Saat:05:07
Haqqımızda

Naxçıvan nəfəsliyi niyə bağlandı?

2022-07-05 10:33:00

Naxçıvan nəfəsliyi niyə bağlandı?

Bu il iyulun 1-dən sentyabrın 1-nə qədər Azərbaycanla (Naxçıvan) Türkiyənin quru sərhədinin bağlandığı bildirilir. Rəsmi orqanlar sərhədə gediş-gəlişin məhdudlaşdırılmasına səbəb kimi koronavirus pandemiyasını göstəriblər. Halbuki, artıq qonşu ölkələr pandemiya ilə bağlı sərhədə tətbiq etdikləri məhdudiyyətləri ardan qaldırırlar. Üstəlik, Naxçıvanla Türkiyə arasında quru sərhəd pandemiyanın ən kəskin vaxtında belə açıq olub.

Dövlət Sərhəd Xidmətinin (DSX) informasiya vasitələri ilə iş şöbəsinin rəisi Aftandil Abbasov kütləvi informasiya vasitələrinə demişdi ki, sərhəd Nazirlər Kabinetinin iyunun 20-də verdiyi 232 saylı qərarına əsasən bağlanıb.

A.Abbasov “sərhəd məhz niyə indi bağlanıb” sualına “232 saylı qərara uyğun olaraq sərhəddə işlər təşkil edilib. Qərarda sərhədin bağlanmasının pandemiya ilə əlaqədar olduğu göstərilib”,-deyə cavab vermişdi.

Bu barədə yayılan məlumatı Türkiyənin Bakıdakı səfirliyi də təsdiqləyib. Səfirlik qərarın Azərbaycan tərəfindən verildiyini bildirib.

“İstanbulda Naxçıvan məhəllələri yaranıb”

Əslən Naxçıvandan olan Elman Abbasov mövzu ilə bağlı Azadlıq Radiosuna deyib ki, əslində, sərhəd iyunun 30-dan bağlanıb. O, Naxçıvan Muxtar Respublikasında miqrasiya probleminin olduğunu söyləyərək əlavə edib ki, əhalinin əksər hissəsi Türkiyə və Bakıdadır: “Hətta İstanbulda Naxçıvan məhəllələri yaranıb. Manatın kursuna görə İran və Türkiyədə ərzaq məhsulları, dərmanlar çox ucuz başa gəlirdi. Naxçıvan camaatı tez-tez gedib adını çəkdiyim ölkələrdən dərman və ərzaq alırdılar. Ona görə yerli əhali quru sərhədin bağlanmasını meymunçiçəyi, yaxud pandemiya ilə əsaslandırılmasını qəbul etmir. İnsanlar bunda monopolistlərin istəklərinin olduğunu düşünürlər”.

O belə bir misal çəkib: “İqdıra (Türkiyə) gedən naxçıvanlı ay ərzində 30 kiloqram ərzaq gətirə bilirdi, orda kartofun pərakəndə qiyməti 45-50, topdan isə 25-30 qəpikdir”.

“Biletlərin də qiyməti çox bahadır”

E.Abbasov sual edir ki, quru sərhəd bağlanır, hava məkanı açıq qalırsa, məgər, xəstəlik təyyarə ilə gələ bilməz: “İkincisi, biletlərin də qiyməti çox bahadır. Üçüncüsü, son həftələr Bakı-Naxçıvan təyyarəsinə bilet tapmaq müşkülə çevrilib. Həm bilet tapmayanlar, həm də kasıb adamlar avtobusla İran vasitəsilə Naxçıvana gedirdilər, bu yol da qapandı. Yaxud kasıb tələbələr Türkiyəyə həmin yolla gedirdilər. Amma hökumət bu qərarın Naxçıvan əhalisinə ciddi ziyan vuracağını unutmasın”.

Bu tənqidlərə, hələlik, Nazirlər Kabinetindən münasibət almaq mümkün olmayıb.

“Ölkəyə gələn turistlərin sayını artıra bilər”

Deputat Vüqar Bayramov da xatırladır ki, artıq əksər ölkələr pandemiya səbəbindən bağladıqları quru sərhədlərin açılması barədə qərar verirlər. “Nəzərə alsaq ki, ölkədə epidemioloji vəziyyət sabitdir, həm Azərbaycanda, həm də qonşu ölkələrdə koronavirusa yoluxma sayında kəskin azalma var, o zaman quru sərhədlərin açılması qərarı verilməlidir”,- o əlavə edib.

Deputat quru sərhədlərin açılmasını turizm ilə bərabər yerli əhalinin xaricə getməsi baxımından da vacib sayır: “Statistika göstərir ki, Bakıya turistlərin 70 faizi Azərbaycanın quru sərhədi olduğu ölkələrdən gəlir. Ona görə sərhədin açılması ölkəyə gələn turistlərin sayını artıra bilər. Turizm neft sektorundan sonra Azərbaycana valyuta gətirən sektordur. Xüsusən də turizm məşğulluğa yetərli töhfə verir. 2019-cu ilin statistikası göstərir ki, ölkəyə gələn turistlərin sayı 3.2 milyon nəfərdir. Amma gedənlərin sayı 5.7 milyon nəfər olub”.

İqtisadçı Məhəmməd Talıblının müşahidələrinə görə isə, quru sərhədlərin açılmasını rəsmi qurumlar istəmir və bu məsələyə könülsüz yanaşırlar. O deyir ki, Rusiyada 10 minlərlə insan ağlagəlməz sıxıntılarla sərhəd bölgələrində bu gün-sabah ölkələrinə qayıtmaq istəyirlər: “Lakin onlar bu intizarla günlərini-günlərinə calayıb yaşayırlar. Rusiyada iş həyatı pozulub. Ölkə əvvəlki iqtisadi sistemdə çalışmır. Sanksiyalar iqtisadiyyatda daha dərindən hiss olunmağa başlayır. Bir şeyi başa düşməliyik ki, iş dalınca xarici ölkələrə gedən öz vətəndaşlarımızı başqa ölkədə zorən saxlamaq çıxış yolu deyil. Ölkədə məşğulluq siyasətində ciddi irəliləyişlər həyata keçirilməlidir. İnvestisiya mühiti yumşaldılmalıdır. Biznes iqlimi dəyişməlidir”.

İqtisadçının sözlərinə görə, Naxçıvanda insanların sosial həyatı kifayət qədər sıxılıb, nəfəsliklər də bağlanır: “Büdcədən sosial ayırmalar da aşağı səviyyədədir. Bu vəziyyətdə orada yaşayan sadə vətəndaşların Bakıda və Türkiyədə yaşayan yaxınları yardımlarını kəssə, onların durumu daha çıxılmaz olar. Acı reallıqları dərk edib çıxış yollarını düşünmək lazımdır. Naxçıvan gündəlik istehlak məhsullarından başlamış, tekstil, sənaye məhsullarına qədər ciddi sürətdə idxaldan asılıdır”.

M.Talıblının fikrincə, hazırda baha qiymətə satılan neft pulları ölkədə iqtisadi hərarətlənməni nisbətən təmin edir: “Sosial-iqtisadi aktivlik sönmür. O baxımdan bizi qoruyan yeganə tilsim neft qiymətidir. Divar qurtarsa, nə olacaq, orasını da düşünmək lazımdır”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR