Saat:04:12
Haqqımızda

Nakəslər bu milləti xar bilməsinlər - FİRUZ HAŞIMOV YAZIR

2023-02-01 11:46:00

Nakəslər bu milləti xar bilməsinlər - FİRUZ HAŞIMOV YAZIR

Bolşevik kommunist ideoloqların ötən əsrin otuzuncu illərində türk mənşəli xalqların başlarına gətirdikləri rəzalətlər, həqarətlər çar qubernator və canişinlərinin ağıllarına da gəlməzdi. Sosializm ideyalarından, bərabərlikdən, vicdan azadlığından danışa-danışa kommunist komissarlar, məmurlar elə mənəvi terror mühiti yaratdılar ki, ən cürətli adamlar belə nəfəs çəkməyə qorxurdular. Sinfi mübarizə nəzəriyyəsi yeni zühur etmiş Zohhakların əllərində ən müdhiş silah idi. 

Fasiləsiz təbliğatın köməyi ilə aşağı təbəqəni ağır gündə dadına çatası kübarlardan təcrid edə bildilər. Bütün əsilzadələr, şəcərəli nurlu insanlar zəhmətkeş kütlənin düşməni elan edildilər.  Bu çox iblisanə metod idi, beləliklə səhəri günü ədalətsizliyə qarşı ayağa qalxan xalq qabağa vermək üçün bir savadlı, sözü keçən, dünya işlərindən başı çıxan şəxsiyyət tapa bilməzdi. Mənfur sinfi nifrət hissi nə qədər təbliğ olundusa da, imanında sabitqədəm olanlar savab əməllərindən dönmürdülər.

Mirzə Cəlilin qələmi ilə ədəbiyyatımızda əbədiləşmiş Qurbanəli bəy obrazı hamıya bəllidir. Bu hekayə qərinələr keçsə də yenə də hamı tərəfindən sevilə-sevilə oxunur. İndi bizdə yadelli qarşısında əzilib-büzülərək reverans edənlərə, bir xaçpərəstə xoş gəlmək xatirinə öz soydaşını alçaldana, içib, özünü də, millətini də, rüsvay edənlərə, yalan vədlər verənə, qürur hissini itirənlərə Qurbanəli bəy deyirlər. Amma, bütün bir kütlə küyə gedərək Qurbanəli bəyə dönürsə, deməli fəna baş verib. Biziç indi Azərbaycanın xilaskarı, müstəqil dövlətin əsl banisi adlandırdığımız, Ulu öndər Heydər Əliyevin təzə-təzə hakimiyyətə gəldiyi illər lap yaxşı yadımdadır. Onun göstərişi əsasında Bakıda Rusiyanın ədəbiyyat və incəsənət ongünlüyü qeyd olundu. Lyudmila Zıkina, V.Sanayev, N. Mordyukova və bir neçə tanınmış şair və sənətkar çıxmaq şərtilə Bakıya gələnlərin hamısı Moskvada pulsuz-parasız qalmış sənətçilər idi. Yaşlı nəsil bilir, o illərdə bütün SSRİ-də bizim məşhur “Ağdam” çaxırı Azərbaycanın vizit vərəqəsi idi. Rus dünyası bu şirin çaxırın elə aludəsi olmuşdu ki, ondan başqa şərab tanımaq istəmirdi. Bəli, respublikada suriş başladı, nə başladı... Qonaqları qruplara bölüb rayonlara göndərdilər, hər dəstənin başında da partiya aparatından bir vəzifəli şəxs təyin olundu. Raykomlara əmr verildi, camaatı əli bayraqlı qonaqların gələcəyi yollara düzdülər, zurna-balaban, dəm-dəsgah da öz yerində. İndiki bolluq yox idi, çox şeylər qəhətə çəkilmişdi. Amma, buna baxmayaraq Rusiyadan gələnlərin şərəfinə hər yerdə kolxozların qoyunları kəsilir, şərab da sel kimi axırdı. Moskvada olarkən çox şeyə tamarzı qalan rus aktyorları, estrada ifaçıları, o qədər də tanınmayan şairlər mat-məəttəl qalmışdılar, onları heç yerdə belə təmtəraqla qarşılayıb qabaqlarına bu qədər ləziz təamlar qoymamışdılar. Qapıya şikayətlə gələni adam yerinə qoymayan rayon  “fironları” Rusiyadan gəlmiş bu əyyaş sürüsünün qarşısında əldən-ayaqdan gedirdilər. Əmr belə idi! Bəzi yerlərdə yerli camaatın illərlə ala bilmədiyi gözəl çeşnili xalçaları titullu qrup rəhbərlərinə peşkəş edirdilər. Nona Mordyukovanın televizorda çıxışını ömrüm boyu unutmaram:

Hara gediriksə yemək-içməkdir, yaxşı yaşayırsınız... Sizin qonaqpərvərliyinizə heyranıq. 

Çox keçmədi, V. Sanayevə, L.Zıkinaya Azərbaycanın xalq artisti fəxri adları verildi. 

       Bakıda rus dilli qəzetlərin kəshakəs dövrü idi, redaksiyalarında işləyən yerli rusları lap yaxşı tanıyırdım. On günlük münasibəti ilə Bakıya tökülmüş “mədəni desantın” qarşısında yerli məmurların, titullu qələm sahiblərinin həddən ziyadə payəndaz olmalarından onlar da xəcalət çəkirdilər.

       ...Əlqərəz, rus xalqının mədəni “elçilərinə” hörmət və sədaqətimizi o ki var izhar edirik. Üstəlik, onlara gedəndə qutularla “Ağdam” çaxırı da qoyuldu. Bir az keçmiş  L. Zıkinaya dəyəri bir milyon dollar olan boyunbağı hədiyyə edildi. Onu bir müddət bundan əvvəl Moskva telekanallarında göstərdilər, şəklini də “Kom. Pravda” qəzetində gördük. Nə onda, nə indi bir adamda cürət olmadı cınqırını da çıxartsın.

       ...Qarabağ həngamələri başlayanda Bakıda doyunca yeyib-içmiş və cibləri də dolu Moskvaya qayıtmış bu “mədəniyyət elçilərinin” biri də xeyrimizə iki kəlmə demədi. Gəlin açıq danışaq, illər boyu on barmağımızı bala batırıb rusun boğazına dürtəndə, o bir dəfə bizə “Sağ ol” deyib?

       ...Millətin qeyrətli kübar təbəqəsinin, din xadimlərinin üzərinə təşkil edilmiş qərəzli səlib yürüşündən söhbətimizi davam edək. İndi yazdıqlarıma heç kim cürət edib qulp qoymasın. Azərbaycan kübarlarının əxlaq kodeksi dünyada bəlkə də yeganə idi. Ziqiymət əmanət kimi nəsildən nəsilə ötürülən hər maddəsi də göz bəbəyi kimi qorunan davranış qaydaları, əxlaq normaları millətin mövcudluğunu hifz edirdi. Kübar nə idi, toyda, düyündə qol qaldırıb oynamaq nə idi. On-on beş əsilzadə bir yerə cəm olsaydı, onların səsini iki-üç addımlıqda da eşitmək olmazdı.

       ...Əlincə xarabalığında kiçik bir dəstə ilə (onların da yarısı yaralı idi) altı ay Paskeviçin say -seçmə ordusuna qarşı duruş gətirən igid Laçın bəy idi. Bizim “vətənpəvər tarixçilər indiyə qədər bu rəşadətli əsilzadədən iki kəlmə yazmayıblar. Amma ruslar yazıblar, özü də heyranlıq hissi ilə!

       Salyanda adi yaba, dəryaz, dəhrə, balta ilə cəmi üç-dörd “dayan doldurum” tüfənglə silahlanmış adi camaat iki gün rus qoşununa qarşı vuruşub şəhadətə çatmışdı. Onlara rus generalının göstərdiyi hərbi ehtiramdan da yazmışam. Rus rusluğu ilə torpaq, iman yolunda ölümə getmiş müsəlmanları bayraqlarla salamlayıb, illər keçəcək, bizim biqeyrətlər isə din və millət xaini Qatır Məmməd kimi alçağa heykəl qoyacaq, film çəkəcəklər. Nəyiksə buyuq!

       ...Moskva irticası millətin qaymağını yetişdirdiyi kommunist, komsomolçu kadrların köməyi ilə məhv edəndən sonra, özünü şair, tarixçi, yazıçı sayan güruhun qarşısında bir məqsəd qoymuşdu: Azərbaycanda uşaqlardan məhz Pavlik Morozovlar yetişməlidir, Azərbaycan gəncinə təlqin olunmalıdır ki, onun qeyrətli kübarı olmayıb, burada təqdir ediləsi nə varsa, hər şey rusların sayəsində ortaya çıxıb. Maraqlı burasıdır ki, hakim üsuli-idarə var gücü ilə onun əmrlərini can-başla yerinə yetirib xalqın tarixini bilərəkdən sərnigun edənləri müdafiə edirdi. İnfuzorilərin əli ilə onları reklamlaşdırıb, maneəsiz, filansız əsərlərini çap eləyib, ənamlarını vaxtlı vaxtında verib. Yeri gələndə onların guya təqib edilmələri barədə də şayələr yaymaqla qara camaat qarşısında əzabkeşə döndərib. İndi gəl belə yaramaza söz de, görün necə deyəcəksən.

       Silklər, zümrələr təbəqələr barədə çar hökuməti dövründə ciddi qanun-qayda vardı. Kimin hünəri vardı başqa təbəqəyə aid olan imtiyaz və normalara sahib çıxaydı. Hər fərd də öz sinfi mənafeyini, mənsub olduğu təbəqənin adını şərəfini qoruyurdu. Hələ 40-50 il bundan əvvəl mən məsələn innabı rəngin hansı təbəqəyə mənsub olmağı barədə yazmışdım. Başdan ayağa xalqı qəsdən alçaldan profanasiyadan ibarət olan “Dəli Kür” filmində Cahandar ağanın başqasının kəbinli arvadını qaçırması elə murdar iftiradır ki, adam danışa bilmir. “Ağa” silkinə aid olan Cahandar həyatda bu qələti edə bilməzdi, çünki, mahalın, el-obanın qeyrətini çəkən əsl şəcərəli bəylər onun ətini şişə çəkərdilər, nəslini də gözümçıxdıya salardılar.

       Dəfələrlə yazmışam ki, “Dəli Kür” filmində göstərilən “Zikr məclisi” bütün millət üçün təhqirdir. 30-cu illərdə dinimizə, adət-ənənələrimizə amansız müharibə elan etmiş, minlərlə pak dindarı sürgünə göndərmiş  Baş siyasi idarənin, Xalq Daxili İşlər  Komissarlığının cəlladlarının yuxularına belə girmədiyi rəzaləti ekranlara çıxarıb milləti xəcil edənlərə mən niyə nifrət eləməyim?

       İsmayıl Şıxlının bu rəzil profanasiyasın tərif edənlər bir dəfə maraqlanıblar ki, Rusiyada hərbi hissələrdə  “Dəli Kür” filmi göstəriləndə nə qədər azərbaycanlı balası rusların təhqiramiz atmacalarının qurbanı olublar?

(Bu qədər sarsıntılardan sonra lap elə bu günlərdə “Dəli Kür” filminin təzədən telekanalda görünməsi hansı zərurətdən doğub?)

       Qafqaz canişini və Daxili İşlər Nazirliyi tərəfindən təsdiq edilən qazilərə böyük səlahiyyətlər verilmişdi. Onları adi axund və mollalarla qatışdırmaq olmaz.  Bəli, çox arvadlılıq vardı, amma, qazilər zinakarlığın qatı düşməni idilər, kimin cürəti çatardı başqasının ailəsinə təcavüz eləsin. Heç bir qubernator, mahal rəisi qazilərin fətvasının əleyhinə getməzdi. Bələ ki, Azərbaycanda başqasının kəbinli arvadının zorla aparılması murdar iftiradır.

       ...1932-ci ildə kommunist terrorunun qızışdığı dövrdə Lahıcda bir hörmətli bəy sırtıqlıq edən bir komsomola  “ədəb dərsi” verir. Bəyi çəkirlər məhkəməyə.  Hakim iclas zamanı onun adını çəkəndə bəy ayağa qalxmır və tələb edir ki, kimliyini, soyadını düz desinlər. Hakimin bəs nə cür deyim, sualına bəy cavab verir ki, babama bəy adını şücaətinə görə, ağ sah, yəni imperator verib, adım, soyadım belədir, Səfərbəyov Əbdülqadir bəy Adil bəy oğlu. Başqa cür deyilsə, cavab verməyəcəyəm.

       Kommunist hakim baş əyməyən bəyə beş il həbs cəzası verir, üç il də səsdən məhrum edir. O illərdə kübarlığı ilə fəxr edən adam üçün beş il həbs cəzası “gedər-gəlməz” idi. Amma əsl kişilər hər cəfaya dözüb baş əymirdilər.

       ...Bəli, vaxtilə Mirzə Cəlil əlləşib-vuruşub cəmiyyətdə bir Qurbanəli bəyi tapıb onu rüsvayi-cahan etmişdi, amma indi YAP-ın sərvəti-samanlı “baronlarının” eqidası altında keçirilən tədbirlərə, məclislərə baxsanız qurbanəli bəylərin çoxluğundan gözləriniz qamaşacaq.

Firuz Haşımov

 

 

 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR