Müxalifət oturaq aksiyaya qərarı verdi, meydana çadırlar gətirilir – Paşinyan devriləcək?

2022-05-04 13:18:00

Müxalifət oturaq aksiyaya qərarı verdi, meydana çadırlar gətirilir – Paşinyan devriləcək?

Ermənistan müxalifətinin bir neçə gündür paytaxt İrəvanda başlatdığı etiraz aksiyaları daha da şiddətlənib. Polislə etirazçılar arasında paytaxtın mərkəzi küçələrində iğtişaşların baş verdiyi, küçə qarşıdurmalarının yaşandığı deyilir.

Parlamentin vitse-spikeri, “Daşnaksütyun” partiyasının idarə heyətinin nümayəndəsi İşxan Saqatelyan deyib ki, birləşmiş müxalifət İrəvanın mərkəzindəki “Fransa meydanı”nda çadırlar quraraq, gecələməyə hazırlaşır və bazar ertəsi genişmiqyaslı vətəndaş itaətsizliyi aksiyalarına start veriləcək.

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan aksiya iştirakçılarını ziyarət edərək onlarla söhbətləşib, foto çəkdirib. Bazar günü keçirilən aksiyada ölkənin ikinci prezident olmuş Robert Köçəryan da iştirak edib.

Nə baş verir?

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentində məlum çıxışı zamanı müxalifəti qəzəbləndirəcək və onlara mübaricə üçün yeni tezislər sayılan ciddi açıqlamalar vermişdi:

“Ermənistan və Azərbaycan tezliklə sülh sazişi bağlamalıdır”, “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır”, “Ermənistanın Azərbaycana qarşı heç vaxt ərazi iddiası olmayıb və Qarabağ məsələsi ərazi deyil, hüquq məsələsidir” və s.

Əslində Paşinyan bu sözlərlə ölkə ictimaiyyətini mövcud reallıqlarla barışmağa, əks təqdirdə hərbi əməliyyatların qaçılmaz olduğuna inandırmağa çalışırdı. Paşinyan başa düşür ki, sülh müqaviləsi tez bir zamanda imzalanmasa, nə Türkiyə ilə münasibətlər normallaşacaq, nə də Ermənistan Rusiyanın təsirindən xilas ola biləcək.

Paşinyanın Qarabağın “statusu”nu arxa plana keçirməsi, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində fəallığa başlaması isə müxalifətə yeni fürsətlər yaradıb. Hazırda radikal müxalifətin bütün qanadları baş nazir Nikol Paşinyanı devirmək üçün birləşib.

Etirazçılar Paşinyanı devirə biləcək?

Müxalifət etiraz gücünü və qələbəyə inamı artırmaq, eləcə də etirazçıların say çoxluğuna nail olmaq üçün simvolikadan geniş istifadə edir. Misal üçün, etirazçılar hazırda İrəvanın “Fransa meydanı”nda daha kompakt şəkildə toplaşıb. Paşinyan da vaxtilə etirazlara buradan başlamışdı. Etirazçılar bununla əslində Paşinyana “vaxtilə etdiyini təkrarlayaraq, səni səni inqilabla devirəcəyik” mesajını verir.

Ermənistan müxalifəti Yerevanda mitinq keçirib, hökümət "kütləvi iğtişaşlar" barədə xəbərdarlıq edib - BBC News Azərbaycanca

Amma etirazlar nə qədər ciddi görünsə də, Paşinyanın devriləcəyi real görünmür:

Birincisi, etirazçıların sayı Paşinyanı devirmək üçün kifayət deyil. Məsələ ondadır ki, bir neçə gün öncə etirazçıların sayı 15 min həddində idisə, hazırda bu say 5 mindən azdır.

İkincisi, hakimiyyətə qarşı etiraz aksiyaları təşkil edənlərin Ermənistanın düşdüyü vəziyyətdən çıxması üçün heç bir proqramı yoxdur. Hazırda etirazçılar sadəcə olaraq Paşinyanı devirmək istəyirlər. Sonrakı planlarının nə olacağı isə nə özlərinə, nə də erməni cəmiyyətinə bəlli deyil.

Üçüncüsü, erməni xalqı yaxşı başa düşür ki, Paşinyan devrilsə, Köçəryan, Sərkisyan, Vanetsyan, və ya bu kateqoriyadan olan başqa bir şəxs hakimiyyətə gələcək. Bu qüvvələr isə öz növbəsində əvvələr olduğu kimi hakimiyyəti bölüşdürməyə başlayacaqlar. Erməni xalqı daha hakimiyyətə can atan bu və ya digər qüvvələrin onların hesabına varlanmasını və ya onların siyasi məqsədləri üçün övladlarının qurban olmasını istəmir.

Turan Rzayev


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya