Naxçıvanda həkim səhlənkarlığı minlərlə can alır - ŞOK MÜRACİƏT

Nəzakət Nəbiyeva: “Ramin həkim dedi ki, mən polislərə qarşı acıqlıyam, ona görə də onlara baxmıram”
Naxçıvan şəhər sakini Nəbiyeva Nəzakət Nəbi qızı tərəfindən “Hürriyyət” qazetinin redaksiyasına şikayət məktubu göndərilib. Şikayətçi Naxçıvan Muxtar Respublika (MR) Xəstəxanasında kardioloji xəstəxanasında ölüm hallarının tez-tez yaşandığını deyir. Bunu isə onunla əsaslandırır ki, şöbədə heç bir aparat yoxdur:
“Mən, Nəbiyeva Nəzakət Nəbi qızı, sizdən xahiş edirəm ki, bizim problemimizi işıqlandırasınız.
Məlumat verim ki, əmim oğlu Nəbiyev Sultan Həşim oğlu həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişdi. Ölüm ayağında olan xəstəni aparırsan, baxan olmur, həkimlər deyə-gülə öz vaxtlarını keçirdirlər. Hər gün bu səhlənkarlıq ucbatından nə qədər xəstələr ölür, mənim əmim oğlu kimi.
15 gün bundan qabaq əmim oğlu çox narahat olduğu üçün onu xəstəxanaya apardıq. Xəstəxanada kordiologiya şöbəsində növbədə gözlədik, pulsuz olmağına baxmayaraq ödəniş edib xəstəmizi aparata saldırdıq. Dedilər ki, xəstəyə Ramin həkim baxacaq. Dəfələrlə zəng vurub xahiş etsək də, onu xəstənin yanına gətirə bilmədik. “Gəlirəm” dedi, amma gəlib çıxmadı.
2 gün xəstəmizlə bərabər həkimi gözlədik, gəlib çıxmadı. Sonradan nə qədər zəng vurmağa çalışsaq da, zənglərimizə cavab vermədi. Xəstəmiz tibb bacılarının - Səkinə, Çəmən, Hüsniyyə, Xəyalə xanımın yanında rəhmətə getdi.
Naxçıvanda həkim səhlənkarlığı minlərlə belə can alır.
Bir müddət keçdikdən sonra həkimə yenidən zəng vurduq, zəngimizə cavab verən kimi, ona bildirdik ki, xəstə rəhmətə getdi, niyə gəlib ona baxmadınız? Həkim isə cavabında polislərə baxmadığını dedi. Buna səbəb olaraq da bildirdi ki, vaxtilə qardaşı sərxoş halda maşın sürüb, polislər onu tutublar. Həmin vaxtdan polislərə qarşı acıqlı olduğunu bildirib.
Mərhum Sultan Nəbiyev
Mənim əmim oğlu da polis olub. İnanırsınız, bu cümlələri eşidəndə gözümdə yaşım qurudu. Bilmədim ki, bu utanmaz, vicdansız həkimə nə deyim. Polis də olsa, həkim də olsa hər bir peşənin yaxşısı da var, pisi də. Tutaq ki, lap pis polisdir, bu halda həkim onu ölümə tərk etməlidir?! Bəs həkimlərin “Hippokrat andı”?
Vaxtında müdaxilə edilsəydi, mənim əmim oğlu bəlkə də bu gün yaşayırdı. Vəfat etdiyi gün mən yanına girdim, əhval-ruhiyyəsi yerində idi. Hətta çox yemək yedizdirmişdilər. Yeməkdən sonra dayanmadan qaytarırdı. Tibb bacıları həkim kimi nə bilirdilər edirdilər, düzgün olmayan nəsə vurdular ki, deyə-gülə danışan xəstə 2 saat sonra rəhmətə getdi. Tibb bacılarına etiraz edəndə ki, həkimsiz heçnə etməyin, bizə sərt cavab verirdilər. Bir sözlə, mənim əmim oğlu kimi bir çox xəstələrin də belə vicdansız həkimlər tərəfindən öldürülməyinə icazə verməyin. Bu məsələni işıqlandırın, bəlkə Naxçıvanında bir yiyəsi olub, sahib çıxar”.
Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları gedən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya