"NATO yeni strateji konsepsiya hazırlayır" - ELXAN ŞAHİNOĞLU

2022-06-14 12:03:00

"Bu konsepsiyaya görə, Rusiya təşkilata əsas təhlükə adlandırılacaq"

"NATO-nun növbəti sammiti iyunun 26-28 tarixlərində Madriddə keçiriləcək. İyunun 28-30 tarixlərində isə "böyük yeddilərin" Berlində zirvə toplantısı olacaq. İki mötəbər tədbirin ard-arda keçirilməsi qısa zaman ərzində böyük dövlətlərin liderlərini birgə toplantılarını təşkil və dünyanı narahat edən mövzuları müzakirə etməkdir". Hurriyyet.az xəbər verir ki, bu fikirlər "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğluna məxsusdur.

Mövzunun bəlli olduğunu vurğulayan politoloq qeyd edib ki, NATO və "böyük yeddilərin" toplantısında Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi müzakirə olunacaq: "Böyük dövlətlər Rusiyanı hələ ki, dayandıra bilmirlər. Əksinə, yay aylarında müharibə daha da şiddətlənib. Kreml işğalçı müharibəni davam etdirməkdə israrlıdır. Sanksiyalar Rusiyanın gəlirlərini azaltsa da, müharibəni dayandırmaq üçün yetərli deyil. Böyük dövlətlərin liderləri NATO və "böyük yeddilərin" toplantısında daha kəsərli addımların atılması barədə düşünməli və qərarlar verməlidirlər. ABŞ-ın NATO-dakı təmsilçisi Julian Smit bildirib ki, Şimali Atlantika Bloku yeni strateji konsepsiya hazırlayır. Bu konsepsiyaya görə, Rusiya təşkilata əsas təhlükə adlandırılacaq".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbər əlavə edib ki, Yaponiyanın baş naziri Fumio Kisidonun da NATO-nun zirvə toplantısına qatılacağı xəbəri yaylıb: "Halbuki, Yaponiya NATO-nun üzvü deyil. Rusiyanın Ukraynaya qarşı işğalçı müharisəbi Tokionu da narahat edir. Yaponiya Rusiya ilə əlaqələrini aşağı səviyyəyə endirib, bu ölkə ilə bir sıra birgə layihədən imtina edib. Digər tərəfdən, Tokio bölgədə Çinin artan hərbi gücündən və Şimali Koreyanın nüvə sınaqlarından narahatdır. Eyni zamanda, Çinin Tayvan adasını nəzarət altına alması istəyi Qərb ölkələrində olduğu kimi Yaponiyada da təhlükə mənbəyi kimi qiymətləndirilir. Yaponiyanın baş naziri bu mövzuları NATO və "böyük yeddilər" çərçivəsində həmkarlarıyla müzakirə etmək istəyir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya