Nazirlikdən tələm-tələsik və “zərbədən yayınmaq” qərarı - BUNUN BAŞQA ADI YOXDUR...

2022-06-16 11:33:00

Nazirlikdən tələm-tələsik və “zərbədən yayınmaq” qərarı - BUNUN BAŞQA ADI YOXDUR...

Son illərdə bəzi mərkəzi icra hakimiyyəti orqanlarının seçkili orqan olan bələdiyyələri “tanımaması” və bələdiyyələrin qəbul etdiyi hər hansı sənədi qəbul etməməsi adi hal alıb. Xüsusən də, Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) bütün hallarda bələdiyyələrə qarşı ədalətsiz mövqe sərgiləməsi, istər-istəməz, hər kəsdə narahatlıq doğurur.

Təəssüf ki, bu günlərdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ƏMDX-də apardığı əməliyyatlarda saxlanılan şəxslər arasında bələdiyyə sədrlərinin olmasını da məhz bu qurum əməkdaşlarının “fəaliyyəti” hesab etmək olar. Ancaq Ədliyyə Nazirliyi, Dövlət Vergi Xidməti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) bu və ya digər formada bələdiyyələrin fəaliyyətinə müəyyən mənada dəstək verdiyinin də şahidiyik.

Ötən illərdə ardıcıl olaraq ETSN tərəfindən bələdiyyələrə haqlı-haqsız cərimə kəsilməsiylə bağlı müraciətimizə nazirlik rəsmilərinin operativ şəkildə reaksiya verməsi və nazirliyin regional strukturlarında bələdiyyə sədrlərinin iştirakıyla görüşlərin təşkili yaranmış narazılığın qarşısını müəyyən mənada almış oldu. Ancaq təəssüf edirəm ki, M.Ə.Rəsulzadə və Masazır qəsəbə bələdiyyələrinə qarşı kəsilmiş cərimənin ləğvi məhkəmə instansiyalarınadək uzanmış oldu. Yalnız məhkəmə hakimlərinin bələdiyyələrin xeyrinə qəbul etdikləri qərarlarla bir növ ədaləti bərpa etmiş oldular.

Bu günlərdə ETSN-in məlum “parkinq” məsələsində Nəsimi bələdiyyəsinin rəhbərlərinə qarşı 5000 manat cərimə kəsməsi tək Nəsimi bələdiyyəsinin kollektivində deyil, digər bələdiyyələrdə də narahatlıqla yanaşı çoxsaylı suallar yaradıb. Deməliyəm ki, Nəsimi bələdiyyəsi bu günədək müəyyən mənada qənaətbəxş olmayan fəaliyyəti səbəbindən Xocasən, Biləcəri və Əhmədli bələdiyyələri kimi daim tənqid hədəfimizdə olub. İki il ərzində məhkəmə çəkişmələrində “uduzmaları”, son seçkidən ötən müddət ərzində 4 vergi xidmətinin rəhbərinin dəyişdirilməsi, ilk vaxtlarda kollektivdə sağlam mühitin tam formalaşdırılmaması ilə gündəmdə olması barədə bir sıra yazı və təhlillərimizdə dəfələrlə qeyd etmişik.

Bu gün o fikirdəyik ki, istənilən halda bələdiyyə sədri səbrli, savadlı və ötkəm olmasıyla yanaşı, həm də kollektivi öz ətrafında birləşdirməyi bacarmalıdır. Əgər bir hüquqşünasın laqeydliyi ucbatından sədrə cərimə kəsilirsə, vergi müfəttişinin və ya vergi xidməti rəhbərinin məsuliyyətsizliyi ucbatından vergi yığımı azalırsa, deməli, kollektivdə sağlam mühit hələ tam formalaşdırılmayıb. Bu hala isə paytaxtın bir çox bələdiyyələrində rast gəlmək olar. Nəsimi bələdiyyəsində isə son aylarda müsbət mənada hiss olunan irəliləyişlər fonunda “parkinq” məsələsiylə bağlı bələdiyyəyə qarşı cərimə kəsilməsi ən azı haqsızlıqdır və yerli öznüidarəetmə orqanının fəaliyyətinə kölgə salmaqdır.

Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi ilə bağlı Nəsimi bələdiyyəsinin rəhbərliyinin ETSN-in 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən cərimələnməsi ilə bağlı məlumatı Nəsimi bələdiyyəsinin kollektivi kimi bizim də mətbuatdan öyrənməyimiz əslində hər kəsdə, o cümlədən bizdə də təəssüf hissi doğurur.

Sual olunur: Hansı səbəbdən ölkə başçısının prosesə müdaxilə etdiyi gün bu cərimə kəsilməliydi? Yaxud Prezidentin müdaxiləsindən əvvəl məgər bu qərarı qəbul etmk olmazdımı? Ya Nəsimi bələdiyyəsinə vaxtında müraciət edib vəziyyətə aydınlıq gətirmək olmazdımı? Olardı, niyə də olmasın?! Amma təəssüf ki, olmadı və nazirliyin müvafiq qurumu dərhal cərimə kəsməklə öz işini bir növ sığortalamış oldu.

Təəccüblü məqam ondadır ki, ölkə başçısının müdaxiləsindən sonra bütün tərəflər baş vermiş hadisədən yaxalarını kənara çəkməklə və bələdiyyəni “qurbanlıq qoyun” kimi qabağa verməklə sanki özlərini təmizə çıxarmış kimi göründülər. Əslində isə, bu orqanlar daim tənqid hədəfimdə olan bələdiyyənin reytinqini artırmış oldular. Çünki 7-dən 77-ə kimi hər kəs bilir ki, şəhərin “göbəyində” olan bir ərazidə bələdiyyə de-fakto və de-yure elə bir addımı ata bilməz. ETSN-in məsələni tam araşdırmamış verdiyi qərar isə tələm-tələsik və “zərbədən yayınmaq” kimi qəbul edilə biər.

İlkin araşdırmamıza əsaslanaraq belə qərara gəlmək olar ki, Nəsimi bələdiyyəsi tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanındakı ağacların götürülməsi zamanı hər hansı hüquq pozuntusu törədilməyib, ümumiyyətlə, bələdiyyə həmin ağacları kəsməyib və digər qanunsuz hərəkətlərə yol verməyib. Nəsimi bələdiyyəsinin bununla bağlı atdığı bütün addımlar, fikrimizcə, yalnız qanunvericiliyin tələblərinə söykənib və xüsusən də Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”na əsaslanaraq icra edilib.

Beləliklə, Kinematoqrafçılar İttifaqının sədri, SSRİ və Azərbaycan Dövlət Mükafatları laureatı, Xalq artisti, professor Şəfiqə Məmmədova 23.02.2022-ci il tarixli məktubla Nəsimi bələdiyyəsinə müraciət edərək, ittifaqın fəaliyyət göstərdiyi binanın qarşısında qurumuş və qəzalı vəziyyətə düşmüş ağacın binanın ümumi görünüşünü və prospektin mənzərəsini korladığını və həmin qurumuş ağacın kəsilib götürülməsinə köməklik göstərilməsini bələdiyyədən xahiş edib.

Nəsimi bələdiyyəsi də öz növbəsində 01-209/02-288 saylı 24.02.2022-ci il tarixli məktubla ETSN-in Dövlət Ekoloji Ekspertiza Agentliyinin idarə heyətinin sədri Mirsalam Qənbərova müraciət edərək həmin ağaclar barəsində ekspertiza rəyinin verilməsini xahiş edib. Agentlik tərəfindən məktuba baxıldıqdan sonra Kinematoqrafçılar İttifaqının inzibati binasının qarşısında, avtomobil yolunun kənarındakı 1 ədəd safora (d232sm) ağacının yarıquru və gövdəsi çürüyərək qəzalı vəziyyətdə olduğu üçün, yerində yeni tingin dərhal əkilməsi şərti ilə kökləri torpaqdan çıxarılaraq götürülməsinə dair 03.03.2022-ci il tarixdə ER-22/220 saylı rəy verilib.

Bundan sonra Nəsimi bələdiyyəsi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə və 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə “Yaşıllıqların götürülməsi barədə” müraciət ünvanlanıb. Nəhayət, Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin və 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsininin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında bir ədəd ağac götürülüb və yerində yeni ağac tingi əkilibr. Həmin ərazidə Kinematoqrafçılar İttifaqının sədrinin ərizəsi ilə yalnız bir ağac götürülüb və yerində də yeni ağac əkilib, bununla bağlı fotolar da çəkilib.

Bu prosesdə Nəsimi bələdiyyəsi əsas iştirakçı və icraçı deyil, yalnız müşahidəçi olub. Əldə etdiyimiz məlumata görə, sonradan həmin ərazidə digər ağacların kəsilməsi və yerində dayanacaq salınması ilə əlaqədar görülmüş işlərdə bələdiyyənin hər hansı iştirakı və məlumatı olmayıb.

Görünən odur ki, bir qurum ağacı kəsib və yerində yeni ting əkib, digər qurum yeni əkilən ağacı çıxarmaqla səkini parkinq üçün hazırlayıb, başqa bir qurum düzəlmiş əraziyə aslfalt salıb, bir qurum isə zolaqları çəkib, ancaq cəriməni bələdiyyəyə yazıblar. Maraqldır, deyilmi?

Son aylarda bələdiyyə rəhbərliyinin fəaliyyətindəki irəliləyişlərə əsaslanaraq deyə bilərik ki, bu dəfə Nəsimi bələdiyyəsi özü məsələyə ədalətli hüquqi qiymət verilməsi üçün məhkəməyə müraciət edərək tapdanmış hüquqlarını müdafiə edəcək.Dia.az

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya