Naxçıvanda hələ də QADAĞALAR QALIB... - Yerli polis köhnə ampluasındadır...

2023-01-09 09:44:00

Naxçıvanda hələ də QADAĞALAR QALIB... - Yerli polis köhnə ampluasındadır...

Bənəniyar hadisələrinin ildönümü ilə bağlı bu kəndin sakinləri, yanvarın 5-də anım tədbiri keçirmək istəyib. Lakin, bundan xəbər tutan Culfa rayon Polis Şöbəsinin əməkdaşları tədbirin qarşısını alıb.

Hurriyyet.az bildirir ki, bu haqda "Gündəlik Naxçıvan"a bir qrup kənd sakini məlumat verib.

Culfa rayon Bənəniyar kənd sakinləri anım tədbirini bu hadisələrin qurbanı Rza Nuriyevin məzarı başında keçirməyi planlaşdırırmışlar. Sakinlər deyir ki, təşkilatçılar öncədən kənd mərkəzinə tədbirlə bağlı elanlar da asıblar. Tədbirə bir gün qalmış polislər həmin elanları qopararaq, təşkilatçılara xəbərdarlıq ediblər.

Kənd sakinləri bildirir ki, yeni təxribatlar baş verməsin deyə, anım tədbirini təxirə salmağa məcbur olublar:

“Rza müəllimin məzarini ziyarət etmək, həm də hadisələri anmaq planlaşdırılmışdı. Kəndə elan da vurulmuşdu. Lakin, bundan xəbər tutan polislər kəndə gələrək, elanı qopardılar və xəbərdarlıq etdilər ki, tədbir keçirliməsin. Bu səbəbdən də Rza müəllimin məzarını ziyarət və anım tədbiri təxirə salındı. Bizim aksiya qısa və dinc xarakterli olacaqdı. Sadəcə, rayonumuzda kifayət qədər hörmətə malik olan Rza Nuriyevin məzarını ziyarət edib, ruhuna dualar oxuyub qayıdacaqdıq".

Hadisələrin qurbanı Rza Nuriyevin ailə üzvləri bu ayın əvvəlində Naxçıvanın yeni daxili işlər naziri Süleyman Neymətovla görüşmüşdü. Onlar, nazirdən 2009-cu ildə baş verən Bənəniyar hadisələrinin obyektiv araşdırılmasını, Rza Nuriyevin ölümündə günahkar olanların cəzalandırılmasını xahiş etmişdilər. Kənd sakinləri deyir ki, Süleyman Neymətovun hadisələrin araşdırılacağına və cinayətkarların cəzalandırılacağına söz verməsi, onları tədbiri keçirməyə cəsarətləndirib:

"Biz 13 ildə ilk dəfə olaraq, açıq anım tədbiri keçirmək istəyirdik. Süleyman müəllimin hadisələrin obyektiv araşdırılacağı ilə bağlı söz verməsi bizi ürəkləndirmişdi. Sevinirdik ki, nəhayət bizim qanımız yerdə qalmayacaq. Lakin, görünən odur ki, onun söz verməsi görüntü xatirinə imiş, heç nə də araşdıran deyillər. Məhz onun polisləri anım tədbirinin qarşısını aldılar. Yalandan qəbullar keçirib, Naxçıvan camaatının könlünü almaq istəyirlər. Bu da müvəqqətidir. Yerlərini möhkəmləndirdikdən sonra, bundan əvvəlkilərdən fərqlınməyəcəklər".

2009-cu il dekabrın 27-də Bənəniyar kənd sakinləri yerli hakimiyyətə etiraz olaraq, kütləvi aksiyalara başlamışdı. Bir neçə gün sonra, yanvarın 5-də silahlı polislər ağır texnikalarla kəndə hücum edərək, yaşlı, uşaq demədən, kənd sakinlərinə işgəncələr vermişdilər. İşgəncələrdə o Naxçıvanın vaxtkı daxili işlər naziri Əhməd Əhmədovun şəxsən iştirak etdiyi bildirilir. İşgəncələr nəticəsində kənd ağsaqqalı Rza Nuriyev vəfat etmişdi. AXCP Naxçıvan təşkilatının o vaxtkı sədri olan Rza Nuriyev, aksiyaların təşkilində və təxribatda günahlandırılırdı.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.141307