Naxçıvanda tədris başladı: NK-nın qərarı orda keçmir?

2021-09-15 13:41:00

Naxçıvanda tədris başladı: NK-nın qərarı orda keçmir?

Konstitusiyamıza əsasən, Naxçıvan Azərbaycanın tərkibində muxtar dövlətdir və bir çox yerli məsələlərdə birbaşa qərar qəbul etmə səlahiyyətinə malikdir. Yəni ölkəmizin tərəfdar çıxdığı qanunları əsas götürməklə, Naxçıvan MR birbaşa tədrisin təşkili ilə bağlı qərarlar qəbul edə bilər.

Hurriyyet.az xəbər verir ki, bu sözləri açıqlamasında təhsil mütəxəssisi Kamran Əsədov bu gün Naxçıvanda dərslərin başlamasını şərh edərkən deyib.

Mütəxəssis qeyd edib ki, pandemiya dövründə də Naxçıvanda tədris dayanmayıb:

“Azərbaycanda onlayn tədrisə keçid olsa da, Naxçıvanda dərslər əyani formada davam etdi. Ümumilikdə, məhz bunun sayəsində Naxçıvanda qəbul imtahanlarını nəticələri bütün ölkə ilə müqayisədə daha yüksək oldu. Təbii ki, mövcud qaydalar çərçivəsində, Azərbaycanın əsas qanunvericiliyinə zidd olmamaq şərtilə Naxçıvan bu kimi qərarları verə bilər. Burada qanunvericilik aktlarına zidd heç bir şey yoxdur. Naxçıvanda koronavirusa yoluxma halları demək olar ki, statistikada qeyd olunmur. Bu da pandemiya qaydalarına həmin ərazidə riayət olunmasına daha bir sübutdur”.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, bu il koronavirus tədbirləri çərçivəsində ibtidai siniflərdə dərslər 22 sentyabrda, yuxarı siniflərdə isə 29 sentyabrda başlanacaq.

Lakin Naxçıvan MR-da artıq bugündən məktəblər açılıb.