Narazı ordu, paslanmış silahlar, tükənmiş ümidlər… - Rus əsgəri ŞOK HƏQİQƏTLƏRİ üzə çıxardı

2022-08-23 13:43:00

Narazı ordu, paslanmış silahlar, tükənmiş ümidlər… - Rus əsgəri ŞOK HƏQİQƏTLƏRİ üzə çıxardı

Rusiya ordusunun əsgəri cəbhə xəttində, qızğın döyüşün tam ortasında olarkən qərar verib: gördüklərini danışacaq, müharibə həqiqətlərini hər kəsə çatdıracaq. Əvvəlcə qaçıb, sonra isə yazmağa başlayıb… Baş verənləri qələmə almaqla həyatını cəbhədəkindən daha çox təhlükəyə atan əsgərin hekayəsi...

Moskvada park... Artıq gecə yarısıdır. Əlləri titrəyən gənc dayanmadan danışır: "Allahım, sağ qalsam, müharibənin qarşısını almaq üçün əlimdən gələni edəcəyəm…"

Həmin gənc 34 yaşlı əsgər Pavel Filatyevdir. O danışarkən ətrafa baxır, kiminsə onu təqib edib-etmədiyini öyrənmək istəyir.

Hurriyyet.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsindən qaçan rus əsgəri həqiqətləri “The Guardian” vasitəsilə dünyaya çatdırıb.

Pavel Filatyev əvvəlcə Xersona, Nikolayevə hücumlardan danışıb: “Paraşütçülərlə birlikdə Xersona daxil olduq, limanı ələ keçirdik, sonra Nikolayevə getdik, ağır artilleriya atəşi altında qaldıq. Xerson limanını ələ keçirdikdən dərhal sonra kompüterləri və tapa bildiyimiz qiymətli əşyaları götürməyə başladıq. Biz vəhşi kimi davranırdıq. Mətbəxə daxil olub hər şeyi yedik: yulaf, sıyıq, mürəbbə, bal və s. Bizi heç nə maraqlandırmırdı, artıq həddi aşmışdıq. Çoxumuz bir ay idi ki, istirahət etmədən, duş qəbul etmədən və normal yemək yemədən çöllərdə idik”.

"SİLAHLAR KÖHNƏ VƏ PASLI İDİ"

Onun sözlərinə görə, döyüşməkdən qorxmur, amma etdiklərinin doğru olduğunu bilmək üçün ədaləti hiss etmək istəyir: “Mən inanıram ki, biz ruslar uğursuzluğa düçar oluruq, çünki müharibəni düzgün hesab etmirik”.

Krımda yerləşən 56-cı qvardiya hava hücumu alayında xidmət edən Filatyev onun bölüyünün fiziki və mənəvi baxımdan tükəndiyini, həmçinin zəif təchiz olunduğunu deyib.

Pavel bildirib ki, onun bölüyü Ukrayna artilleriyasının atəşi altında təxminən bir ay səngərlərdə qalıb, cəbhədəki dəhşətli günlərin birində yaralanıb və güllə gözünə palçıq sıçradaraq korluq yarada bilən infeksiyaya səbəb olub. Bu səbəbdən döyüş meydanından təxliyə olunub.

O vaxt qərar verib ki, Rusiyanın Ukraynaya təcavüzü barədə həqiqətləri ortaya qoymalıdır: “Yəqin ki, heç nəyi dəyişə bilməyəcəm. Amma hətta başımı bəlaya salsam da, daha sakit qala bilmirəm”.

Pavel rus hərbçilərinin istifadə etdiyi köhnə silahlardan da danışıb. O bildirib ki, verilən avtomatlar paslanmış və sınıq olub.

"ORDU HÖKUMƏTDƏN NARAZIDIR"

Filatyev müharibə zamanı şəxsən təqib hallarına rast gəlmədiyini deyib. Bununla belə, bildirib ki, Rusiya təbliğatında təsvir olunanlardan fərqli olaraq, orduda qəzəb və küskünlük hökm sürür: “Hərbçilərin əksəriyyəti orada baş verənlərdən, hökumətdən və komandirlərindən narazıdır”.

O, həqiqəti ictimaiyyətə çatdırdıqdan sonra bütün bölüyün onunla əlaqəni kəsdiyini söyləyib. Amma hesab edir ki, əsgərlərin 20 faizi onun etirazını açıq şəkildə dəstəkləyib.

Pavel Filatyevin ilk planı həqiqətləri üzə çıxardıqdan sonra dərhal polisə təslim olmaq olub. Lakin Gulagu.net hüquq müdafiəsi şəbəkəsinin rəhbəri Vladimir Oseçkin dəfələrlə onu ölkəni tərk etməyə çağırıb.

Əvvəlcə Pavel bundan imtina edib: “Məsələn, Amerikaya gedirəm. Orada kiməm? Nə etməliyəm? Mən öz ölkəmdə belə lazım deyiləmsə, orda kimə lazımam?"

Filatyev bu düşüncələrlə iki həftə ərzində hər gecə başqa oteldə qalıb və əlindəki ağır, qara bel çantası ilə şəhəri dolaşıb.

Sonradan ona Rusiyanı tərk etməyə kömək edən Oseçkin deyir: "Birinin danışması çox vacib idi. Filatyev müharibəyə qarşı çıxdığı üçün Rusiyadan qaçan ilk əsgərdir”.

PAVEL NİYƏ HƏBS EDİLMƏYİB?

“Deyirlər ki, bəzilərinin qəhrəmanlığı başqalarının günahıdır. 2022-ci ildəyik, bu axmaq müharibəyə başladıq və əsgərləri qəhrəmanlıq göstərməyə, özlərini qurban verməyə çağırırıq” - Filatyev bir rus hərbçisi olaraq əcnəbi jurnalistə şikayət etmək məcburiyyətində qaldığına təəssüf edib.

O, ən çox hələ də azadlıqda olduğuna təəccüblənir: “Məni fərarilikdə ittiham edib, ​illərlə həbsə məhkum edə bilərdilər, amma etmədilər. Mən başa düşmürəm ki, niyə məni tutmadılar?! Son altı ayda hər kəsdən daha çox danışdım. Bəlkə də, mənimlə nə edəcəklərini bilmirlər”.

Pavel Filatyev sonda müharibəyə qarşı olduğunu bu sözlərlə ifadə edib: “Mən bu müharibənin əleyhinəyəm, amma general deyiləm, müdafiə naziri deyiləm, müharibəni necə dayandıracağımı bilmirəm. Qorxaq oldum, silahımı atdım, yoldaşlarımı atdım... Amma bunları etməsəydim, danışa bilməzdim. Mən sadəcə bundan sonra olacaqlardan qorxuram”.

Musavat.com olaraq qeyd edək ki, müsahibəni dərc edən “The Guardian” qəzeti Filatyevin hekayəsinin bütün təfərrüatlarını təsdiqləyə bilməyib, lakin sənədlərlə sübut olunub ki, əsgər, həqiqətən, Krımda 56-cı qvardiya hava hücumu alayında xidmət edib və döyüşlərdə yaralanıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061207