Nazirlə nazir arasında bir “generallıq” fərq: Rəşad İsmayılov özünü Vilayət Eyvazovla müqayisə edir

2021-12-18 23:59:00

Nazirlə nazir arasında bir “generallıq” fərq: Rəşad İsmayılov özünü Vilayət Eyvazovla müqayisə edir

Yazılarımız, qaldırdığımız məsələlər Naxçıvan Muxtar Respublikasında ciddi əks-səda doğurur.
 
Naxçıvan Muxtar Respublika hakimiyyəti işıqlandırdığımız məsələləri ciddi şəkildə araşdırmağa başlayıb.
 
İddialara inansaq, xalq artisti Həsən Ağasoyun mənəvi terrora uğraması ilə əlaqədar Naxçıvan Ali Məclisi sədrinin I müavini Azər Zeynalovun, MR Mədəniyyət naziri Natəvan Qədimovanın, Naxçıvan TV-nin sədri Sahil Tahirlinin və Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru Rza Xudiyevin başları ağrıya bilər. Belə ki, Muxtar Respublika rəhbərliyi barəsində barbar imici yaratmağa hesablanmış məlum hadisələrin (Həsən Ağasoyun işdən çıxarılması, bəzi tamaşalardan səsinin və rolunun qayçılanması) ictimailəşməsi Ali Məclis sədrinin bərk qəzəbinə səbəb olub və o, Azər Zeynalovu yanına çağıraraq o ki var danlayıb. Maraqlıdır ki, Ali Məclis Sədrinin I müavini vəzifəsini icra edən və Muxtar Respublikanın “boz kardinalı” kimi tanınan Azər müəllimin öz rəhbərinə “Vallah, mən Həsən Ağasoy adlı birini tanımıram, hətta qabağıma çıxsa, kim olduğunu bilmərəm. Onunla nə qəsdi-qərəzçiliyim ola bilər ki” dediyi bildirilir. Halbuki, Muxtar Respublikanın mədəniyyət sahəsi Azər Zeynalovun kurasiyasındadır və onun xalq artistini tanımamasının özü böyük qəbahətdir. Daha maraqlısı isə odur ki, cənab sədr də bu qəbahətini onun üzünə vurmayıb. Görünür, Vasif müəllim də “boz kardinal”ının xalq artistini tanımamasında heç bir qəbahət görməyib. 


 
Bununla belə, informasiya mənbəyimiz Azər Zeynalovun və yuxarıda adı çəkilən məmurları sərt cəzalandırılmaq ərəfəsində olduğu qənaətindədir. Artıq Muxtar Respublikada bütün tapşırıqlar onlara yox, müavinlərinə tapşırılır ki, Naxçıvanda bu kimi jestlər birincilərin vurulacağına işarə kimi qiymətləndirilir. Ən ciddi cəza isə Naxçıvan TV-nin sədri Sahil Tahirlini gözləyir. Çünki məhz onun göstərişi ilə Həsən Ağasoyun səsinin və rollarının mantaj olunduğuna dair iddialar var. Mənbələrimiz Naxçıvan rəhbərliyinin bu yolla bəzi kadrları qurban verərək özünü sudan quru çıxarmağa çalışacağına inanır.
 
Bənzər təmizləmə əməliyyatı Naxçıvan MR DİN-də də  gözlənilir. İddialara görə, müxtəlif basqılarla işdən uzaqlaşdırılan polislər dünən DİN-nə çağırılaraq onlardan izahat alınıb. Zərərçəkənlər nazir Fazil Ələkbərovun əleyhinə ifadə verməyə və onu əvəz edən polis polkovniki Rəşad İsmayılovla Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov barəsində mədhiyə yazmağa yönləndiriliblər. Hətta bu yönləndirmə o qədər şit olub ki, alınan izahatlar hüquqi sənəddən çox, “xan” mədhiyyəsinə bənzəyib.
 
Naxçıvan MR DİN-dəki mənbələrimizdən Ovqat.com-a sızdırılan məlumatı olduğu kimi dərc edirik:


 
“Naxçıvanda tarix təkrarlanır. Belə ki, 2017-ci ildə sabiq DİN naziri Əhməd Əhmədov vəzifəsindən kənarlaşdırıb, Fazil Ələkbərov onun yerinə gətirilmişdi. Yeni nazirin ilk işi Əhməd Əhmədova sadiq kadrları vəzifələrindən uzaqlaşdırmaq və Əhməd Əhmədovun dövründə işdən atılan polis əməkdaşlarını xidmətə bərpa etmək olmuşdu. Əlbəttə, Fazil Ələkbərov bunu boşuna etmirdi. Əsas məqsəd bərpa olmuş işçilər vasitəsi ilə özünə hörmət qazanmaq və nüfuzunu möhkəmləndirmək idi. 
 
Uzun sözün qısası, vaxtilə başqasına tikdiyi torba indi deyəsən Fazil Ələkbərovun öz başına keçirilir. Onun ayağının altını qazmaq məqsədi ilə hələ “gedər-gəlməz” məzuniyyətinə göndərilməmişdən əvvəl Naxçıvan DİN-ə Rəşad İsmayılov adlı şəxs nazir müavini vəzifəsinə təyin olundu. Rəşad İsmayılov isə Naxçıvan Ali Məclisinin Hüquq şöbəsinin müdiri Cəlil Rüstəmov (Muxtar Respublikada bu adama “Gestapo Cəlil” də deyirlər) ilə kirvə olduğu üçün ora təyin olundu. Halbuki, Rəşad İsmayılovun idarəetmə qabiliyyəti 0-dan da aşağıdır. Rəşad İsmayılov hələ müavin olduğu ilk gündən Fazil Ələkbərovun kadrlarını dənləməyə başladı. İndi isə başqa yola əl atıb. Gəlin, görək bu yol nədir?
 
Məlum olduğu kimi, Naxçıvanda qürurları aşağılanaraq işdən uzaqlaşdırılan Polis Akademiyası məzunları Azərbaycan Respublikası Daxili İşlər naziri, general-polkovnik cənab Vilayət Eyvazovun göstərişi ilə Azərbaycan DİN-ə çağırılıb yenidən xidmətə bərpa prosesinə başlanmışdı. Naxçıvanda nazirlik eşqinə düşən Rəşad İsmayılov da bu addımdan sonra "mənim Eyvazovdan nəyim əskikdir" prinsipi ilə qollarını çırmalayıb onun yerişini yeriməyə qərar verib. Amma unudub ki, nə geyindiyi ayaqqabı Vilayət Eyvazovun ayaqqabısı “razmer”indədir, nə də yerişi onun yerişinə bənzəyə bilər”.


 
Vilayət Eyvazovu yamsılayaraq gözündəki nazirlik qurdunu öldürməyə çalışan polis polkovniki Rəşad İsmayılov Naxçıvan DİN-nin Kadrlar Şöbsəinin rəisi, polis mayoru Rahinə göstəriş verib ki, zəng edərək 2017-ci ilin avqust ayından yəni Fazil Ələkbırovun dövründə işdən çıxarılan əməkdaşları çağırsın. Qəribədir ki, Naxçıvan DİN-nə çağırılan sabiq əməkdaşlar arasında Polis Akademiyasının məzunları, demək olar ki, yox səviyyəsindədir. Sanki bu hərəkəti ilə Naxçıvan DİN Azərbaycan DİN-ə göz dağı verərək, “sizin Polis Akademiyanız varsa, bizim anadangəlmə polislərimiz var” mesajı göndərib.
 
Naxçıvan DİN-ə gələn sabiq polislərə Rahin müəllim deyib ki, siz işə bərpa olacaqsız, bunun üçünsə ilk olaraq cənab xana, ikinci olaraq da cənab polkovnikə minnətdar olmalısınız. Bu tapşırıqdan sonra Rəşad İsmayllov sabiq anadangəlmə polisləri qəbul edib və onları Ali Məclisə göndərib. Ali Məclisdən polisləri qəbul edib onlardan niyə işdən xaric olmalarıbarədə izahat alıblar. Bunula da “xan”ın havadarları və Rəşad İsmayılov hələ də rəsmi olaraq yerindən tərpədə bilmədikləri Fazil müəllim barəsində material toplamağa çalışırlar. 
 
Əldə etdiyimiz digər məlumat Naxçıvan polislərinin illik müavinəti ilə əlaqədardır. Ötən yazılarımızda da qeyd etmişdik ki, Naxçıvan Daxili İşlər naziri əvəzi Rəşad İsmayllovun göstərişi ilə polislərin müavinətləri kəsilmişdi. Məlumat saytımızda dərc olunandan sonra Naxçıvan DİN-də əməlli-başlı ajiotaj baş verib. Məlumata görə, Rəşad İsmayılov polislərin narazılıqlarının qarşısını almaq üçün bütün rəisləri müşavirəyə çağırıb. 17.12.2021-ci il tarixdə saat 11:00-da keçirilən müşavirədə çıxış edən Rəşad ismayılov rəislərə göstəriş verib ki, polis əməkdaşına çatmalı olan müavinəti kəsilməsin. Hər yeni ildə ödənən müavinətin ən azı 40 faizi polislərə verilsin.


Naxçıvan "Gestapo"su iş başında
 
Qaynağımızın iddialarına görə, Muxtar Respublikada polislər qəsdən hörmətdən salınırlar və bunun əsas təşkilatçıları “Boz kardinal” ləqəbi ilə tanınan Azər Zeynalov, el arasında “Gestapo Cəlil” kimi bilinən Cəlil Rüstəmov və özünü Vilayət Eyvazovla müqayisə edən Rəşad İsmaylovdur. Yeri gəlmişkən, Eyvazovla İsmayılov arasında təkcə rütbələrinin adında belə, bir generallıq fərq var. Vilayət Eyvazov general-polkovnikdirsə, Rəşad İsmayılov sadəcə polkovnikdir.
 
“Naxçıvan polisləri cənab Vilayət Eyvazovun bu məsələləri də nəzarətə götürməsini daha məqsədəmüvafiq sayırlar”, - məlumat qaynağımız belə deyir.
 

 

Mənbə: Ovqat.com


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.106261