Saat:11:48
Haqqımızda

NƏ YAPSALAR BOŞ, GÖYLƏRDƏN GƏLƏN BİR QƏRAR VARDIR! - 28 May Türk və müsəlman dünyası üçün düşərli gündür...

2023-05-23 12:00:00

NƏ YAPSALAR BOŞ, GÖYLƏRDƏN GƏLƏN BİR QƏRAR VARDIR! - 28 May Türk və müsəlman dünyası üçün düşərli gündür...

Taliyət ƏLİYEV

ADP sədrinin müavini

Əslində, bu haqda 14 may 2023-cü il tarixli seçkilərdən öncə yazmağa çalışsam da, bəzi obyektiv və subyektiv hallar yazını tamamlamağıma imkan vermədi. Düzü, bir çoxlarının Ərdoğan hakimiyyətinin 14 may seçkilərini saxtalaşdıracağı və Türkiyənin avtoritarizmə doğru yuvarlanacağı ilə bağlı apardıqları təbliğat kampaniyası məndə müəyyən tərəddüdlər də yaradırdı. Lakin 14 may seçkilərinin tam şəffaf, açıq, obyektiv, qanuni və insidentsiz başa çatması, seçkilərin nəticəsini iqtidarlı-müxalifətli bütün tərəflərin qəbul etməsi və prezident seçkilərinin ikinci turunun keçirilməsi ilə bağlı ortaq mövqe ortaya qoyulması Ərdoğanın əleyhinə aparılan təbliğatın nə qədər ədalətsiz və yanlış olduğunu bir daha sübut etmiş oldu. Bu seçkilərdən sonra özümün Ərdoğan haqqında düşüncələrimdə haqlı olduğuma bir daha əmin oldum və yazının aktuallığını nəzərə alaraq onu tamamlamaq qərarına gəldim.

Bəzilərinin iddia etdiyi kimi, əgər Rəcəb Tayyib Ərdoğan doğrudan da “avtoritar” və “diktator” olsaydı, əlində olan hakimiyyət resurslarından hətta minimal səviyyədə istifadə edərək, birinci turda özünün qələbəsini təmin etmiş olar və ikinci tura belə, ehtiyac qalmazdı. Lakin 14 may seçki kampaniyası və seçkilərin nəticələri nəinki Türk və İslam dünyası üçün, hətta dünya demokratiyası üçün bir örnək rolunu oynaya bildi və Ərdoğan demokrat lider olduğunu bir daha dünyaya sübut etmiş oldu.

Qeyd edim ki, dünyanın böyük güclərinin bütün diqqəti Türkiyədə keçirilən 14 may seçkilərinə fokuslandığı kimi, indi də seçkilərin ikinci turunun keçiriləcəyi günə - 28 may tarixinə fokuslanıb. Son on illərin siyasi təcrübəsindən çıxış edərək deyə bilərik ki, yalnız ABŞ-da keçirilən parlament və prezident seçkilərinə dünyada bu qədər maraq olur. Çünki bu dünya nəhəngində keçirilən seçkilərin nəticələri və hakimiyyət başına gələn şəxsin siyasi mövqeyi birbaşa və ya dolayısı ilə dünyanın əksər dövlətlərinə təsirsiz ötüşmür.

Bu gün Türkiyədə keçirilən seçkilərin dünya ictimaiyyətinin diqqətini bu qədər məşğul etməsinin isə əsas səbəbi birdir: Ərdoğan bu seçkilərdə qalib gələcək, yoxsa yox? Açıq-aydın görünən odur ki, Qərbin və Avropanın siyasi mərkəzləri, o cümlədən bu siyasi dairələrin Türkiyədəki uzantıları seçkilərdə Ərdoğanın hakimiyyətdən getməsində maraqlıdır və bundan ötəri çox ciddi çaba göstərməkdədirlər. Sual olunur, Ərdoğan dünya gücləri üçün niyə arzuolunmaz personaya çevrilib? Bax, yazımda imkan daxilində bu suala aydınlıq gətirməyə çalışacağam. Hesab edirəm ki, bunun üçün Ərdoğan hakimiyyətinin yürütdüyü daxili və xarici siyasətə qısa da olsa, nəzər salmaq lazımdır.

2002-ci ildə AKP Türkiyədə keçirilən parlament seçkilərində səslərin böyük çoxluğunu qazanaraq təkbaşına iqtidara gəldikdən sonra Türkiyənin istər siyasi, istər də iqtisadi həyatında hökm sürən böhranlar səngiməyə başladı. 59-cu hökuməti quraraq Türkiyə Cümhuriyyətinin baş naziri kimi peşəkar idarəçiliyi və liderliyi ilə Ərdoğan ölkəni əldən salan siyasi böhranları durdura bilməklə, ölkənin bütün potensialını onun inkişafına istiqamətləndirməyi bacardı. Bu, Ərdoğan hakimiyyəti üçün asan olmasa da, bütün çətinliklərə rəğmən, bunu bacardı və ətalətdə olan Türkiyəni dinamik inkişaf edən, regionda və dünyada söz sahibinə çevirə bildi.

Hakimiyyəti dönəmində Türkiyənin idarəçiliyi, təhlükəsizliyi və üzləşdiyi siyasi təlatümlər fonunda Ərdoğanın atdığı taktiki addımları bir çoxlarına bəzən səhv görünsə də, lakin zaman keçdikcə onun ən çətin siyasi situasiyalarda strateji baxımdan nə qədər uzaqgörən addımlar atdığı sübut olundu. Bu baxımdan, Ərdoğanı siyasi lider kimi böyük strateq adlandırmaq olar.

Ərdoğan hakimiyyətə gəldikdən sonra ölkəsini xarici borc bataqlığından çıxarmış, Türkiyənin iqtisadi, sosial, mədəni, təhsil və s. sahələrində köklü islahatlar aparmış, Kipr məsələsində aydın və qətiyyətli mövqe nümayiş etdirmiş, ABŞ-ın İraqa hərbi müdaxiləsi zamanı ölkəsini İraq bataqlığına düşmək təhlükəsindən qorumuş, Şərqdə baş verən qanlı inqilabları Türkiyəyə ixrac etmək cəhdlərinin qarşısını çevik siyasəti ilə ala bilmiş, Suriya ilə sərhəd bölgələrinə ölkəsinin təhlükəsizliyi naminə heç bir beynəlxalq təhdidə və təzyiqə baxmayaraq ordu yeridərək antiterror əməliyyatları keçirmiş, ordusunu həmin ərazilərə yerləşdirmiş, bölgənin siyasi xəritəsini dəyişdirmək istəyənlərə imkan verməmiş, inqilablar baş vermiş ərəb dövlətlərində rasional düşüncəli qüvvələri müdafiə etməklə regional güc olduğunu sübut etmişdir. Eyni zamanda bu qanlı inqilablar nəticəsində qaçqın və didərgin düşmüş 3 milyona yaxın müsəlmana qucaq açmış, Ermənistanla əlaqələrin qurulmasını tələb edən beynəlxalq güclərə boyun əymədən Azərbaycan torpaqlarının işğaldan azad edilməsini şərt kimi irəli sürmüş, Türkiyənin ərazi bütövlüyünü və təhlükəsizliyini təhdid edən bütün terrorçu birləşmələrə qarşı qətiyyətli mübarizə aparmaqla müstəqil xarici siyasət yürütməyə çalışmışdır.

Ərdoğanın Türkiyənin müstəqilliyi və inkişafı yolunda ən ciddi uğurlarından biri 15 iyul 2016-cı ildə baş verən dövlət çevrilişi cəhdinin qarşısını xalqın ona verdiyi dəstəklə almaq bacarığıdır. Ərdoğan Qərbin ölkə daxilindəki uzantılarını süpürüb xaricə atmaqla onun ordu üzərində nəzarətlərini və ümumilikdə isə Qərbin Türkiyəyə təsir imkanlarını demək olar ki, minimuma endirməyi bacardı. O cümlədən, hakimiyyət eşelonlarında “5-ci kolon”un nümayəndələrini müəyyən edib, (baxmayaraq ki, Ərdoğan əleyhdarları bu addımları atdığı zaman onu “siyasi repressiya”da ittiham etməyə çalışırdılar – müəl.) qanun qarşısına çıxarması Türkiyənin təhlükəsizliyi və müstəqilliyi yolunda atılan ciddi addımlar idi. Zaman göstərdi ki, Ərdoğanın atdığı addımların repressiya olmadığı ortaya çıxdı. Bu arada Atatürkün bir kəlamı yerinə düşür. O deyir: “Özünüzün bəsləyib, boya-başa çatdırdığınız və sizi idarə etmək üçün görəv verdiyiniz şəxslərin kimliyini və fəaliyyətini araşdırmaq işini bir an belə durdurmayın”.

Məhz bu hadisələrdən sonra Türkiyə müstəqil siyasət yürütmək yolunda daha böyük addımlarla irəliləməyə başladı. ABŞ rəsmilərindən biri 15 iyul hadisələri ilə bağlı belə deyib: “Ərdoğanı endirə bilsəydik, müsəlmanlar uduzacaq və biz qazanacağdıq. Lakin planı Ərdoğan və türklər pozdu. İllərlə hazırlıq 4 saata bitdi.” Qərbin Ərdoğanı sevməməsinin əsas səbəblərindən biri də budur. Çünki o, peşəkar, qətiyyətli və uzqgörən siyasəti ilə Türkiyəni xarici rəqiblərindən (düşmənlərindən) qoruya bilib.

2017-ci il referendumu ilə Türkiyənin prezidentli respublikaya çevrilməsi də ölkənin dövlətçilik maraqları baxımından ən doğru addımlardan biri idi. Əleyhdarları Ərdoğanı Türkiyədə avtoritar bir rejim qurmaqda və ömürlük hakimiyyətdə qalmaq istəyində ittiham edirdilər. Lakin Türkiyənin keçmişinə və bu gününə diqqət yetirəndə Ərdoğanın strateji baxımdan nə qədər düzgün seçim etdiyi göz qabağındadır. Etiraf etməliyik ki, parlamentli respublika idarəçilik üsulu, bir neçə dövlət istisna olmaqla, əksər dünya ölkələrində, xüsusilə Türkiyə kimi böyük dövlətlərdə özünü effektli şəkildə doğrultmur. Təcrübə göstərir ki, parlamentli respublika idarəçilik üsulu Azərbaycan kimi kiçik ölkələrdə daha effektli olur.

Yəqin ki, Ərdoğan hakimiyyətinə qədər Türkiyədəki hakimiyyət böhranları çoxlarının yadındadır. Tarixə nəzər salsaq görərik ki, 1991-ci ildən 2002-ci ildə Ərdoğanın hakimiyyət başına gələn dövrə qədər Türkiyədə 7 dəfə hökumət dəyişikliyi baş vermişdir. Bunu demokratiyanın bir proseduru kimi qəbul edirik. Lakin həm də qəbul etməliyik ki, Türkiyədə az qala hər il baş verən hökumət dəyişikliyi ölkənin istər siyasi, istərsə də iqtisadi baxımdan immunitetini zəiflədirdi. Türkiyənin başı demək olar ki, özünün daxili problemlərinə qarışır, nəinki dünyada, hətta regional siyasətdə oyunçuya çevrilməkdə çətinlik çəkirdi. Türkiyənin başını daxili problemlərinə qatmaq, onu daim ətalətdə və nəzarətdə saxlamaq naminə parlamentli respublika modeli Türkiyəni istəməyən xarici qüvvələrin işinə də tam yarayırdı.

Hesab edirəm ki, 15 iyul dövlət çevrilişinin qarşısının alınmasından sonra, Ərdoğanın ən böyük xidmətlərindən biri Türkiyəni güclü prezidentli respublikaya çevirməsidir. Ərdoğan Türkiyənin qarşısına qoyduğu qlobal strateji hədəflərə yalnız güclü prezidentli respublika ilə nail ola biləcəyinin fərqindədir. Qərbin və Avropanın Ərdoğanı sevməməsinin səbəbləridən biri də məhz budur.

Bu yazını yazarkən mənim üçün maraq kəsb edən məsələdən biri də Ərdoğan hakimiyyətinə qədər Türkiyə dövlətinin türk dünyası, xüsusilə Azərbaycanla münasibətlərinin inkişaf tarixi oldu. Bu tarixə diqqət edərkən, mərhum Turqut Özalın bu istiqamətdəki fəaliyyəti diqqətimi daha çox cəlb etdi. Maraqlıdır ki, onun Bakıya ilk səfəri hələ Azərbaycan müstəqilliyini elan etməmişdən öncəyə, 16 mart 1991-ci il tarixinə təsadüf etmişdir. Həmin səfər çərçivəsində Turqut Özal Azərbaycana bağışladığı və türk mütəxəssisləri tərəfindən qurulan ilk müasir telekommunikasiya stansiyasının açılışında iştirak edir, Azərbaycan-Türkiyə arasında münasibətlərin qurulmasında mühüm razılaşmalar əldə edilir. Turqut Özal “Təzəpir” məscidində namaz qılır və bununla da dünyaya Azərbaycanla din qardaşı olduğu mesajını verir. Bu səfərdən sonra da, 1991-ci ilin may ayının 25-də Bakıda Türkiyə Konsulluğu açılır. Turqut Özal fəaliyyəti dönəmində daim Azərbaycana Türkiyənin mənəvi, iqtisadi və siyasi dəstəyini ifadə edir, ölkəmizin güclənməsi və beynəlxalq aləmdə layiq olduğu sanballı mövqe qazanmasına hər cür dəstək verir. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan öz müstəqilliyini bərpa edərkən ilk təbrik də Turqut Özaldan gəlmişdir.

Turqut Özalın Azərbaycana ikinci və son səfəri 14 aprel 1993-cü ildə, AXC hakimiyyəti dönəmində baş tutur. Özalın bu səfərini “Türküstan” səfəri də adlandıranlar var. Çünki 12 günlük səfər bütün türk dövlətlərini əhatə etmiş və bu səfəri Azərbaycanla yekunlaşdırmışdır. Bu səfər çərçivəsində türk dünyasının yaxınlaşması və türk dövlətlər birliyi kimi məsələlər gündəmə gətirilmişdir. Qeyd edim ki, Özal “Türküstan” səfərindən öncə Balkanlara da səfər etmişdir.

Təbii ki, Turqut Özalın Türk dünyasına yönəlik bu fəaliyyətinin də əleyhidarları vardı və bu fəaliyyət açıq-aydın Qərbdə, Rusiyada, İranda və Ermənistanda cox ciddi narahatlıqlar yaratmışdı. Turqut Özal Bakı səfərində “Türkiyə Azərbaycanın yanındadır və türk millətinin səbri tükənməməlidir”, - deyərək Qarabağ müharibəsində Azərbaycana dəstəyini ifadə etmişdir. Onun hakimiyyəti dönəmində Türkiyə-Azərbaycan arasında bir sıra mühüm sənədlər imzalanmışdır. Təəssüflər olsun ki, Turqut Özal Bakı səfərindən bir neçə gün sonra qəflətən vəfat etdi. Verilən məlumata görə, Özalın ölüm xəbərini eşidən o zamankı Azərbaycan prezidenti mərhum Əbülfəz Elçibəyin ilk reaksiyası “evimiz yıxıldı” olub. Təsadüfi deyildir ki, Elçibəy Turqut Özalın ölümünü Türkiyənin və Türk dünyasının birliyi və inkişaf etməsi baxımdan ağır itki kimi dəyərləndirmişdir. Ondan sonrakı dövrdə baş verən siyasi hadisələr fonunda Türkiyənin Azərbaycana münasibəti Elçibəyin Turqut Özalın ölümünə necə dəqiq qiymət verdiyini ortaya qoymuş oldu. Təəssüflər olsun ki, Turqut Özalın qəfil ölümü ona Türkiyə və Türk dünyası ilə bağlı projelərinin həyata keçməsinə imkan vermədi(hərçənd ki, onun qəfil ölümündə bu siyasi faktorların durması da istisna edilmir-müəl.).

Burada haşiyəyə çıxaraq, bir mühüm məqamı da oxucuların diqqətinə çatdırmaq istəyirəm. Türk professoru, şairi, ziyalısı və fikir adamı Nurullah Genc deyir ki, Turqut Özal hakimiyyəti dönəmində ölkəsinə yapon mütəxəssisləri dəvət edərək Türkiyənin niyə geridə qaldığını araşdırmağı sifariş edib. Həmin yapon mütəxəssislər bununla bağlı geniş araşdırmalar aparmış, bunun nəticəsi olaraq hesabat hazırlamış və həmin hesabatı türk bürokratlarına təqdim etmişlər. Yapon mütəxəssislərin həmin hesabatının son cümləsi belə olmuşdur: “Dünya millətləri içərisində tarixi ən zəngin olanların başında siz gəlirsiniz. Amma tarixini övladlarına ən az təbliğ edənlərin də başında siz gəlirsiniz. Başarılı olamazsınız!”

Məncə, mərhum Turqut Özalın qısa prezidentliyi dönəmində Türkiyənin və Türk dünyasının maraqlarına uyğun siyasəti bu hesabatdan təsirlənmişdir. Bu gün Ərdoğanın siyasətini təqib edərkən, onu Turqut Özalın yarımçıq qalmış projelərinin davamçısı da hesab etmək olar. Hesab edirəm ki, Ərdoğan da Turqut Özal dönəmində yaponların hazırladığı məlum hesabatdan məlumatlı olmamış deyil. Çünki onun istər daxili, istər xarici siyasətındə Türkün böyük və şanlı tarixinə istinad etməsi, Türkiyənin Osmanlı İmperiyasının torunu olduğunu hər məqamda diqqətə çatdırması təsadüfi deyil. Ərdoğan Türkün tarixini təbliğ etməklə, ideoloji və siyasi baxımdan xalqını daha böyük qələbələrə və dastanlar yazmağa hazırlayır. Əslində, böyük Atatürkün də yaponların yuxarıdakı qeyd etdiyim hesabatının yekun nəticəsini tamamlayacaq məşhur bir kəlamı var. Atatürk deyir: “Türk övladı əcdadını tanıdıqca daha böyük nailiyyətlər qazanmaq üçün özündə qüvvət tapacaqdır”. Əslində, Ərdoğan öz hakimiyyəti dönəmində Türkün şanlı tarixinə söykənməklə, əcdadına istinad etməklə, tanımaqla və təbliğ etməklə böyük nailiyyətlərə imza atmış və həm də Atatürkçü olduğunu sübut etmişdir.

Ərdoğanın ən ciddi uğurlarından biri də Türkiyənin hərbi qüdrətinin gücləndirilməsi, hərbi ehtiyacların xaricdən asılılığının minimuma endirilməsi istiqamətində gördüyü işlərdir. Nəzərə alsaq ki, Ərdoğan hakimiyyətinə qədər Türkiyə hərbi ehtiyaclarının yalnız 20 faizini özü ödəyə bilirdi, 80 faizi xaricdən idxal edilirdi. Yəni məntiqlə Türkiyə ordusunun hərbi təchizatının 80 faiz xarici dövlətlərdən asılı vəziyyətdə idi. Ərdoğan hakimiyyəti dönəmində isə, Türkiyə ordusunun təchizatının 80 faizdən çoxu yerli istehsalın, yalnız 20 faizi xarici dövlətlərin hesabına təmin edilir. Hesab edirəm ki, Türkiyə hərbi sənayesinin indiki inkişaf dinamikası tezliklə özünün ehtiyaclarını 100 faiz ödəməyə gətirib çıxaracaq və qardaş ölkənin xaricdən asılılığı minimuma enəcək.

Ərdoğanın Türkiyə qarşısında misilsiz xidmətlərindən biri də heç bir manelərə, təzyiqlərə baxmayaraq, Aralıq və Qara dənizdə enerji resurslarının tapılması istiqamətində apardığı uğurlu kəşfiyyat işləridir. Xatırladım ki, Türkiyənin xaricdən təbii qaz asılılığı 99 faizdir. Lakin ölkə Qara dənizdə kəşf edilən təkcə bir qaz yatağından 20 illik daxili ehtiyatlarını ödəyə biləcək. Aparılan neft kəşfiyatlarının nəticəsi olaraq Türkiyə dəyəri milyardlarla barel yataqlar da kəşf edib. Kəşfiyyat nəticələri onu göstərir ki, Türkiyə yaxın gələcəkdə həm də enerji resursları ixracatçısına çevriləcək. Ərdoğan bu nailiyyətlərə məhz müstəqil Türkiyə dövlətinin gücü ilə nail ola bilir. Əks halda, Türkiyə bu naliyyətlərə nail ola bilməzdi. Bu baxımdan Türkiyə xalqı əldə etdiyi misilsiz sərvətlərə görə, “mütləq müstəqil Türkiyə”nin memarı Ərdoğana borcludur.

Türkiyə artıq özünün milli və yerli texnologiyaları hesabına hazırlanmış pilotsuz döyüş təyyarəsi “Bayraktar”ı (“Bayraktar” 44 günlük ikinci Qarabağ müharibəsinin qələbə ilə başa çatmasında müstəsna rol oynamışdır –müəl), “Kızılelma”sı, dünyada ilk dəfə olaraq pilotsuz gəmisi, eyni zamanda Türkiyənin ən böyük hərbi gəmisi “TCG-Anadolu”nu, dünyanın ən yaxşı tankı kimi tanınan “Leopard”-la müqayisə olunan “Yeni Altay” tankını istifadəyə vermişdir. Bu gün Türkiyə hərbi sənayesi elə bir səviyyəyə çatmışdır ki, nəinki özünün daxili tələbatlarını ödəyir, artıq dünyada silah ixracatçısı olan ölkəyə çevrilməkdədir. Türkiyə eyni zamanda bölgədəki hərbi donanması ilə də dünyanın diqqətini çəkməkdədir. Təsadüfi deyil ki, 2021-ci ildə İsrailin Hayfa Universitetinin Siyasi və Strateji Araşdırmalar mərkəzi Türkiyə donanmasının Şərqi Aralıq dənizində ən güclü donanma olduğunu, Türkiyə donanmasının son 20 ildə üzünü və gücünü əhəməyyətli şəkildə dəyişdirdiyi və bu gücün Türkiyə dəniz qüvvələrinin Qara dəniz və Şərqi Aralıq dənizində Türkiyəyə bənzərsiz bir hücum qabiliyyəti verdiyini vurğulayıb. Əlbəttə, bu faktorlar Türkiyəyə haqsız olaraq F-35-ləri satmaq istəməyənləri ciddi narahat etməkdədir. Lakin məni narahat edən Türkiyənin bu uğurlarına içdən sevinməyənlər, bu uğurlara ağız büzmələrdir.

Özünə qayıt, ey Türk övladı! Bu düşüncə sənə xaricdən sırınan aşağılıq və bacarıqsızlıq kompleksidir. Uzun illər səni tarixindən, kökündən və əcdadından qoparmaq istəyənlərin təbliğatının nəticəsidir. Tarixdən bir epizodu sizlərə xatırlatmağı özümə borc bilirəm: 1453-cü ildə Fateh Sultan Mehmetin başçılığı ilə İstanbulun fəthi zamanı istifadə edilən Edirnədə hazırlanmış 600 kiloqramlıq toplardan istifadə edilmişdir. Bu top istifadə yerinə 400 kişi və 100-ə yaxın öküzün köməkliyi ilə daşınmışdır. Bu tarixdən yalnız 25 il sonra bu gün Türkiyənin uğurlarına mane olmağa çalışan Fransada yalnız 250 kiloqramlıq top istehsal edə bilmişdilər. Tədqiqatçıların rəylərinə görə, 1453-cü ildə türklər 600 kiloqramlıq topu istehsal edə bilməsəydi, Avropa yalnız 200 ildən sonra top istehsal etməyə nail ola bilərdi. Yəni, bu gün hərbi sənayedə inkişaf etmiş nəinki Fransa, bütövlükdə Avropa buna görə türklərə borcludurlar. Təsadüfi deyil ki, bu gün də Türkiyəyə qənim kəsilməyə cəhd edən Fransa prezidenti Emmanuel Makron deyir: “Ərdoğan hakimiyyəti 10 il daha davam edərsə Avropa Türkiyənin çox gerisində qalacaq. Türklərin hədəfi böyükdür, ayıq olmağımız gərəkdir”. Almaniyanın keçmiş kansleri Angela Merkel isə deyirdi ki, “Türkiyənin böyüməsinə əngəl ola bilmirik. İlk öncə böyük İstanbul hava limanı, yerli avtomobil və s. Bu gedişatı durdurmağımız gərəkdir”.

Sənin tarixin budur, ey Türk övladı! Səni sevməyənlərin təsiri altına düşməyin. Ərdoğan Türkün 570 il bundan qabaqkı hərbi qüdrətini və uğurlarını özünə qaytarır. Bu günkü Türkiyəni və Ərdoğanı sevməyənlərin narahatçılığı da budur.

Acı təəssüf hissi ilə qeyd etməliyik ki, bu gün dünyada mütləq ədalət yoxdur. Ən azı biz bunu adıçəkilən siyasi dairələrin Türkiyəyə və Azərbaycana münasibətində dəfələrlə görmüşük və bu gün də onun şahidi olmaqdayıq.  Əgər belə olmasaydı, Türkiyənin Avropa Birliyinə daxil edilməsi üçün onu 50 ildir qapı arxasında gözlətməzdilər, 30 il Azərbaycan torpaqlarının işğal altında saxlayan Ermənistana “gözün üstə qaşın var” deyərdilər. Əksinə, 30 ilə yaxın aparılan danışıqlar yalnız və yalnız Qarabağın işğalının passiv legitimləşdirilməsinə xidmət etmişdir. Lakin qardaş Türkiyənin və Ərdoğan hakimiyyətinin Azərbaycana verdiyi siyasi, hərbi və mənəvi dəstəklə 44 gün ərzində işğal altında olan torpaqlarımızın 90 faizini geri ala bildik. Bəli, bu bir həqiqətdir ki, güclü olmayacaqsansa səninlə heç kim hesablaşmayacaq və haqqını tələb etmək müşkül bir məsələyə çevriləcək.

Ərdoğanın daha qətiyyətli və strateq siyasətçi olduğunu Rusiya-Ukrayna müharibəsində də izləməkdəyik. O, heç bir təzyiqlərə boyun əymədən Rusiya-Ukrayna müharibəsində Qərbin yanında yer almadı, Türkiyənin maraqları baxımından incə bir siyasət yürüdərək bu müharibədə Ukraynanın haqlı davasını müdafiə etməklə bərabər, dövləti üçün həyati əhəmiyyət daşıyan Türkiyə-Rusiya münasibətlərini də qoruyub saxlamağı bacardı. Eyni zamanda, tutduğu ədalətli və obyektiv mövqeyi ilə Ukrayna müharibəsindən dolayı dünyada taxıl və ərzaq qıtlığının aradan qalxmasında əvəzsiz rol aldı. Bu xidmətlərinə görə, hətta onun Nobel sülh mükafatına namizədliyinin verilməsi təşəbbüsü ilə çıxış edənlər də var.

Sözsüz ki, Ərdoğanın Türkiyə qarşısında xidmətlərini bir yazıya yerləşdirmək müşkül məsələdir. O, Türkiyənin son yüz ilində ən uzunömürlü, həmçinin Türkiyənin dövlət maraqlarını qətiyyətli şəkildə müdafiə edən, hakimiyyətdə olduğu müddətdə Türkiyənin dövlətçilik maraqları baxımdan ciddi uğurlar əldə edən bir liderdir. Məhz onun Türkiyə qarşısında xidmətlərinin nəticəsidir ki, bu gün bir çox regional və qlobal layihələrin həyata keçməsi üçün Türkiyənin sözünə və imzasına böyük ehtiyac duyulur.

28 May tarixində Türkiyədə Prezident seçkilərinin 2-ci turu keçiriləcək. Ötən əsrin bu tarixində Şərqdə müsəlman dünyasında ilk dəfə Azərbaycanda demokratik cümhuriyyət qurulmuşdur. Bu baxımdan, 28 may Türk və müsəlman dünyası üçün düşərli bir gündür. İnanıram ki, Türkiyə vətəndaşları 28 mayda, 15 iyulda olduğu kimi, Türkiyənin müstəqilliyi və demokratiya yolunda yeni bir dastan yazacaqdır. Bu dastan təkcə Türkiyə üçün deyil, o cümlədən Türk və müsəlman dünyasının gələcəyi üçün çox böyük əhəmiyyətə malikdir. Bu həqiqəti dərk edən milyonlarla müsəlman Ərdoğanın hakimiyyətdə qalması üçün dualar edirlər. Çünki Ərdoğan hakimiyyətdə olduğu dönəmdə ən yüksək tribunalardan bütün dünya müsəlmanlarının havadarı və hamiçisi kimi çıxış etmişdir və bu gün də bu siyasətini davam etdirməkdədir.

Əminəm ki, yüz illərlə Orta doğudan Balkanlara qədər dünyanı idarə edən bir xalq özünə inanaraq, düşmənlərinin ona sırımaq istədiyi aşağılıq komleksini rədd edəcək, hüquq çərçivəsində müstəqil Türkiyənin yanında yer alacaqdır. Türkiyə vətəndaşları Osmanlıdan bu günə kimi Türkiyədəki bütün dövlət çevrilişlərinin Qərb tərəfindən dəstəkləndiyini, bu gün də Türkiyəyə qarşı döyüşən terror örgüntlərinin həmin siyasi güclər tərəfindən açıq şəkildə dəstəkləndiyini unutmamalıdır.

Bu gün Qərb dairələri Türkiyədəki seçkilərlə bağlı mövqelərini açıq şəkildə bəyan etməkdən çəkinmirlər. Onlar Türkiyədə əməkdaşlıq etdiyi siyasi qüvvələrlə birləşib Ərdoğan hakimiyyətini bitirməkdə israrlı görünürlər. Türkiyə vətəndaşı bilməlidir ki, əgər həmin siyasi dairələrin niyyəti baş tutarsa hakimiyyətə gələcək qüvvələr Türkiyəni asanlıqla həmin siyasi dairələrə təslim edəcəklər. Bununla da Türkiyə 20 il öncəki vəziyyətinə qayıdaraq ordusu və təhlükəsizliyi Qərbin tam nəzarətinə qayıdacaq və qardaş ölkə mütləq müstəqilliyini itirmiş olacaqdır.

Müstəqil Türkiyə, güvənlik, zənginlik, böyük dövlət deməkdir. Türkiyənin və Türk dünyasının gələcəyi müstəqil Türkiyədən asılıdır. Yalnız müstəqil Türkiyə ilə daha böyük dastanlar yazmaq mümkündür. İnanıram ki, Türkiyə seçiciləri daha qlobal düşünərək indiki məsuliyyətli və dünyanın yenidən şəkillənməsi mərhələsində, Türkiyənin dünyadakı mövqelərinin daha da möhkənlənməsi, Türk və İslam dünyası naminə başladılan böyük projelərin uğurla tamamlanması, Türkiyəni geridönməz inkişaf və tərəqqi yoluna çıxarılması və daha böyük uğurlara nail olunması üçün, çağdaş Türkiyənin memarı Rəcəb Tayyib Ərdoğana 28 Mayda növbəti şansı da tanıyacaq. Bu, təkcə Türkiyənin deyil, bütün İslam dünyasının qələbəsi olacaqdır. Bu gün milyonlarla İslam ümməti də bunun üçün dualar edir.

P.S. Yazını R.T.Ərdoğanın Türk şairi Sezai Karakoçun sevərək mitinqlərində söylədiyi “Ey Sevgili” şerindən bir misra ilə bitirmək istəyirəm: “NƏ YAPSALAR BOŞ-GÖYLƏRDƏN GƏLƏN BİR QƏRAR VARDIR!”

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR