Saat:18:33
Haqqımızda

"Müxalifət terror yolu ilə hakim partiya üzvlərini qorxudur ki, Paşinyana tabe olmayın" - POLİTOLOQ

2024-03-28 14:32:48

"Hökumət üzvlərindən və hakim partiya funksionerlərindən hələ ki, Paşinyan əleyhinə açıqlama verən yoxdur, ancaq bunun daima belə olacağının təminatı da yoxdur"

"Ermənistanın müxalifət mətbuatı Nikol Paşinyanın tərəfdarlarını terrorla hədəlməyə başlayıb. Yazırlar ki, son günlər hakim “Mülki Müqavilə" partiyasının ofisi və üzvlərinin evləri qarşısında partlayışlar baş verir, polis bölmələrinə hücumlar qeydə alınır və s.". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Politoloqun sözlərinə görə, müxalif mətbuat bunları misal göstərərək erməni cəmiyyətinə təlqin etməyə çalışır ki, hakim partiyanın üzvləri həyatları üçün qorxmağa başlayıblar və hakimiyyətin devrilməsi halında iztirablarla üzləşəcəklərindən çəkinirlər: "Mətbuat onu da yazır ki, hadisələrin nəzarətdən çıxacağı halında baş nazir Nikol Paşinyan ölkəni tərk edəcək və Qərb ölkələrindən birində sığınacaq tapacaq, hakim partiyanın digər üzvləri isə qaça bilməyəcəklər. Müxalifətin mətbuat vasitəsilə yayımladığı məqalələrin məqsədi aydındır. Müxalifət terror yolu ilə hakim partiya üzvlərini qorxudur ki, Paşinyana tabe olmayın, əks halda sizi ölüm və həbs gözləyir. Seçki və küçə mitinqləri yolu ilə hakimiyyətə gələ bilməyən müxalifət bu üsulla hakim partiyanın içində fikir ayrılığının dərinləşməsinə və Nikol Paşinyanın hökumət içində mövqelərinin zəifləməsinə çalışır".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri qeyd edib ki, müxalifətin bu planlarından Paşinyan xəbərdardır və ona görə də baş nazir tez-tez partiyasının qapalı toplantılarını keçirərək partiyadaşlarıyla müxtəlif mövzularda müzakirələr aparır: "Bu Paşinyana ona görə lazımdır ki, kimin necə düşündüyünü özü üçün müəyyənləşdirə bilsin. Hökumət üzvlərindən və hakim partiya funksionerlərindən hələ ki, Paşinyan əleyhinə açıqlama verən yoxdur. Ancaq bunun daima belə olacağının təminatı da yoxdur".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR