Naxçıvan hakimiyyətinə sərt TƏNQİD - "1 milyardlıq layihəni..."
Partiya sədri: “Siyavuş Novruzovun dedikləri onu göstərir ki, vəziyyətə ciddi şəkildə müdaxilə etməyə ehtiyac yaranıb”
Parlament komissiyalarının ötən həftə keçirilən birgə toplantısında Naxçıvandan olan deputat Siyavuş Novruzov deyib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın qəbul edilməsinə görə 1 milyard 200 milyon manat vəsait ayrılıb. Əfsus ki, indiyədək proqramın bir bəndini də yerinə yetirə bilməyiblər", - deyə deputat bildirib.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri şübhəli tenderlər mövzusuna da toxunub, nəticədə nəzərdə tutulan işlərin görülmədiyini bildirib. Naxçıvan rəhbərliyini tənqid edən Siyavuş Novruzov deyib ki, insanlar məcbur olub Naxçıvanı tərk edir. Naxçıvanın deputatı olan S.Novruzov ilk dəfədir ki, muxtar respublika rəhbərliyini bu cür ittiham edir.
Qeyd edək ki, söhbət Prezident İlham Əliyevin imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ndan gedir.
Dövlət proqramı sosial-iqtisadi həyatında, o cümlədən kənd yerlərində iqtisadi fəaliyyətin sürətləndirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi nəticəsində ixracyönlü dəyər zəncirinin qurulması və dayanıqlı iş yerlərinin yaradılmasını nəzərdə tutur. Layihənin hazırlanmasında başlıca məqsəd ticarət və logistika imkanlarının genişlənməsi ilə Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının sürətli inkişafını təmin etməkdir.
Bəzi müşahidəçilər isə hesab edir ki, Naxçıvanda mövcud vəziyyətin əsas səbəblərindən biri kimi muxtar respublikada hələ də hökm sürən ikihakimiyyətlilikdir. İki il əvvəl dekabrın 22-də Naxçıvan Muxtar Respublikasına Prezidentin səlahiyyətli nümayəndəsi təyin edilib. Ali Məclisə son seçkilərdən sonra sədr postu boş qaldı, səlahiyyətlər sədrin birinci müavininə həvalə edildi. Qanunvericiliyə görə muxtar respublikaya Ali Məclisin sədri rəhbərlik etməlidir, lakin səlahiyyətli nümayəndəlik institutunun da təsis edilməsindən sonra ortaya çıxan bir sıra suallar hələ də aktuallığını qoruyur. Yəni indi Ali Məclis sədrinin müavini nazir təyinatlarını həyata keçirirsə, belə anlaşılır ki, səlahiyyətli nümayəndə o halda ümumi koordinasiyaya cavabdehdir. Bu səbəbdən Siyavuş Novruzovun rəhbərlik dedikdə konkret Ali Məclis sədrinin müavinini, yoxsa xüsusi nümayəndəni nəzərdə tutduğu bəlli olmur.
Akif Nağı
Məsələ ilə bağlı Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, muxtar respublikanın həyatında gedən prosesləri siyasi partiya olaraq daim izləyirlər: “Biz təbii ki, istəyirik ki, Naxçıvan Muxtar Respublikası sosial-iqtisadi baxımdan inkişaf etsin. Naxçıvan Azərbaycanın ən vacib strateji ərazilərindəndir, Ermənistanla, İranla böyük sərhədimizin olduğu bölgədir. Eyni zamanda Naxçıvan Azərbaycanın qardaş Türkiyə ilə yeganə quru əlaqəsinin olduğu ərazimizdir. Bu baxımdan da Naxçıvana xüsusi diqqət qaçılmazdır, vacibdir. Naxçıvanda əhalimizin sayı nə qədər çox olsa bu daha çox maraqlarımıza uyğundur. Əhalinin oradan iqtisadi problemlərə, işsizliyə görə köçməsi barədə xəbərlər təbii ki, bizi narahat edir. Biz çox istəyirik ki, Naxçıvanda vəziyyət yaxşılığa doğru düzəlsin. Məlumatlarımıza görə, Naxçıvanda vəziyyət o qədər də müsbət istiqamətdə getmir. İllərlə yığılıb qalan problemlərin həlli gözləntiləri heç də istənilən səviyyədə özünü doğrultmur. Bunu artıq Naxçıvandan olan deputat da dilə gətirir. Deməli, vəziyyətə ciddi şəkildə müdaxilə etməyə ehtiyac yaranıb. Bizdə olan məlumata görə, bəzi hallarda əhali içərisində narazılıqlar mövcuddur, hətta Vasif Talıbovun zamanı ilə müqayisə edib indiki vəziyyətdən təəssüf hissi keçirənlər də var. Görünür, hakim partiyanın Naxçıvandan olan deputatı Siyavuş Novruzovun məlumatları daha çoxdur və buna görə də tənqid edir. Onun fikirlərinə ciddi yanaşmaq lazımdır”.
A.Nağı qeyd etdi ki, əgər doğrudan da dövlətin ayırdığı vəsait Naxçıvanda gərəkən istiqamətdə istifadə olunmursa, şübhəli məqamlar varsa, yoxlama aparılmalıdır, tədbirlər görülməlidir: “Əhalinin güzəranının yaxşılaşması üçün ciddi addımlar atılmalıdır ki, insanlar dolanışıq dalınca məcbur olub Bakıya və digər yerlərə üz tutmasın. İnsanların bir parça çörək dalınca ev-eşiyini qoyub başqa yerlərə köçməsi barədə deyilənlər ciddi siqnaldır. Xüsusilə Naxçıvan Muxtar Respublikası kimi mühüm strateji ərazimizdə belə problemlər varsa, mütləq həll edilməlidir. Bizim partiyanın Naxçıvan şöbəsi fəaliyyət göstərir. Biz onlardan da məlumatlar alırıq və bu məlumatlar əsasında daha qərəzsiz, daha obyektiv informasiyaya malik olmağa çalışırıq. Naxçıvan şöbəmizdən də aldığımız xəbərlərdə bu bölgəmizdə hələ də istənilən səviyyədə müsbət proseslərin getdiyinin müşahidə olunmadığı deyilir. Yəni iş yerlərinin açılması, insanlara özlərinə iş qurmaları üçün şərait yaratmaq, insanların hüquqları ilə bağlı məsələlərdə hamının uzun illərdən bəri arzuladığı, gözlədiyi irəliləyişlərə hələ rast gəlinmir. Bu da bizi təbii ki, narahat edir”.
“Yeni Müsavat”