NAXÇIVAN SAKİNİ ONA 2,8 MİLYON MANAT ZİYAN VURULDUĞUNU İDDİA EDİR – “İcra başçısı deyir ki, gərək bizə göstəriş verilsin...”
Azərbaycan Respublikasinin 17 yaşli ilk qazisi, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış massivi, bina 62, ev 16-da yaşayan Qarabağ müharibəsi əlili, “Pak-İz” MMC-nin təsisçisi Qasımov Vüqar Əliyar oğlu tərəfindən Hürriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Rəsmi qurumlardan şikayət edən V.Qasımovun məktubunu olduğu kimi dərc edirik:
“Mən, Qasımov Vüqar Əliyar oğlu, sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
Bildirim ki, sahibkarlıq fəaliyyətimi genişləndirmək üçün halal qazancımla bir neçə obyekt aldım. Belə ki, əvvəllər olduğu kimi, tikinti materiallarının satışını bir az da genişləndirmək istədim.
2015-ci ildə Naxçıvan Muxtar Respublikası (MR) Standartlaşdırma və Patent İdarəsinin rəisi Malik adlı şəxs sertifikat, əmtəə nişanı, mağaza adı almaq bəhanəsi ilə məndən 150 min manat tələb etdi. Əks təqdirdə, yəni istədiyi məbləğ verilməsə, mənim sahibkarlıq fəaliyyətimin ləğv olunacağını və biznes obyektlərimin söküləcəyini bildirdi.
Odur ki, Naxçıvandakı hər iki evimi, Bakıda yoldaşımın adına olan evi “Atra Bank”a girov qoyub, Malikin tələb etdiyi 150 min manatı götürüb, ona verdim.
Ancaq Malikin verdiyi vəd cəmi 3 ay sürdü. Yəni 3 aydan sonra mənim mağazamın qapı və pəncərələri hörüldü və bildirildi ki, sahibkar kimi içəri girməyə ixtiyarım çatmır.
4 il keçdi. Nəhayət, 2018-ci ildə mənə mağazamın içərisindəki malları götürmək izni verildi. Mən oradakı 400 000 manatlıq maldan cəmi 9 000 manatını çıxara bildim. Qalan mallar artıq xarab olub, satışa yararsız hala düşmüşdü. Beəliklə, mənə külli miqdarda ziyan dəydi.
Həmin dövrdə, yəni Vasif Talıbovun Naxçıvana rəhbərlik etdiyi illərdə biz şikayət edə bilmirdik. Odur ki, 2022-2023-cü ildən mənə qarşı olan haqsızlıqla bağlı şikayət etməyə başladım. Üstəlik, kompensasiya ilə təmin olunmamla bağlı Culfa Rayon İcra Hakimiyyətinə ərizə yazdım. Ərizəmə imtina cavabı gəldi. Mən də İcra Hakimiyyətini Naxçıvan MR-in İnzibati Məhkəməsinə verdim.
Məlumat üçün bildirim ki, məhkəmə 18 aydır “araşdırma aparır”. İndiyədək heç bir qərar qəbul edilməyib, hamısı da hazırlıq iclaslarıdır. 10 iclas keçirilib, 3-4 iclasda şəxsən iştirak etmişəm. Məhkəmə prosesləri haqda video-görüntü istəyirəm ki, onları Məhkəmə-Hüquq Şurasına təqdim edim. Mənə görüntünü də vermirlər.
Ümumiyyətlə, bildirim ki, mənə 2 milyon 800 min manatdan artıq maddi ziyan vurulub. İllərdir əlimdən çıxmış pulumu dağın dibində yerləşən boş torpaqlarla əvəz etmək istəyirlər.
Digər tərəfdən də, məhkəmələr məni süründürür. Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Ali Məhkəmənin sədri deyir ki, biz heç kimik... İcra başçısı vurğulayır ki, gərək bizə göstəriş verilsin.
Bəs, bu göstərişi verən kimdir?
Məhkəməni də elə vaxtlara salırlar ki, Naxçıvana bilet olmasın, ya da tətil və bayram günləri olsun. Bir sözlə, hazırda öz haqqımı əldə etməkdə, hüququmu müdafiə etməkdə çətinlik çəkirəm. Səlahiyyətli qurumlardan xahiş edirəm ki, mənə dəstək olsunlar.
Onu da bildirim ki, 2 il bundan öncə “Xalq Bank”ın baş direktoru Asim müəllimin sifarişi ilə, borcum var deyə, elektrikimi kəsərək, məndən zorla 150 000 manat alıb, ona verdilər. Maraqlandım ki, həmin ərazi Dövlət Əmlak İdarəsinin balansındadır. Odur ki, mənim xərclərimin danılmaması üçün rezidentlik verilməsini xahiş edirəm.
Bu gün vergi problemləri ilə fəaliyyətimin zəifləməsindən istifadə edən yer sahibi 10 000 kV-lıq elektriki bizə xəbər etmədən günlərlə dayandırır və əmlakımızın əlimizdən alınacağı haqda təhdidlər edir.
Belə düşünürəm ki, Azərbaycanda hüquq-mühafizə orqanları işləmir. Məndən qeyri-qanuni şəkildə pulu alıblar. Aidiyyəti orqanlar mənim işimə baxmır”.
Aynurə İSMAYIL
Hurriyyet.az
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.