Saat:00:46
Haqqımızda

Naxçıvanın rəsmi qəzeti Talıbov dövrünü yıxdı-sürüdü: “Başçı, nazirlər üçün villalar...”

2023-01-19 09:26:00

Naxçıvanın rəsmi qəzeti Talıbov dövrünü yıxdı-sürüdü: “Başçı, nazirlər üçün villalar...”

Naxçıvan Muxtar Respublikasının rəsmi mətbuat orqanı olan “Şərq qapısı” qəzeti Vasif Talıbov idarəçiliyinin yaratdığı problemlərlə bağlı daha bir məqalə dərc edib.

Hurriyyet.az xəbər verir ki, “Sirab aldım süd çıxdı” başlıqlı məqalədə keçmişə ekskurs edilir, illər əvvəl qəzetdə zamanın diktəsi ilə insanları xoşbəxt edən müsbət hadisələrlə yanaşı, “nəyə görə Naxçıvanda südün hələ də Sirab butulkasında satıldığı” qələmə alındığı xatırladılır.

Yazıda deyilir: “Naxçıvanda süd emalı müəssisələrinin yaradılmadığını ozamankı şərtlərdə birbaşa söyləmək “xoşagəlməz” olduğundan, dolayısı ilə bunun günahını boş “Sirab” butulkalarında axtarmışdıq.  O zamanlar bu və bunun kimi digər replikalarımızın əsl mahiyyətini tutan sadə naxçıvanlılar marketlərdən standartlara uyğun qablaşdırılmış yerli istehsal məhsulu olan süd, qaymaq,   kərə yağını tapmayıb, mənşəyi bilinməyən Yeni Zelandiya və İran istehsalı olanları alanda bizimlə bərabər təəssüflənsələr də, tənqidin birbaşa hədəfi olan zırpı məmurlar isə əksinə, kiçik sahibkarlığa şərait yaradıb əsl regional inkişafa çalışmaq əvəzinə kəndlinin acığına onunla sanki “sosializm yarışı”na girmiş kimi özləri yüz hektarlarla torpaq sahəsində taxıl əkir, minlərlə baş mal-qara saxlayıb  bağ-bağat, mülk sahibi olurdular. Puluna minnət!

Halbuki bu gün üstü açılıb yüz milyonlarla ölçülən həmin pullar Azərbaycan hökuməti tərəfindən hər yerdə, hər kəsin yaxşı yaşaması, iqtisadiyyatın şaxələndirilməsi, ixracın təşviq olunması, ən ucqar kənddə mümkün olduğu qədər çox istehsal və xidmət sahəsi təşkil olunması, torpaq mülkiyyətçilərinə üstünə şapka qoyulmadan texnika verilməsi, əhalinin ucqarlardan köçünün qarşısının alınması, yerli xammalla işləyən emal müəssisələrinin yaradılması üçün verilmişdi. 

Bunlar olmadıqca Naxçıvanın onsuz da quraqlıqdan az olan suvarma suyu ehtiyatlarının qolu zorbalara   verilməsi, Şahbuzun, Ordubadın yay  otlaqlarının arandan gələn nazir-fermerlərin qoyun-quzularına  peşkəş edilməsi, bu rayonların dağ kəndlərinin səfalı guşələrində “Kiçik Cin səddi” ilə əhatələnmiş başçı, nazir, keçmiş nazir və  daha kimlərəsə aid villaların ucaldılması, nəticədə şəhərlə kəndin yaxınlaşmasından çox kəndlərin gedərək boşalması, evlərin qıfıllanması, kənd məktəblərində müəllimlərin şagirdlərdən sayca çox, şəhər məktəblərində isə əksinə,  25-30 nəfər  şagirdin bir  sinfə sıxışdırılması qaçınılmaz oldu.  

Nəticədə, öz dözümlülüyü, doğma torpağa, qohuma, dosta bağlılığı və dürüstlüyü ilə seçilən naxçıvanlıların  bir çoxu  ölkəmizin digər yerləri  ilə müqayisədə həyat səviyyəsi fərqlərinin daha da artıq artmasına səbir edə bilməyib  Bakıya, qardaş Türkiyəyə  köç etdilər. Köç  edə bilməyən Pəriş nənə kimi ahıllar isə bu gün də “Sirab” butulkalarındakı yarıturşumuş südü həftəsonu yarmarkasında  günortaya qədər dəyər-dəyməzinə şəhər camaatına  sata bilmək üçün müştəri cağırırlar. Çünki yubansalar adambaşı taksiyə 5 manat ödəyib Şərura getməli olacaqlar. Bilirlər ki, günorta saat 2-dən sonra Şərur-Kəngərli istiqamətində  bir dənə də olsun  avtobus tapılmayacaq”. 

yenisabah.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR