NEFT PULLARI ÜZƏRİNDƏ QURULAN "BİZNES İMPERİYASI" - Kasıb ailənin övladı necə oliqarxa çevrildi?

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) keçmiş vitse-prezidenti Mikayıl İsmayılovun “topdağıtmaz sərvəti” haqda bir neçə gün əvvəl “Hürriyyət” qəzetində və Hurriyyet.az saytında məlumat vermişdik. Belə ki, onun SOCAR-da çalışdığı 16 il ərzində (2005-2021-ci illərdə) müxtəlif yollarla böyük varidat topladığını qeyd etmiş və bəzi obyektlərinin siyahısını dərc etmişdik.
Xatırladaq ki, ötən məqaləmizdə dəyəri milyonlarla manat olan onlarla obyektin siyahısını təqdim etsək də, bütün bunların Mikayıl İsmayılovun biznes imperiyasının yalnız bir hissəsi olduğunu da xüsusi vurğulamışdıq. Hətta onun bu obyektlərin böyük əksəriyyətini SOCAR-ın vitse-prezidenti vəzifəsindən uzaqlaşdırılandan sonra əldə etdiyi haqda məlumatları da dəyərli oxucularımızla bölüşmüşdük.
Üstəlik, onu da nəzərə alsaq ki, SOCAR-ın keçmiş “boz kardinal”ının istər ölkə daxilində, istər də xarici dövlətlərdə bizə bəlli olmayan daha çox mülkləri və ofşor hesablarda milyonlarla dollar pulu var, deməli, Azərbaycanda çox da böyük vəzifə tutmayan bu sabiq məmurun mal-mülkünün dünyanın məşhur milyarderlərinin sərvəti ilə müqayisə edilməsi heç də təsadüf deyil. Maraqlıdır, o halda Mikayıl İsmayılov “dənizlərə sığmayan” bu qədər sərvətə necə sahib olub? Yeri gəlmişkən, o, kasıb bir ailədə böyüdüyündən, sahib olduğu milyonların, mal-mülkün ona dədə-babasından miras qalmadığını da bəri başdan oxucularımızın diqqətinə çatdıraq.
Əslində, M.İsmayılovun necə oliqarxa çevrildiyi haqda ötən yazımızda müyyən qədər açıqlama vermişdik. Həmçinin, bundan əvvəl də onun sahibi olduğu villalar, mənzillər, bahalı maşınlar, obyektlər, torpaq sahələri və s. barəsində mətbuatda çoxsaylı informasiyalar dərc olunmuşdu. Sadəcə, yuxarıda da qeyd etdiyimiz kimi, biz keçmiş vitse-prezident 2021-ci ildən, yəni vəzifədən atıldıqdan sonra əldə etdiyi bəzi yeni obyektləri haqda məlumat vermişdik. Hansı ki, həmin obyektlərin bir çoxunun da müxtəlif qohumlarının adına sənədləşdirildiyi faktlarla təqdim olunurdu.
Əldə etdiyimiz son araşdırmalar isə onu deməyə əsas verir ki, Mikayıl İsmayılovun hesabına onun bir sıra qohumu da böyük kapital toplayıb. Bu yazımızda onların bəziləri haqda qısaca informasiya verəcəyik.
Öncə onu qeyd edək ki, Mikayıl İsmayılovun atası İsmayıl kişi uzun müddət Ağsu rayonunun Çiyni kəndində sovxozda nəzarətçi işləyib, kasıb bir insan olub. Anası da evdar qadın olub. Onların 3 oğlu, 4 qızı olub.
M.İsmayılovun qardaşının birinin adı Müşfiq, digərinin adı isə Cümşüddür. Milyonçu qardaşın obyektlərinin böyük əksəriyyəti Müşfiqin adınadır. Onu tanıyanlar deyir ki, savadsız və iki cümləni ard-arda qoşmaqda çətinlik çəkən biri olsa da, qardaşının hesabına yaxşı pul toplayıb. Məlumata görə, bir neşə bahalı avtomobili var ki, onlardan biri dövlət nömrə nişanının sonu “017” olan son model “Prado”, digəri isə nömrəsi “900” olan son model “Cadillac”dır.
Mikayıl İsmayılovun ikinci qardaşı Cümşüd isə bir neçə il sahə müvəkkili işləyib. Qardaşı SOCAR-da mövqelərini gücləndirəndən sonra, onun da “ulduzu parlayıb” və Pirallahı rayonunda polis rəisi vəzifəsinə təyin olunub. Bununla yanaşı, M.İsmayılovun Pirallahıda, dəniz kənarında yerləşən qəsrinin mühafizəsi də məhz ona həvalə edilib.
M.İsmayılovun bacısının biri Mingəçevirdə ərdədir. Onun həyat yoldaşı da milyonçu qaynının hesabına varlana bilib və hazırda bahalı model “CMC” cip idarə edir.
İkinci bacısı isə Ağsuda ərdədir. Onun Ərəstun adlı həyat yoldaşı da M.İsmayılovun dəstəyi ilə böyük kapital sahibi olub. O da hazırda dövlət nömrə nişanı “919” olan son model “CMC” sürür.
Məlumata əsasən, M.İsmayılovun üçüncü bacısı ilk ərindən boşansa da, sonradan Ağsuda Cingiz adlı bir şəxslə ailə qurub. Rayonda belə söz-söhbət var ki, Çingiz Mikayıl İsmayılovun puluna görə öz həyat yoldaşından ayrılaraq, onun bacısı ilə ailə qurub. Məhz bu “uzaqgörənliyi” sayəsində Çingizin həyatı kökündən dəyişib. Belə ki, ali savadı, diplomu olmasa da, onun hazırda SOCAR-da şöbə müdiri vəzifəsində çalışdığı iddia olunur. O da “900” nömrəli axrıncı model “CMC”-də gəzir.
M.İsmayılovun dördüncü bacısı da evdar qadındır, kənddə yaşayır. Deyirlər ki, onun evi kimi heç prezidentin də evi yoxdur. Həyat yoldaşı Vətən ferma müdiridir və paralel olaraq qaynına məxsus makaron zavoduna da rəhbərlik edir. Onun da sürdüyü maşın son model “Toyota Prado” və “919” nömrəli “Toyota Camry”dir.
Mikayıl İsmayılovun hesabına zəngin olan qohumlarından biri də dayısı oğlu Nazimdir. Deyilənə görə, o, əvvəllər meşədən odun qırıb gətirib satmaqla və ağac çubuqlarından kənddə camaata hasar çəkməklə ailəsini dolandırıb. İndi isə o, “Azqranata” zavodunda direktor müavini və idman kompleksinin müdiridir. Onun da ali təhsilinin olmadığı bildirilir. Hazırda Nizami də rayonda bahalı avtomobilləri ilə tanınır. Məsələn, dövlət nömrə nişanı “900” olan 250 min manatlıq qara “CİP” və “800” nömrəli “Chevrolet” maşınları var.
M.İsmayılovun dayısı Fəxrəddin Ağsuda “Rabitəbank”ın təsərrüfat müdiri olmaqla yanaşı, həm də “Aqropark”ın müdir müavinidir. Lakin onun işə çox nadir hallarda getdiyi bildirilir. Dəyəri 600 min AZN, dövlət nömrə nişanı “10 … 002” olan son model “Cadillac”da, “949” nömrəli, gümüşü rəngli, son model “Prado” və “06 AA 109” nömrəli “Toyota”da gəzir. Onun da diplomunun olmadığı bildirilir.
M.İsmayılovun qardaşı oğlanları və baçısının kürəkənləri də onun hesabına yaxşıca pullanıblar və “900”, “800”, “777”, “888”, “005” və s. nömrəli ən son model “Cadillac”, “Toyota”, “CMC” və digər bahalı maşınlar sürürlər.
İddia olunur ki, Mikayıl İsmayılovun sürücüsü Yaşar da pulunun çəkisinə görə onun digər qohumlarından geri qalmır. Belə ki, onun da “10-TT-349” nömrəli son model “Prado”, 70 min manatlıq son model “Hyunday” və “Chevrolet” markalı avtomobilləri, Bakıda 3-4 ədəd bina evi və 2 villası var. Daha 1 villası isə Çuxuryurdda yerləşir. M.İsmayılovun “Pereval” adlanan ərazidəki “Panorama Hall” restoranı da Yaşarın adınadır. Onlar həm də sinif yoldaşıdırlar.
M.İsmayılovun köməkçisi Rövşən də “qaz vurub, qazan dolduranlardan” olub. O da son model “Cadillac” avtomobili idarə edir. Mikayıl İsmayılovun bəzi obyektlərinin Rövşənin adına olduğu vurğulanır.
Sonda onu da qeyd edək ki, Mikayıl İsmayılov “Azərsu”nun keçmiş rəhbəri Qorxmaz Hüseynovla da yaxın dostdur. Onlar saxta yollarla müxtəlif tenderlərdə milyonlarla pul əldə ediblər(Bu haqda növbəti yazılarımızda – müəl.). Etibarlı mənbədən əldə etdiyimiz bilgiyə əsasən, Qorxmaz Hüseynovla Mikayıl İsmayılov hər zaman bu cür qanunsuz yollarla əldə edilən vəsaitin haqq-hesabını Bakıdakı “Çinarlı” restoranının (M.İsmayılova mıxsusdur – red.) 23-cu otağında ediblər.
Yeri gəlmişkən onu da qeyd edək ki, Qorxmaz İsmayılovun qudası Pirallahanın icra başcısıdır. Hansı ki, Mikayıl İsmayılovun qardaşı da orda polis rəisidir…
Hazırladı: KƏNAN
P.S. SOCAR-ın keçmiş və indiki rəhbərliyində çalışan bir sıra oliqarx məmurlarla bağlı da geniş araşdırma aparırıq. Növbəti saylarımızda M.İsmayılovla yanaşı, onların hər biri haqda da ayrıca yazı dərc edəcəyik. Bizi izləyin.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya