“Narkomaniya və iqromaniya ölkəmizdə cinayətkarlığın artmasına səbəb olur” - NARKOEKSPERT
Emil Maqalov: “Nakomaniyanın qarşısını almaq üşün tədbirlərin və təlimlərin formatı dəyişilməlidir”
“Hər yoldan keçəni gətirib, ondan təlimçi kimi istifadə etmək olmaz”
Azərbaycanda narkomaniyanın genişlənməsi bir çox sahələrə öz mənfi təsirini göstərir. Məsələn, son illərdə ölkəmizdə cinayətkarlığın surətlə çoxalması bunun bariz nümunələrindən hesab oluna bilər.
Şübhəsiz, narkomaniyanın ən böyük zərər vurduğu sahələrdən biri də ailə inistitudur. Hansı ki, son vaxtlar xüsusilə gənclərin və orta yaşlı təbəqənin narkotikə qurşanması cəmiyyətdə boşanmaların sayını da ciddi surətdə artırıb. Rəsmi statistik rəqəmlərə əsasən deyə bilərik ki, ölkədə hər 3 nəfərdən biri boşanır. Lakin indi ölkədəki mövcud durum rəsmi rəqəmlərdə əks olunan mənzərədən tamamilə fərqlidir. Təəssüflə qeyd etməliyik ki, xüsusilə son illərdə ailə quran cütlüklərin az qala yarısı müxtəlif səbəblərdən boşanır. Yuxarıda da qeyd etdiyimiz kimi, müəyyən araşdırmalara görə burada narkomaniyanın da çox ciddi rolu var.
Məlumat üçün bildirək ki, hazırda ölkəmizdə narkotik istifadəçilərinin rəsmi sayı 45 min nəfərə yaxındır. Lakin yenə də təəssüflə vurğulamalıyıq ki, qeyri-rəsmi göstəricilər bundan dəfələrlə çoxdur. Hətta Ümum Dünya Səhiyyə Təşkilatının faktiki qiymətləndirillməsinə əsasən deyə bilərik ki, ölkəmizdə narkotik istifadəçilərinin ümumi sayı rəsmi göstəricidən 8-10 dəfə artıqdır. Bu isə Azərbaycanda təxminən 400 yüz min nəfərə yaxın narkotik asılısı olduğunu deməyə əsas verir.
Nəzərə alsaq ki, ölkədə hər 25 nəfərdən biri narkotik istifadəçisidir, bu sahədə vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu göstərməyə əlavə ehtiyac qalmır.
Əlbəttə, ailələrin dağılmasında, boşanmların sayının surətlə artmasında narkotiklə yanaşı, digər asılılıq növlərinin, o cümlədən iqromaniya (oyun asılılığı), alkoqolizm və s. zərərli vərdişlər də az rol oynamır. Hətta bəzi araşdırmalara görə, hazırda cəmiyyətimizdə iqromanların sayı heç də narkomanların sayından geri qalmır.
Heç də təsadüfi deyil ki, son illər ölkəmizdə fəaliyyət göstərən 150-yə yaxın özəl reabilitasiya mərkəzində müalicə alan iqromanların sayı narkomanların sayını üstələyib. Hansı ki, bu statistik göstəricilər də, toplum olaraq, bizə çox ciddi mesajlar verir.
O ki qaldı alkoqol asılılarına, kimsəyə sirr deyil ki, alkoqolizm təkcə son illərdə deyil, hətta SSR dönəmində belə, Azərbaycanda boşanmalara təsir göstərən əsas faktorlardan biri olub. Şübhəsiz, müstəqillik dönəmində də bu gerçəklik özünü ciddi şəkildə göstərir.
Bütün bunlarla yanaşı, əksər ekspertlərin qəbul etdiyi kimi, boşanmaların sayında sosial-iqtisadi səbəblər də mühüm yerdə dayanır. Xüsusilə işsizliyin artması, qiymətlərin artması fonunda insanların gəlirinin aşağı düşməsi və s. amillər ailələrdə narazılığa və boşanmalara gətirib çıxara bilir.
Bütün bunlar onu deməyə əsasa verir ki, əksər ölkələrdə olduğu kimi Azərbaycanda da boşanmaları tətikləyən bir neçə vacib səbəb var. Çox təəssüflə qeyd edirik ki, bunların ən dəhşətlisi məhz narkomaniyadır. Ona görə ki, narkomaniya özü ilə yanaşı, daha böyük problemləri də bərabərində sürükləyir. Məsələn, ailədaxili münaqişələrin çoxalması, qətl hadisələrinin artması və s. olaylar məhz burdan qaynaqlanır.
Bu baxımdan, ortaya belə bir məntiq çıxır ki, Azərbaycanda müxtəlif növ cinayətlərin, eləcə də boşanmaların qarşısını almaq üçün ilk növbədə narkomaniyanın genişlənməsinə mane olmaq lazımdır. Doğrudur, aidiyyəti qurumlar bu sahədə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməyə çalışırlar. Məsələn, istər Dövlət Gömrük Komitəsi (DGK) və Dövlət Sərhəd Xidmətinin (DSX) hər ay ölkəmizə külli miqdarda narkotik daxil olmasının qarşısını almasını, istər də Daxili İşlər Nazirliyinin (DİN) gün ərzində onlarla narkotik satıcısını qandallamasını buna misal göstərə bilərik. Lakin təəssüf ki, bütün bunlar ölkəmizdə narkomaniyanın kökünü kəsmək üçün yetərli olmur. Bəs, belə bir vəziyyətdə biz cəmiyyət olaraq daha hansı addımları atmalıyıq? Mövzu ilə bağlı narkoekspert Emil Maqalovun fikirlərini öyrənməyə çalışdıq.
- Emil bəy, narkomanların sayının çoxalması özü ilə yanaşı bir çox problemləri də bərabərində gətirir. Məsələn, cinayətkarlığın artması dediyimizə nümunə ola bilər. Bir narkoekspert kimi, bu haqda siz nə düşünürsünüz?
- Əvvəlcə onu qeyd edim ki, ölkəmizdə narkomanların sayı artmayıb. Sadəcə, qeydiyyat məsələləri düzəlib. Misal üçün, əvvəllər 10 nəfər narkoman var idisə, çox çətinliklə onların cəmi 3-4 nəfəri rəsmi qeydiyyata düşürdü. İndi isə hər 10 nəfərin 6-7-si qeydiyyata düşür. Məhz bu səbəbdən də narkomanların sayı ilə əlaqədar statistik rəqəmlər böyüyüb.
Əslində isə, narkomanların sayı həqiqətən də azalıb. Sizə bir faktı deyim. Əvvəllər, yəni 3-4 il bundan qabaq il ərzində ən azı 300-320 nəfər narkomanla işləmişəm. Amma indi hər ay 15 narkoman olur, ya olmur.
Ümumiyyətlə, mənim hesablamama əsasən, ölkəmizdə narkomanların sayı 50 faiz azalıb. Çünki polis əməkdaşları da, sərhəd xidməti də, digər aidiyyəti qurumlar da bu barədə çox böyük əziyyət çəkirlər.
- Hesab edirsiniz ki, istər narkomaniya, istər iqromaniya, istər də alkoqolizm cəmiyyətdə cinayətkarlığı qidalandıran əsas faktorlardır?
- Bəli, hər 3-ü əsas faktorlardır. Əsasən narkomaniya və iqromaniyadır. İqromaniya psixoloji səbəblərdən qaynaqlanır və o da asılılıq yaradır. Narkotik isə asılılıqdan əlavə, fiziki ağrılar da yaradır. Belə deyək, bir neçə istifadədən sonra insan asılılığa düşür ki, nəticədə mütləq şəkildə bunun ağrıları başlayır. Hər bir narkotik istifadəçisi də öz ağrılarını kəsmək üçün ya narkotikdən, ya da güclü ağrıkəsicidən istifadə etməlidir. Beləliklə, o, 1 dəfə, 2 dəfə, 5 dəfə narkotik alır, sonra pul bitir, dozalar da qalxır, nəticədə oğurluq etməyə məcbur olur.
- Son illər ölkəmizdə mövcud olan çox ciddi problemlərdən biri də boşanmaların sayının artmasıdır. Vəziyyət o həddə çatıb ki, az qala 2 evlənəndən 1-i boşanır. Sizcə, bu problemdə narkomaniyanın, yaxud alkoqolizmin payı nə qədərdir?
- Ölkədə son illərdə mövcud olan boşanmaların sayının demək olar ki, narkotiklə heç bir əlaqəsi yoxdur. Boşananların statistikasına baxdıqda, orada narkoman hardasa 14-16 faiz təşkil edir. Və yaxud digər hallarda qadınlar adını “narkoman” qoyaraq boşanır.
- Sağlam gənclik, möhkəm ailə inistitutu dövlətin gələcəyinin qarantıdır. Biz toplum olaraq bu iki problemin - istər zərərli vərdişlərin, istər də boşanmaların qarşısını almaq üçün daha nələr edə bilərik?
- Mən deyərdim ki, tədbirlərin və təlimlərin formatı dəyişilməlidir. Aidiyyəti insanlara təlimlər keçirilməlidir. Yəni aidiyyəti, bu işdən başı çıxan, bu iş haqda yerində məlumatı olan adamlar təlim keçməlidirlər. Hər dəfə qeyd etdiyim kimi, hər yoldan keçəni gətirib, ondan təlimçi kimi istifadə etmək olmaz.
Hazırladı: Jalə FAMİLQIZI
