“Nəcməddin Sadıkov rahat şəkildə həbs oluna bilər” – Üzeyir Cəfərov

2022-06-03 11:25:00

“Nəcməddin Sadıkov rahat şəkildə həbs oluna bilər” – Üzeyir Cəfərov

“Düşünürəm ki, Nəcməddin Sadıkovun həbsi üçün qanuni əsaslar varsa, heç bir maneə burada ola bilməz və o, rahat şəkildə həbs oluna bilər”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərli deyib.

Hərbi ekspert Müdafiə nazirinin sabiq müavini, ehtiyatda olan polkovnik Mehman Səlimovun sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkov barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

Mehman Səlimov qeyd edib: “"Şlyapa Zahid" getdi. Ancaq Nəcməddin Sadıkovun həbsi Ukraynadakı müharibənin nəticəsindən asılıdır. Biz nə qədər Kremlin, Putinin təsirindən uzaq olsaq, Nəcməddinin və digərlərinin həbsi şansı bir o qədər artacaq. Əgər Rusiya orada hərbi və siyasi mənada tam məğlub olsa, Azərbaycanda nəinki Nəcməddin, Kremlin “5-ci kolon”unun bütün nümayəndələri buldozerin ağzına veriləcək”.

Öz növbəsində Ü. Cəfərli vurğulayıb:

“Bu, çox maraqlı bir yanaşmadır. Əslinə qalsa, Mehman müəllimə böyük hörmətim var, çünki həm onun tabeliyində olmuşam, həm də sovetlər dönəmində biz onunla eyni hərbi dairədə xidmət keçmişik.

O ki qaldı onun bu məsələ ilə bağlı fikirlərinə, hər halda açıqlamanı o versə, daha yaxşı olar. Lakin mən düşünürəm ki, Nəcməddin Sadıkovun həbsi üçün qanuni əsaslar varsa, heç bir maneə burada ola bilməz və o, rahat şəkildə həbs oluna bilər. Əgər istintaq orqanı onun hər hansı bir cinayətini, yaxud da ki, qanuna zidd hərəkətini sübut edərsə, o sübutlar qarşısında biz Moskvadan icazə almalıyıq?!

Nəcməddinin həbsi ilə bağlı onu söyləyə bilərəm ki, qanun qarşısında hamı bərabərdir. Bu gün Nəcməddin Azərbaycandadır. İndi hamı deyir ki, onun “sağ əli” tutuldu. Mən başa düşə bilmirəm ki, bu “sağ əl” ilə “sol əli” bunlar necə müəyyənləşdirirlər?! Amma açığını deyim ki, əgər Nəcməddinin belə gücü və qüdrəti var idisə, niyə öz “sağ əli” sayılan Zahid Niftəliyevi qoruya bilmədi?!”

“O ki qaldı Nəcməddinin həbsi üçün Rusiyanın Ukraynadakı məğlubiyyətini gözləməyə, onu deyim ki, Rusiyanın Ukraynada məğlubiyyəti çox şeyləri dəyişəcək. Biz indi danışdığımız məsələ bəlkə də bunun mində bir fraqmenti olar, ya olmaz. Ukraynadakı məsələlər yekunlaşandan sonra dünyada çox şeylər dəyişəcək. Dünya sanki bir hərəkətə gələcək. Çünki bu gün dünyanı tormozlandıran tək faktor Rusiyanın yekəxana, hegemon və qanunlara sayğısız yanaşması siyasətidir. Bu barədə onlarla nümunə saymaq olar”, - müsahibimiz əlavə edib.

“Nəcməddinin həbsinə Rusiya maneə olur” iddiasına isə ehtiyatda olan polkovnik belə cavab verib:

“İndi “Nəcməddini həbsinə guya Rusiya maneə olur” deyirlər. Belədirsə, onda Nəcməddin gedib Rusiyada da yaşaya bilər. Əgər özü üçün təhlükəni hiss etsə və həbs ediləcəyini bilsə...

Bildiyiniz kimi, Nəcməddin 1993-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahında vəzifədə olub. Biz onlarla general, tanınmış şəxslər saya bilərik ki, onlar da vaxtilə Moskvaya bağlılıq barəsində müəyyən fikirlər səsləndirirdilər, lakin hüquq-mühafizə orqanları müəyyən faktları sübut edəndən sonra onlar həbs edildilər. Bəziləri isə artıq azadlıqdadırlar.

Qısacası, mənim bu məsələdə yanaşmam fərqlidir. Ukraynadakı vəziyyət bitəndən sonra çox şeylər dəyişəcək. O cümlədən Azərbaycanın özündə də siyasi, iqtisadi, hərbi sahədə də çox fərqli bir mənzərənin biz şahidi olacağıq”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya