MÜSTƏQİLLİYİMİZİN BANİLƏRİ - Ramazan Siracoğlu yazır

2022-05-30 16:14:00

MÜSTƏQİLLİYİMİZİN BANİLƏRİ - Ramazan Siracoğlu yazır

28 May bizim hamımız üçün özəl önəmi olan, xüsusi tarixdir. Azərbaycan Respublikasının siyasi dünyaya gəlişi, dünya dövlətlərinə “mərhaba!” dediyi, siyasi iradəsini ortaya qoyub öz müstəqilliyini bildirdiyi gündür 28 May!  Əminliklə qeyd etmək istəyirəm ki, bu gün Cümhuriyyətimizin memarı Məhəmməd Əmin bəy Rəsulzadə başda olmaqla, Nəsib bəy Yusifbəylinin, Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoyskinin, Əhməd bəy Cavadın,  Üzeyir bəy Hacıbəylinin, Xudadad bəy  Rəfibəylinin, Xosrov bəy Sultanlının, Behbud ağa Cavanşirin, Məhəmməd Həsən bəy Hacılının, Xəlil bəy Xasməhəmmədlinin və cümhuriyyət uğrunda fədakarlıqla mübarizə  aparmış minlərlə mücahidlərin ruhları da şaddır. 

Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin qurucusu olmaq şərəfini ilahi qüdrət Məhəmməd Əmin Rəsulzadə başda olmaqla Cümhuriyyət Qurucularımızın    bəxtinə yazdı.  Tale  onları çox sınaqlara çəkib, çox məhrumiyyətlərə düçar etsə də onları  heç bir vaxt nə əyə, nə də sindıra bildi. Hər yerdə- İranda, Rusiyada, Finlandiyada, Polşada, Belçikada, Fransada, Almanyada və digər ölkələrdə ancaq Azərbaycanı düşündülər. “Sən bizimsən, bizimsən durduqca bədəndə can. Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”- sözləri dillərindən heç düşmədi. Bir ömür boyu Azərbaycanın  müstəqilliyi və xoşbəxtliyi uğrunda nikbinlik və  əzmlə sürdürdükləri siyasi mübarizədə  şüarları “Bir kərə yüksələn bayraq bir daha enməz!” sözləri oldu. Dünyalarını  dəyişəndə də “Azərbaycan, Azərbaycan” pıçıldadılar.

1920-ci ilin aprel ayının 27-dən 28-ə keçən gecə Milli Parlamentin son iclasından sonra bolşeviklər tərəfindən endirilən  Dövlət Bayrağımız uzun müddət milli özünüdərk qabiliyyətinə malik olan mənəvi övladlarımızın ürəklərində qorundu, azadlıq aşiqlərinin röyalarını süslədi, təpərli, ərdəmli  övladlarımızı  milli özgürlük mücadiləsinə yönləndirən məşəl oldu, qaranlıq beyinlərə işıq saçdı, yollarına nur çilədi. Qızlarımızın gəlinlik duvağı, şəhidlərimizin son örtüyü, barışın göyərçini, savaşın qartalı BAYRAĞIMIZ haqqında Məhəmməd Əmin bəyin böyük uzaqgörənliklə söylədiyi sözlər şükürlər ki, bu gün gerçəkliyə çevrilmişdir. Cümhuriyyətimizin Qurucularının  bizə əmanət etdikləri,  ilk ölncə qədirbilən yurdsevərlərimizin qəlbində ucaltdıqları o BAYRAQ indi qürur və əzəmətlə dünyanın ən mühüm məkanlarında, ən mötəbər yerlərində şərəflə dalğalanır.  

Elan olunduğu  ilk gündən etibarən siyasi maniələrlə qarşılaşan Cümhuriyyətimiz müstəqillik yolunda çox çətinliklərə sinə gərmişdir. Zaman- zaman gah adına etiraz etmişdilər, gah bayrağına, gah gerbinə, gah da himninə irad tutmuşdular. Hətta musiqimizin Loğmanı dahi Üzeyir bəyi, şeirini adının, soyadının və atasının adının baş hərfləri ilə imzalamış Cavad Axundzadə Məhəmmədəli Oğlu (Camo bəy) müstəarı ilə imzalayan şəhid şairimizi də təftiş edənlər olmuşdu.  Çar Rusiyasının imperiya siyasətini bir qədər fərqli şəkildə davam etdirən Sovet dövlətinin kommunist ideoloqları, onların buyruq qulları 71 il dayanmaq bilmədən cəmi 23 ay mövcud olmuş Cümhuriyyətimizə nə qədər qara yaxsalar da istədiklərinə nail ola bilmədilər, milli dövlət sevdalılarının, milli düşüncə sahiblərinin ürəklərindən, beyinlərindən Məhəmməd Əmin Rəsulzadənin və onun məfkurə qardaşlarının adlarını silməyi bacarmadılar, onları unutdura bilmədilər. Ciblərində şairlik, yazıçılıq “knijka”ları daşıyanların, orden- medal, rütbə almaq hərisliyi ilə yanıb- yaxılanların, qafiyəli söz yığını mürəttiblərinin makulaturalıq əsərləri də  Cümhuriyyət Qurucularının adlarına kölgə salmaqda aciz qaldı.  Əksinə, tarixin  sərt küləkləri əsərək onarı qaralamaq istəyənlərin çör-çöpünü sovurub yox etdikdən sonra gerçəklər üzə çıxdı. ALLAHA şükür ki, Cümhuriyyət Qurucularını unutdurmağa çalışanların  özlərinin adı indi unudulur, beyinləri sovet ideologiyası ilə zəhərlənməyən gənc nəsillər onların varlığından xəbərsiz böyüyürlər.

Cismən dünyanın fərqli- fərqli  yerlərində uyuyan Cümhuriyyət Qurucularımızın  hamısının ruhu bu günlərdə Bakıdadır.  Onlar dalğalanan Dövlət bayrağımızda,  səslənən himnimizdə, parlayan  gərbimizdə təcəssüm edərək  bizi salamlayır, Vətənimizin uğurları  yolunda  attığımız addımlarda bizə xeyir-dua söyəyirlər. Bu günlərdə Bakımızın səmasında şanlı Azərbaycan şahinləri ilə bərabər  uçan qəhrəman Türk şahinləri də süpersonik təyyarələrlə sanki Cümhuriyyət Qurucularımıza  əsgəri salam verirlər. 

Cümhuriyyətimizin unudulmaz QURUCULARI! Siz hər zaman bizimləsiniz, qəlbimizdəsiniz. İnanıram ki, Sizi  nahaq yerə tənqid edənləri  də, fikirlərinizə qarşı olanları da Siz çoxdan bağışlamışsınız. Neyləsinlər, axı  onların  da qazancları, titulları Sizi tənqiddən asılı idi. Axi, hamı Hüseyn Cavid və ya Əhməd Cavad ola bilməzdi. Siz mənim ağaran saçlarıma baxmayın. Azərbaycan uğrunda ideoloji mübarizənin rütbəsiz, adsız-sansız, sıravi əsgəri kimi istənilən dilli, irqli, cinsli,  məkanlı, yaşlı, rütbəli, güclü  rəqibi ilə kompromissiz ideoloji mücadəliyə tam hazır mücahidlərinizdənəm. 

Məni buraya, Cəbəciyə gətirən taksiçi Əsriyə yaxınlaşanda çox duyğulandığımı görüb “abi, lütfen söyler misiniz, ziyaretine gittiğiniz kişi sizin kiminiz oluyor?” soruşanda qürurla “Cümhuriyyətimiz uğruna savaşta Kumandanım” cavabı verdim. Taksiçi heyrətlə üzümə baxdı “asker misiniz, efendim?”. “Evet”- deyirəm.  “  eğer 28 Mayısta  buraya gelirseniz  Kumandanımın ne kadar askeri olduğunu o zaman görürsünüz” söyləyəndə taksiçi marağını gizlədə bilməyib “28 Mayısta niçin kalabalık olacakmış?” soruşur. Taksiçinin bir şey anlayacağından əmin olmasam da   səbəbini belə açıqladım:

Bir Mayısı vardır Enver Paşanın—Bakü’ye bakar,

Bir Mayısı vardır Nuri Paşanın— Gence’ye çıkar.

Bir Mayısı vardır Resulzade’nin- İstiklal okur!

Mayıs ayı bir gök çiçek— özgürlük kokar.

Mayıs ayı beyaz, Mayıs ayı hürriyete gebe…

Əsridə əbədiyyətə qovuşmuş Məhəmməd Əmin bəyi ziyarət etməklə xəyalən həm də Parisdə uyuyan Əlimərdan bəyi, Tiflisdə yatan Fətəli xanı, məzarı naməlum şəhid Nəsib bəyi də yad etdiyimi düşünürəm. Dilim Əsridə   fatihə oxuyarkən beynimdən bu sətirlər süzülüb gəlir

Düşünmə qəribsən. Yalnız başına

Səni ziyarətə, görməyə gəldim.

Doğma Novxanıdan sinə daşına

Dərdiyim gülləri sərməyə gəldim.

***

Yusifbəyli Kürdəmirdə yoldadır,

Topçubaşov Parisdə  iqbaldadır.

Fətəli xan Tiflisdə bərk haldadır.

Onlara da salam  verməyə gəldim.

***

İnanıram, sizə könül bağlayan

Sizinlə sevinən, gülüb ağlayan,

Ərənlərdən olur. Mən də bircə an

Ağlayıb əhdimə erməyə gəldim.

***

Bilən bilir nələr gəldi başına,

Qıydılar Vətənin cavan yaşına.

Əsridə sübh çağı məzar daşına

Qızılgüldən çələng hörməyə gəldim.

***

Türbənə kölgələr salmış Bayrağın,

Zirvəyə yüksəlmiş, qalmış Bayrağın,

Rəngini göylərdən almış Bayrağın

Uğrunda sinəmi gərməyə gəldim.

Ramazan SİRACOĞLU


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya