Saat:04:44
Haqqımızda

Napoleonu və Hitleri “boğan” Avropa koalisiyaları – Növbədə Putindir, ancaq...

2022-01-21 11:23:00

Napoleonu və Hitleri “boğan” Avropa koalisiyaları – Növbədə Putindir, ancaq...

Son 222 ildə Avropa qitəsi çox müharibələr görüb. “Qoca qitə”də müharibəyə qoşulmayan, ərazi itirməyən, işğal görməyən, böyük insan resursu itkisinə məruz qalmayan bir dövlət belə yoxdur.

Düzdür, artıq 77 ildir ki, Avropa ölkələri bir-birilə müharibə etmirlər, amma ondan əvvəl qitənin, demək olar ki, sakit dövrü olmayıb.

Təkcə 20-ci əsrdə iki dünya müharibəsinin episentri olan Avropa 18-ci və 19-cu əsrlərdə də saysız-hesabsız müharibələr görüb.

Yuxarıdakı “222 il” söhbəti isə Fransa imperatoru Napoleon Bonaparta, onun apardığı müharibələrə işarədir.

Avropa dövlətləri həddini aşan, qüdrətli dövlət quraraq aqressivləşən hökmdarın necə cilovlanmasını ilk dəfə Napoleon Bonapartın timsalında sınaqdan keçirib.

44.jpg (64 KB)

Heç bu da asan olmayıb. 16 il davam edən hakimiyyəti zamanı bu bəstəboy kapral-diktatora qarşı yeddi dəfə koalisiya yaradılıb. Ayrı-ayrı dövlətlər müxtəlif vaxtlarda müxtəlif tərkiblərdə ona qarşı birləşiblər.

Bu birləşmələrdə Böyük Britaniya, müasir Almaniya Federativ Respublikasının tərkibinə daxil olan knyazlıqlar, Polşa, müasir Avstriyanın sələfi olan dövlətlər, Rusiya, İsveç, İspaniya, Portuqaliya, eləcə də İtaliya ərazisindəki kiçik krallıqlar iştirak ediblər.

Bu 7 kolasisiyanın heç də hamısı Fransa imperiyasından güclü olmayıblar, bəzən koalisiyaları tam formalaşdırmaq mümkün olmayıb, bəzən kolasiya üzvü olan hansısa dövlət öz mənafeyini separat şəkildə qorumaq istəyərək, ittifaqdan çıxıb, bəzən də Napoleon daha qətiyyətli tərpənib və bu sayədə rəqiblərini darmadağın edib.

Ancaq Fransayaya qarşı yaradılan 6-cı və 7-ci kolaisiyalar müvəffəqiyyət qazanıblar, Napoleonu iki dəfə taxt-tacdan əl çəkməyə vadar ediblər, onun aqressiv Fransasının ipini yığaraq, dünyanın ən inkişaf etmiş qitəsini sonu görünməyən müharibələrin plasdarmı olmaqdan qurtarıblar.

Bu koalisiyalar yaranmasa və ortaya güc qoymasalar, müharibə aparmaqdan həzz alan hərb manyakı Napoleon hələ uzun illər Avropanı əsir-yesir edəcək, bir tərəfi İtaliya və İspaniya, o biri tərəfi İsveç və Hollandiya olmaqla qərbi Avropanı tam müstəmləkəyə çevirəcək, 1912-ci ildə olduğu kimi yenidən Rusiyanın Moskva şəhərinə qədər gəlib çıxacaqdı.

333.jpg (856 KB)

Avropa dövlətləri ikinci dəfə belə bir koalisiyanı 1939-cu ildə müharibəyə başlayaraq, əvvəlcə Avropada, daha sonra bütün dünyada hökmran olmaq istəyən Hitlerə və almanlara qarşı qurublar.

Bu dəfə də Avropa ilə quru sərhədləri olmayan, bu üzdən asanlıqla işğal olunacağı gözlənilməyən İngiltərə anti-Hitler koalisiyasının başında dururdu. Yeni Avropa koalisiyasının əsas qüvvələrindən biri olası Fransa 40 günün içində məğlub olmuşdu, müharibədə yalnız partizan dəstələri ilə iştirak edirdi. Mussolini İtaliyası Hitler Almaniyasının müttəfiqi idi. O biri Avropa dövlətləri də faşistlər tərəfindən ard-arda işğal olunur, müstəqil dövlət olaraq müharibəyə qoşula bilmir, əksinə, öz hərbi qüvvələrini faşistlərin sərəncamına verirdilər.

Ancaq hər halda anti-Hitler koalisiyasını qurmaq mümkün oldu. Aqressiv faşizmin təbii müttəfiqlərə çevirdiyi Böyük Britaniya və SSRİ-yə (Rusiyaya) ABŞ kimi dünya nəhəngi də qoşuldu və təbii ehtiyatlarına, hərbi gücünə, insan resurslarına görə nəhəng orqanizmə çevrilmiş bu koalisiya bir neçə ilin içində Hitleri məğlub etdi, Almaniyanı parçaladı, əski gücündən saldı.

Budur, 77 ildən sonra Avropada yeni bir hərbi koalisiya qurulur. Bu dəfə Napoleonun və Hitlerin “boğulmasında”, Fransa və Almaniya imperiyalarını çökdürülməsində fəal iştirak etmiş Rusiyanın təkləndiyini görürük. Hazırda demək olar ki, Avropanın bütün aparıcı ölkələri Rusiyaya qarşıdır. Yenə baş rol ABŞ və Böyük Britaniyaya məxsusdur. Koalisiyada NATO hərbi alyansının üzvü olan ölkələr, eləcə də Rusiyanın qərb qonşuları iştirak edirlər.

Belə çıxır ki, bu dəfə qüdrətli Avropa koalisiyası tərəfindən “boğulmaq” növbəsi Rusiyaya çatıb.

putin-zelenskiy.jpg (19 KB)

Qüvvələr yenə də qeyri-bərabərdir. 1941-45-ci illərdə Rusiyanın yanında olan, öz partizan dəstələri və müqavimətçi əhalisi ilə alman faşistlərinin başına oyun açan Ukrayna bu dəfə onun birbaşa qarşısındadır.

Anti-Putin koalisiyası öz gücünə görə Napoleona və Hitlerə qarşı qurulan hərbi alyanslardan daha güclüdür.

İndilikdə bu məsələdə çatışmayan amillərdən biri Avropa koalisiyasının lazımınca qətiyyətli və monolit olmamasıdır (vaxtilə Napoleona qarşı yaradılmış ittifaqlar da belə olub). Koalisiya ortaqları açıq-aşkar nüvə başlıqlı ballistik raketləri olan Rusiyadan və onun ekstremal situasiyada radikal qərar verə biləcək lideri Putindən qorxurlar.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR