitə nümayiş etdirir. Qarşıdan ABŞ-da Konqresə ortamüddətli seçkilər dövrü gəldiyini nəzərə alaraq, görünür Nensi Pelosi də bu səfərdən öz daxili siyasi gündəliyi və ABŞ-dakı erməni lobbi dairələrinin dəstəyini qazanmaq üçün istifadə edir. ABŞ-ın daxili siyasi gündəliyində olan siyasi intriqalar və lobbi maraqlarının Ermənistan üzərindən Cənubi Qafqaz regionuna daşınması qəbuledilməzdir. Təəssüflə vurğulayırıq ki, ədalətdən danışan Nensi Pelosi Azərbaycana qarşı Ermənistanın təcavüz siyasəti, ərazilərinin 30 ilə yaxın davam edən işğalı, yüz minlərlə azərbaycanlının etnik təmizlənməsi və Ermənistanın məsuliyyət daşıdığı digər bu kimi ağır cinayətlərlə bağlı bugünədək məqsədli şəkildə heç bir mövqe nümayiş etdirməyib". Məhz bu səbəbdən də Azərbaycan XİN hesab edir ki, Pelosinin Ermənistanda söylədikləri erməni təbliğatı əsasında verilmiş açıqlama kimi dəyərləndirilməlidir və bu, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində atılan səylərə ciddi zərbədir.

Yeri gəlmişkən, onu da nəzərinizə çatdıraq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün ötən gün ABŞ-ın Nyu York şəhərinə yola düşüb. Həmçinin, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da sözügedən tədbirlə bağlı ABŞ-a gedib. Bildirilib ki, həm Ceyhun Bayramov, həm də Ararat Mirzoyan səfər zamanı sessiya çərçivəsində keçiriləcək tədbirlərdə, habelə xarici dövlətlərin rəsmiləri ilə görüşlərdə iştirak edəcək.

"ABŞ-ın indiki vəziyyətdə Azərbaycana hər hansı sanksiya tətbiq edəcəyi və Qərbin digər ölkələrinin sanksiyalara qoşulacağı inandırıcı görünmür"

Beləliklə, "Hürriyyət" xəbər verir ki, mövzu ilə bağlı mövqeyini bölüşən politoloq İlyas Hüseynovun fikrincə, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin anti-Azərbaycan çıxışları və sanksiya hədələri ABŞ-dakı erməni diasporunun əməyinin nəticəsidir.

Politoloqun qənaətincə, ABŞ-ın indiki vəziyyətdə Azərbaycana hər hansı sanksiya tətbiq edəcəyi və Qərbin digər ölkələrinin sanksiyalara qoşulacağı inandırıcı görünmür: "Elə bu yaxınlarda Azərbaycan prezidentini Avropada yüksək səviyyədə qəbul etdilər və bildirdilər ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm yer tutur və bu, həqiqətən də belədir. Xəzərdən neft çıxaran Böyük Britaniya və Azərbaycan qazını Avropaya paylayan İtaliya sanksiya müzakirələrinin başlanmasına imkan verməz. Hələlik bunun üçün heç bir ilkin şərt yoxdur".

"Pelosi erməni lobbisinin könlünü almaq üçün daha böyük və ya başqa bir şey edə bilərdi, ümid edək ki, seçkilərə qədər bunu etməyəcək"

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri, politoloq Fuad Çıraqov isə bildirib ki, Nensi Pelosinin səfərinin ABŞ-da Konqres seçkiləri ərəfəsində erməni lobbisinin könlünü almaq üçün edildiyi deyilir və o, da bu ehtimalı qəbul edir: "Vaxtilə, mərhum Zbiqnev Bjezinski demişdi ki, erməni lobbisi ABŞ-da 3 güclü lobbidən biridir. Həqiqətən erməni lobbisi çox güclüdür və demokratlarla daha yaxın olmaları məlumdur. Qarşıdan gələn Konqres seçkilərində demokratların şansları çox aşağıdır. Demokratlar indi qarşıdan gələn seçkilərdə hətta partiyanın maraqlarını dövlətin maraqlarından önə çəkirlər. Bu Nensi Pelosinin Tayvan səfərində özünü daha bariz göstərdi. Amma bu səfərdə bir balaca əmma var. ABŞ-dakı erməni lobbisi daşnaklardır, daşnaklar isə Nikol Paşinyana düşməndir. Daşnak lobbisi ilə Paşinyan arasında son zamanlar qalmaqallar da hamıya məlumdur. Nikol Paşinyan hökuməti bu yaxınlarda Fransanın məşhur daşnak lobbi liderlərindən birini persona non grata edib ölkəyə buraxmadı. Nensi Pelosinin bu səfəri isə daha çox Nikol Paşinyana dəstəkdir, nəinki lobbiyə".

Politoloq hesab edir ki, Nensi Pelosi erməni lobbisinin könlünü almaq üçün daha böyük və ya başqa bir şey edə bilərdi: "Ümid edək ki, seçkilərə qədər bunu etməyəcək. Bu səfər isə daha çox indiki administrasiyanın Nikol Paşinyanı nəyin bahasına olursa-olsun hakimiyyətdə saxlamaq niyyəti ilə uyğun gəlir. Bir dəfə də belə olmuşdu. Hakim administrasiya ilk baxışda erməni lobbisinin istəyi ilə hərəkət etmişdi. Əslində isə Ermənistan dövlətinə yardım etməyə çalışmışdı. 2009-cu il Sürix protokolları zamanı ABŞ-dakı erməni lobbisi prosesin qəti olaraq əleyhinə idi. Ermənistanın o zamankı xarici işlər naziri ABŞ-da şəhərləri bir-bir gəzərək lobbi üzvləri ilə görüşüb prosesin əleyhinə olmamağa çağırırdı. Yəni, ABŞ prosesi başlamaqla erməni lobbisinin deyil, Ermənistan dövlətinin maraqlarına uyğun hərəkət etmişdi. Əslində, erməni lobbisi ilə Ermənistan dövlətinin maraqlarının ziddiyyətli məqamları daha çoxdur. Demək ki, Vaşinqton regionla bağlı hansısa planlar qurur. Bayden administrasiyası əvvəl bizim könlümüzü almaq üçün altı ay ərzində 3 məktub göndərir, strateji dəyərimizdən, oynadığımız roldan, gələcək əməkdaşlıq perspektivlərindən danışır, bir qədər sonra Azərbaycanı qıcıqlandırmaq üçün 2021-ci il ərzində işlətmədiyi "Minsk qrupu" sözünü dövriyyəyə buraxır. Əcaba nə oldu birdən? Hər halda Konqres seçkilərindən sonra hər şey aydın olacaq".

"ABŞ kimi güclü bir ölkə üçün hətta zəif və kiçik Ermənistanı ayağa qaldırmaq yalnız zaman məsələsidir və söhbət heç də onilliklərdən getmir"

Siyasi şərhçi Ərəstun Oruclu isə qeyd edib ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfərinin əhəmiyyətini və mümkün nəticələrini kiçiltmək lazım deyil: "Bəli, səfərin Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyətlə birbaşa əlaqəsi yoxdur, o, əvvəldən planlaşdırılmışdır, amma bu, hələ onun təsirlərinin olmayacağını deməyə əsas verməməlidir. Əvvəla, ona görə ki, istər Pelosinin özü, istərsə də onu müşaiyət edən digər Konqres nümayəndələri stabil olaraq birmənalı ermənipərəst siyasətçilərdir və onların səfərin nəticələrilə bağlı Azərbaycana qarşı hər hansı addımlar atacaqları istisna deyil. İkincisi, Pelosi qısa zamanda Ermənistana səfər edən yeganə yüksək ABŞ rəsmisi deyil. Bundan bir qədər əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns də İrəvanda səfərdə olmuşdu. Bu isə artıq Vaşinqtonun bölgəyə dair siyasətində Ermənistanın müəyyən yer aldığını deməyə əsas verir. Belə siyasət də öz növbəsində, Azərbaycan üçün ciddi çağırışlar və risklər demək ola bilər. Çünki ABŞ kimi güclü bir ölkə üçün hətta zəif və kiçik Ermənistanı ayağa qaldırmaq yalnız zaman məsələsidir və söhbət heç də onilliklərdən getmir". Siyasi şərhçinin sözlərinə görə, ABŞ-dan iqtisadi, siyasi və istisna deyil ki, hərbi dəstək alacağı halda İrəvan qısa zamanda bugünkündən çox fərqli statusa keçə bilər: "Bu da öz növbəsində, bölgədə yeni geosiyasi şəraitin yaranmasına və bölgə ölkələri üçün yeni təhdidlərin meydana çıxmasına yol açardı. İlk növbədə də Azərbaycan üçün. Bu baxımdan, xarici siyasət strategiyamızın mövcud reallığa uyğun olaraq müəyyənləşdirilməsi və onun həyata keçirilməsi istiqamətində effektiv addımların atılması təxirəsalınmaz vəzifəyə çevrilir".

Azərbaycanın müxtəlif ölkələrdəki səfirliklərinə hücum aksiyalarına da toxunan Ərəstun Oruclunun fikrincə, bu, ölkəmizə qarşı aparılan siyasətin tərkib hissəsidir: "Azərbaycan bunlarla bağlı etiraz notası verməklə kifayətlənməməli, daha təsirli addımlar atmalıdır. Xüsusilə də ona görə ki, söhbət dinc etiraz aksiyalarından deyil, vandalizm aktından gedir. Azərbaycan rəhbərliyinin xarici siyasət kursu kimisə qane etməyə bilər, amma bu, ölkənin diplomatik missiyalarının hücumlara məruz qoyulması şəklində ifadə olunmamalıdır. Bütün bu təxribatlar təkcə diplomatik xidmət və diplomatik missiyaların fəaliyyətinin təmin olunmasına dair beynəlxalq öhdəliklərə zidd deyil, həm də qeyri-sivil, qeyri-insani və qeyri-rasionaldır. Xüsusilə də belə hallar özünü sivil toplum sayan və demokratik hüquqi idarəçiliyi olduğunu iddia edən ölkələrdə baş verirsə".

"Bizim həm Rusiya, həm də Qərb ölkələri, o cümlədən ABŞ-la normal münasibətimiz var və atdığımız addımları ancaq öz siyasi iradəmiz müəyyənləşdirir"

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov isə bu qənaətdədir ki, hazırkı situasiyada İrəvan Vaşinqtonun maşası rolunu oynayır, yəni Ağ Ev regionla bağlı siyasətini həyata keçirmək üçün Ermənistandan istifadə edir: "İlk öncə onu qeyd edim ki, Rusiyalı deputat Vitaliy Milonov ölkə parlamentinin rəhbərinin Bakıya səfəri ərəfəsində Azərbaycanın Ermənistanla sərhəddə təxribat törətməsi ilə bağlı açıqlama verib. O, Bakının Qərbin sifarişlərini yerinə yetirdiyini bildirib. Bildiyiniz kimi, bugünlərdə ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi Ermənistanda səfərdə idi. O, Bakı ilə bağlı birmənalı olmayan açıqlamalar verib. Bu, onu göstərir ki, hazırkı situasiyada İrəvan Vaşinqtonun maşası rolunu oynayır. Ağ Ev regionla bağlı siyasətini həyata keçirmək üçün Ermənistandan istifadə edir. Azərbaycanın bu gün müstəqil xarici siyasət kursu yeritdiyi hər kəsə məlumdur. Bizim həm Rusiya, həm də Qərb ölkələri, o cümlədən ABŞ-la normal münasibətimiz var. Və atdığımız addımları ancaq öz siyasi iradəmiz müəyyənləşdirir. Çünki bunu həyata keçirəcək gücə sahibik. Ermənistan isə regionda "nadinc uşaq" rolunu oynayır. Lazım gələndə Qərbin, lazım gələndə Rusiyanın sifarişlərini yerinə yetirməklə "suları bulandırır". Milonovun açıqlamasına gəldikdə isə deməliyik ki, Rusiyada bu cür təbliğatçılar kifayət qədərdir. Onlar külli miqdarda məvacib qarşılığında ideoloqluq edirlər. Nəticədə daxili ictimai rəy çaşdırılır, dövlətlərarası münasibətlərə zərbə vurulur. Əlbəttə, Azərbaycan Rusiya üçün vacib partnyordur. Bunu Kreml ən yüksək səviyyədə dəfələrlə bəyan edib. Rusiya ilə Azərbaycan arasında strateji müttəfiqlik haqqında saziş imzalanıb".

Ekspert onu da bildirib ki, şimal qonşumuzun regiondakı maraqlarının təmin olunması Bakı ilə münasibətlərdən asılıdır: "Azərbaycan Ukrayna ilə Rusiya arasındakı müharibədə balanslı siyasət yeridən nadir dövlətlərdəndir. Bütün bunları nəzərə alsaq, deməliyik ki, Milonovun açıqlaması əslində anti-Azərbaycan yox, anti-Rusiya xarakterlidir, dövlət maraqlarına uyğun deyil. Əlbəttə, hakimiyyətin diktəsi ilə sözügedən deputatın "nəbz yoxlaması" da istisna deyil. Amma bu ehtimal azdır. Əgər belədirsə, deməli, Rusiya Azərbaycanla münasibətlərin korlanmasına hazırdır. Bu, indiki halda ağlabatan görünmür".

"Önümüzdəki dövrdə ABŞ-dan Ermənistana maliyyə, silah və digər təhlükəsizlik dəstəklərində ciddi bir canlanma görə bilərik"

Nensi Pelosinin Ermənistana gəlişinin və verdiyi mesajların müxtəlif səbəb və təsirləri olduğunu vurğulayan Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy da hesab edir ki, bu səfər ABŞ-ın daxili siyasətində noyabrdakı seçkilər baxımından önəmlidir: "Pelosi həm özünün, həm də demokratların Konqres seçkilərindəki vəziyyətini yaxşılaşdırmaq üçün erməni diasporasının dəstəyini ola bildiyincə güclü almağa çalışır. Bu çərçivədə Pelosinin heyəti, verdiyi mesajlar Azərbaycan və Türkiyə əleyhdarı xarakteri ilə diqqəti cəlb edir. Üstəlik, bu əleyhdarlığı ABŞ-da Azərbaycan və Türkiyə əleyhinə müxtəlif qərarlar alınması müşayiət edəcək kimi görünür. Yenə ABŞ-ın təhlükəsizlik, silahlanma və iqtisadi mövzularda Ermənistana və müəyyən formullarla Qarabağdakı separatçılara dəstək verəcək addımlar atması gözlənilir. Ancaq diqqəti cəlb edən bir başqa məqam isə Pelosi gəlmədən əvvəl ABŞ diplomatiyasının Bayden, Blinken və ABŞ səfirliyin üzərindən Azərbaycan hakimiyyətinə müxtəlif müsbət mesajlar verməsidir. Bu da öncədən ABŞ-ın ermənipərəst addımlarını müəyyən mənada balanslaşdırma mahiyyəti daşıyır. Noyabra qədər bu balans işində, xüsusilə üzdə müəyyən səngimələr olacaq. Azərbaycan Xarici İşlər Nazirliyi də durumu diqqətə alan mesaj verib".

Siyasi elmlər üzrə fəlsəfə doktoru onu da əlavə edib ki, Pelosinin səfəri getdikcə Ermənistan daxilində vəziyəti çətinləşən baş nazir Nikol Paşinyana dəstək mahiyyəti daşıyır: "Bu səfər həm də Paşinyanın Rusiya və İran təzyiqi altına tam girməsinə mane olma cəhdidir. CİA (ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi-V.B.) direktorunun İrəvana və Papikyanın Vaşinqtona səfəri də bu prosesləri dəstəkləyən mahiyyətdəydi. Yuxarıda qeyd etdiyim kimi, önümüzdəki dövrdə bir yandan ABŞ-dan Ermənistana maliyyə, silah və digər təhlükəsizlik dəstəklərində ciddi bir canlanma görə bilərik. Gürcüstan üzərindən Azərbaycan-Ermənistan sülh danışıqlarında da fəallıq gündəmə gələ bilər. Ermənistana hərbi, siyasi və iqtisadi dəstək bizim üçün neqativ məqamlar mənasına gəlir. Ancaq səfərin Paşinyanın daxildə siyasi dəstəyini artırması Azərbaycan və region baxımından faydalıdır. Çünki Paşinyan mövcud Ermənistan siyasi palitrasında bizim maraqlarımıza ən uyğun siyasətçidir. Paşinyanın qalması sülh müzakirələri prosesinin davamı baxımından çox faydalıdır".

Vazeh BƏHRAMOĞLU


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000157