Saat:06:17
Haqqımızda

Nazirlik müəllimlərin sualını cavabsız qoyub...

2021-07-27 11:07:00

Nazirlik müəllimlərin sualını cavabsız qoyub...

Təhsil nazirinə ünvanlanan suallara cavab vermək nə üçün bu qədər “çətin” olub?

Elmi dərəcəsi və müxtəlif fəxri adları olan pedaqoji kadrların əmək haqqı nə üçün daimi çalışanlardan az hesablanır?

Filologiya elmləri doktoru Sərdar Zeynal iki həftə əvvəl Təhsil naziri Emin Əmrullayevə  “Hürriyyət” qəzeti vasitəsilə iki açıq məktub ünvanlamışdı. Müəllif məktubunda Təhsil Nazirliyini yaş senzi ilə işləyən müəllimləri məktəblərdən uzaqlaşdırmaqda ittiham etmişdi. Filologiya elmləri doktoru qeyd etmişdi ki, elmi dərəcəsi və müxtəlif fəxri adları olan pedaqoji kadrların tədris ilinin yekunu konkretləşdirilməmiş onların növbəti məzuniyyətə məcburən göndərilməsi qanunsuzdur. Üstəlik, onu da sual etmişdi ki, daimi çalışan müəllimlərlə onlar arasında cəmi 20 iş gün fərq olsa da, nə üçün birincilərə 56, ikincilərə isə 42 gün məzuniyyət hesablanır?

Qeyd edək ki, indiyədək bu suallara Təhsil Nazirliyindən cavab ala bilmədiyimizdən, redaksiyamıza olunan çoxsaylı müraciətləri nəzərə alıb, Sərdar Zeynalın müəllifi olduğu həmin yazını – Təhsil nazirinə ikinci açıq məktubu olduğu kimi yenidən dərc edirik:

“Hörmətli nazir!

Mən 65 yaşı tamam olandan sonra Dövlət başçısının imzaladığı sərəncamla məktəbdə qalıb çalışan elmi dərəcəsi və müxtəlif fəxri adları olan pedaqoji kadrların tədris ilinin yekunu konkretləşdirilməmiş onların növbəti məzuniyyətə məcburən göndərilməsinin təhsildə yaratdığı çətinliklər barədə Sizə müraciət etmişdim.

Bu müraciətlə bağlı Sizdən cavab almadım. Mən həmin məktubda Təhsil Nazirliyinin bu yersiz və təhsilin inkişafına maneçilik törədən  qərarın anormal olduğunu qeyd etmişdim.

Ancaq bu qərarın həmin qrupdan olan müəllimlərin bezdirilib pedaqoji işlərdən uzaqlaşdırılmağa hesablandığı haqda heç nə qeyd etməmişdim.

Məzuniyyət pulumu alandan sonra nazirliyin həmin statusla çalışan müəllimlərin nə üçün tədris ili bitməmiş məzuniyyətə məcburi göndərilməsində qarşısına qoyduğu əsas məqsəd mənə aydın oldu.

Hörmətli nazir!

Mən və eyni zamanda bu statusla məktəblərdə çalışan müəllimlər  keçən il iyulun 1-də məzuniyyətə buraxılmışıq . Digər müəllimlər avqustun 26-dan ( yəni məzuniyyət bitdikdən sonra ) işə başlamış, biz isə işdən azad edilib, yenidən, yəni 15 sentyabrdan işə qəbul olunmuşuq.

Daimi çalışan müəllimlərlə bizim işdə çalışmamız arasında cəmi 20 iş günü fərq olub.

Əgər belədirsə, onda nə üçün bizə məzuniyyət 42 gün, yaş senzi tətbiq edilməyən müəllimlərə isə 56 gün məzuniyyət hesablanır?!!

Öz ömürlərini gənc nəslin savadlanıb dünyagörüşlərinin inkişafında qurban vermiş, gələcək kadrların yetişməsində danılmaz zəhmətləri olan bu cür kadrların, əsəbləri ilə oynayıb onları aşağılamaqda Təhsil Nazirliyi hansı məqsədi güdür?!

Həmin müəllimləri bezdirib məktəblərdən uzaqlaşdırlmağımı?!!

Bütün bunların hamısı, mənə elə gəlir ki, dövlətimizin və dövlət başçımızın pedaqoji işçilərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı imzaladığı neçə-neçə hümanist qərar və fərmanların əleyhinə yönəldilmiş və biz bütün bunları  təhsil nazirliyinin qərar və fərmanların əleyhinə imzalanmış qərarlar kimi qəbul edirik.

Təhsil Nazirliyinin dövlət qərarlarının əleyhinə olan bu qərarları bizi yolumuzdan çaşdırmayacaq. Bizim Vətənə, dövlətə, prezidentə olan sədaqətimizdə cuzi də olsa dəyişiklik yarada bilməyəcəkdir .

65 yaşdan yuxarı pedaqoji işdə çalışan müəllimləri məktəb işi yekunlaşmamış iyunun 15-də qanunsuz və yersiz olaraq məzuniyyətə göndərib onları 42 gün məzuniyyətə buraxmaqda Təhsil Nazirliyinin əsas məqsədi nədir ?!!

Həmin müəllimlərə çatacaq olan əmək haqqından daha çox kəsib onların həyat şəraitini bir az da çətinləşdirməkmi ?!

Ardıcıl olaraq xalqın maddi rifahını yaxşılaşdırmaq üçün prezidentimizin imzaladığı fərmanlardan bu nazirliyin xəbəri yoxdurmu?!!

Dövlətin və dövlətçiliyin, Vətənə sevgi və məhəbbətin prezidentin fərman və qərarlarının daimi təbliğatçıları olan bu qrup müəllimlərə Təhsil Nazirliyinin bu əks davranışı nədən qaynaqlanır və hansı məqsədi güdür?!”

Hazırladı: KƏNAN

Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq.

   

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR