Narkotikin psixi xəstəyə çevirdiyi 11 yaşlı uşaq - günah kimindir?

2022-01-15 10:50:00

Narkotikin psixi xəstəyə çevirdiyi 11 yaşlı uşaq - günah kimindir?

Paytaxtda dövlət müəssisəsi və sığınacaqlara yerləşdirilməsinə baxmayaraq, dəfələrlə qaçan 11 yaşlı uşaq psixi xəstəyə çevrilib. Bunu Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib. Onun sözlərinə görə, hər gün “Nizami” metrostansiyası ərazisində 10 manat topladıqdan sonra “patı” istifadə edən azyaşlı artıq psixi xəstəlikdən əziyyət çəkir. Birlik sədri əlavə edib ki, azyaşlı tez bir zamanda ruhi-əsəb xəstəxanasına yerləşdirilməlidir.

Narkotik bəlası beləcə, deyəsən yeniyetmə nəsli də öz cənginə almaqdadır.

Məsələ ilə bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Yeni Müsavat”a danışıb: “11 yaşlı uşaqla bağlı məsələ hələ 1 ay öncədən başlamışdı. Təkcə həmin uşaq deyil, biz yetərincə dilənçilik edən, səfil həyatı sürən uşaqları görüb mütəmadi onlarla bağlı paylaşımlar edirik. Bəzən heç paylaşım etmədən birbaşa aidiyyəti qurumlara da istiqamətləndiririk. Amma paylaşımlarımızın səbəbləri var. Ən böyük səbəb isə odur ki, bəzən dərhal reaksiya görmürük və məcbur oluruq onu ictimailəşdirək ki, məsələ diqqətdə qalsın. Bu məsələdə medianın da çox mühüm təsiri, rolu var.

Oxu.az - Kəmalə Ağazadə: Donmamaq üçün elektrik şitinin içində ölən uşaqdan  sonra sığınacaq yaratdım - MÜSAHİBƏ

Kəmalə Ağazadə: “O uşağa özləri “qaç” deyib”

11 yaşlı uşağa gəldikdə isə, bəli, uşaq əvvəlcə sosial sığınacağa yerləşdirildi, oradan qaçdı, daha sonra narkoloji dispanserə yerləşdirildi, oradan da qaçdı. Yəni bu bir sıqnal idi ki, davranışlarına görə həmin uşağa ilk olaraq psixiatr müdaxiləsi, dərman terapiyası keçməli idi. Amma bunu edən olmadı. Bunu da qeyd edim ki, sonuncu dəfə onun qaçması üçün şərait yaradılıbr. Heç kəs boynuna almasa da, hər halda bilirik ki, hansı formada ona “qaç” deyirlər. Heç kəs bu məsələni üzərinə götürmək istəmir. Halbuki hadisə ilk növbədə hansı ərazidə aşkarlanırsa, həmin ərazi üzrə icra hakimiyyəti yanında komissiya var, həmin komissiya dərhal araşdırmalı, uşağın yerləşdirilməsi ilə bağlı təcili təxirə salınmaz sərəncam verməli idi. Uşağın qəyyumu həm də dövlətdir, hər rayonda da dövlətin nümayəndəsi olaraq icra nümayəndələri, komissiyalar var, uşaq onların tərəfindən nəzarətə götürülməli idi. Amma çox təəssüf ki, bu nəzarət yoxdur və iş “ötür-ötür” oyununa çevrilir. Biri deyir ki, mənim ərazim deyil, digəri deyir ki, filan ərazidə qeydiyyatdadır və sairə.

Hüquq-mühafizə orqanları uşaqları təlim-tərbiyə edən qurum deyil. Onlar ən azından axtarış sistemini həyata keçirib, şəxsləri tapıb verir. Bəs digər qurumlar? Belə çıxır ki, bütün səlahiyyətlər verilməlidir DİN-ə ki, onlar bütün işləri özləri görsünlər? Hər bir qurum birgə əməkdaşlıq çərçivəsində bu işləri görməli, bir-birinin üstünə atmalı deyillər. Bu səbəbdən biz “Çevik ekspertlər qrupu” yaratmışıq və düşünrük ki, belə hadisələrin qarşısı alınması və düzgün qiymətləndirilməsi üçün müdaxilə etmək məcburiyyətindəyik və qurumlar da bizimlə birgə fəaliyyət göstərsələr daha yaxşı olar".

Kəmalə Ağazadə qeyd edib ki, narkotik asılılığına düşən yeniyetmələr üçün xüsusi reabilitasiya mərkəzləri yaradılmalıdır: “Bildiyiniz kimi, DİN narkotik maddələrin istifadəsi, yayılmasının qarşısını almaq üçün son zamanlar çox ciddi tədbirlər görür. Amma çox təəssüf ki, yeniyetmələr arasında da narkotik istifadəçilərinin, xüsusən də ”patı"dan istifadə edənlərin sayı artmağa başlayıb. Bəzən valideynlər bizi sosial şəbəkə üzərindən taparaq, narkotik asıllığına çevrilən övladlarını yanımıza gətirir, çarə tapmağa çalışırlar. Amma bəzən elə uşaqlar gətirirlər, baxırsan ki, uşaq artıq elə bir vəziyyətdədir ki, onu sığınacaq mühitinə almaq qeyri-mümkündür. Bu uşaqlar xüsusi tipli reabilitasiyaya cəlb olunmalıdırlar. Amma gəlin görək bu gün həmin reabilitasiya mərkəzləri varmı? Narkotik asılılığı nə deməkdir? Bu o deməkdir ki, həmin yeniyetmə cinayətə meyllidir. Onu əldə etmək üçün şiddət də göstərəcək, kənardakına zərər də verəcək, hətta intihara da qalxacaq və yaxud digərlərində də narkotik maddəyə meyllik yaradacaq. Bu o deməkdir ki, həmin uşaqlar ayrıca işlənilməlidir.

Bu gün valideynlər hara müraciət edəcəkərini bilmirlər. Narkoloji anonim kabinetlər var, lakin metamfetamin həmin anonim kabinetdə həll olunacaq bir məsələ deyil. Çünki reabilitasiya dediyimiz təkcə dərman terapiyası deyil, birgə psixoterapiya da aparılmalıdır. Bəs bu varmı? Söhbət qapalı, yatılı reabilitasiya mərkəzlərindən gedir. Bu baxımdan aidiyyəti qurumlar birgə təxirəsalınmaz işlər görməlidir".

ELNUR RÜSTƏMOV - GÜVƏNSİZLİK - YouTube

Elnur Rüstəmov: “Belə uşaqlar ayrıca reabilitasiya keçməlidir”

Psixoloq Elnur Rüstəmov isə bunları qeyd edib: “Həmin 11 yaşlı oğlanla bağlı acı mənzərəni mən də izlədim. Yəni, o yaşda uşaq narkotik maddələrdən asılıdır, bu çox ciddi problemdir. Əlbəttə ki, həmin uşaq dərhal narkoloji dispanserə yerləşdirilməli, müalicə almalıdır. Məhz müalicələrdən sonra cəmiyyətə inteqrasiya olunmalıdır.

Bu cür problemlərin qarşısını almaq üçün cəmiyyətdə ilkin növbədə görüləcək iş psixoloji maariflənmə, daha sonra psixoprofilaktik tədbirlərdir. Əgər bunlar aparılarsa, düşünürəm ki, narkotik vasitədən asılı olan insanların sayı az olacaq".

Psixoloq vurğulayıb ki, narkotik vasitələr müxtəlif psixi pozuntuların yaranmasına rəvac verir: “Hansı ki, bu şəxsiyyət pozuntusudur. Xüsusən yeni kimyəvi tərkibli metanfetamin, hansı ki, ona ”patı" deyirlər, həmin maddənin təsir mexanizmi daha böyük, daha fəlakətlidir. Doğrudur, hüquq mühafizə orqanları problemin həlli istiqamətində çox böyük işlər görür, amma müşahidə edirik ki, cəmiyyətdə getdikcə narkotik vasitələrdən istifadə edənlərin sayı artmağa başlayıb. Bir daha qeyd edirəm ki, cəmiyyətimizi qorumaq üçün maarifləndirmə işləri aparmalı və bundan asılı olan insanlar isə mütləq müalicə almalıdırlar. Çünki həmin şəxslər zaman keçdikcə həm ailədə, həm də cəmiyyətdə problem yaradırlar. Yəni, həm fərdi, həm də cəmiyyət olaraq, hər birimiz əsrin bəlasından qorunmaq üçün tədbirlər görüməliyik".

Onları heç yerdə işə götürmürlər - reabilitasiya mərkəzləri yoxdur"

Emil Maqalov: “Bəzən şagird və valideynlər bilmir ki, məktəbdə psixoloq varmı, olmalıdırmı?”

Narkomaniya üzrə ekspert Emil Maqalov isə qeyd etdi ki, bu məsələdə yük daha çox məktəblərin üzərinə düşür: “Ötən gün elə bu məsələ ilə bağlı millət vəkillərinin biri ilə söhbətləşmişdik. Hamı deyir ki, bu məsələdə daha çox ailə tədbir görməlidir. Yəni hər kəs ailədən nəsə gözləyir, hər şeyi onun üzərinə atır. Bu yolla problemi həll etmək mümkün deyil. Heç kəs heç bir ailəyə qayda qoya bilməz, çünki heç kim ailələrin daxildəki problemini bilmir. Bəzi ailələrdə valideynlər savadsız olur və yaxud işləyən valideynlər var ki, mütəmadi olaraq uşaqlarına vaxt ayırıb, onların tərbiyəsi ilə məşğul ola bilmir və sairə. Buna görə də yük uşağın, yeniyetmənin getdiyi məktəbin üzərinə düşür. Məktəbdə şagirdlərlə psixoloqlar işləməlidir. Bir dəfə bununla bağlı onlayn olaraq bir iclas keçirmişdim. Təsəvvür edin, 35 psixoloqun 30-u dedi ki, ”bizim bunda marağımız yoxdur, çünki əməkhaqqımız azdır, uşaq çox, amma ştat azdır, bir ay ərzində 1000 uşağa 200 manat verirlər" və sairə. Bu baxımdan psixoloq məsələsini yenidən qaldırmaq, onların əməkhaqqlarını artırmaq, yaşayış şəraitinə kömək etmək lazımdır ki, psixoloq da həvəslə öz işini, borcunu layiqincə yerinə yetirsin.  Bəzən nə bəzi şagirdlər, nə də  valideynlər heç bilmir ki, məktəbdə psixoloq varmı və yaxud olmalıdırmı? Yəni, vəziyyət belədir".

Tanınmış sosioloq Əhməd Qəşəmoğlu: "YER ÜZÜNÜ İNDİKİ AĞIR DURUMDAN TÜRK  BİRLİYİ QURTARA BİLƏR"

Əhməd Qəşəmoğlu: “İndiki zamanda bu işlərin öhdəsindən nə ailə, nə də məktəb gələ bilər, çünki...”

Sosioloq Əhməd Qəşəmoğlu isə qeyd etdi ki, bu cür problemlərin öhdəsindən nə ailə, nə də məktəb gələ bilər: “Bunun üçün necə ki, məntəqələr üzrə sahə müvəkkilləri var, eləcə də o cür sahələr üzrə sosial işçilər olmalıdır və onlar ərazidə olan bütün ailələri nəzarətdə saxlamalıdırlar. Yalnız sosial işçilər ayırd edə bilər ki, həmin problemli uşaqlarla, onların valideyni, məktəbdəki müəllimləri ilə necə danışmaq lazımdır. Bunlar olmadıqca bu cür problemlərin sayı artacaq və onun qarşısını ala biləcək işlər görə bilməyəcəyik, bəlalarımız günü-gündən artacaq. Bunun başqa yolu yoxdur”.

“Yeni Müsavat”