Saat:18:35
Haqqımızda

“Müstəqillik dövründə cəhənnəm əzabı çəkmişəm” – FİRUZ HAŞIMOV

2022-04-19 13:02:00

“Müstəqillik dövründə cəhənnəm əzabı çəkmişəm” – FİRUZ HAŞIMOV

“Bircə arzuma çatmışam, qalan arzularım ürəyimdə qalıb…”

“Həyatımızı istiqlaliyyət uğrunda qurban verdik, hər şeyimizi itirdik, indi dərmana pul tapa bilmirik”

Bu günlərdə "Hürriyyət"in qocaman yazarlarından olan Firuz Haşımovun 84 yaşı tamam oldu. Bu münasibətlə qocaman yazarla söhbətləşdik.

- Firuz müəllim, iki gün əvvəl 84 yaşınız tamam oldu. İlk olaraq ad gününüzü təbrik edirik.

- Çox sağ olun.

- Maraqlıdır, sizin üçün 84 yaş nə deməkdir?

- Heç bir şey. Kitabım bağlanıb. Bir azdan gedəcəyəm…

- Ümumiyyətlə, sizi bu həyata bağlayan nədir?

-  Məni bu həyata nəvələrim bağlayır. Amma bütün arzularım ürəyimdə qaldı…

- Yəni arzuladığınız həyatı yaşaya bilmədiniz?

- Yox, arzularım gözümdə qaldı. Bir arzum var idi, ona çatmışam, Üzeyir bəyin yurdu üçün... Bir o arzuma çatmışam. Qalan bütün arzularım ürəyimdə qalıb. Mən müstəqillik dövründə cəhənnəm əzabı çəkmişəm. Sovet dövründə məni tanıyırdılar. Sovet dövründə mən ən azı 35 il yerin altında (metroda – müəl.) çalışdım, bununla belə, həmin hökumət mənim çörəyimə toxunmadı. Həm çap olunurdum, həm sözümü deyirdim, həm yaxşı qonorar alırdım, həm də maaş alırdım. O hökumət mənim çörəyimə toxunmadı. Müstəqillik dövründə isə məni “it gününə” saldılar. Özü də kimlər... Həmin sovet imperiyasına can-başla qulluq edənlər, imperiyanın nökərləri.

- Dövlət qarşısında xidmətlərinizi sadalasaq, ilk olaraq nədən başlayardınız?

- Mən əlimdən nə gəlibsə etmişəm. Məsələn, mən xoşbəxtəm ki, Azərbaycan mətbuatında Azərbaycan xalqının memarlıq abidələrinin qorunması üçün məqalələri yazmışam. Xoşbəxtəm ki, ilk dəfə olaraq Azərbaycanın hərb sənəti tarixi, miniatür sənəti haqda məqalələri mən yazmışam. İlk dəfə olaraq Azərbaycan mətbuatında klassik Azərbaycan musiqisini elə tədqiq etmişəm ki, onun üzərində heç kim işləməyib. Azərbaycan milli xoreoqrafiyası haqqında məqalələri mən yazmışam. Amma çox təəssüf ki, kitab buraxa bilmədim. Kitab buraxmağa qoymurdular. Qəzetlərdə, jurnallarda nəşr olunurdum, amma kitab halına sala bilmirdim.

- Bəs, bundan sonra yazılarınızı kitab şəklində nəşr etmək fikriniz varmı?

- İndi bunu etməyə pulum yoxdur. Yalan olmasın, on-on beş illik tədqiqat işlərim yığılıb. Çoxlu məqalələrim çıxıb, hamı məndən o ki var istifadə edib, amma pulum yoxdur deyə kitabımı buraxa bilmədim. Bildiklərimi özümlə gora aparacağam.

- Firuz müəllim, həyatınızın bundan sonrakı dönəmini necə bir ölkədə yaşamaq və Azərbaycanı necə görmək istərdiniz?

- Qanunlarımızın işləməsini istəyərdim. Bu günədək qanunlarımız nəzərə alınmayıb. Məni yandıran odur ki, dünən Heydər Əliyevi söyənlər gəlib Milli Məclisdə, hakimiyyətdə oturublar. İndi onların zəmanəsidir.

O ki qaldı mənim yaşamağıma, mənə yaşamağa imkan verilsəydi, yenə əvvəlki ömrümü yaşayardım. Peşiman deyiləm. Qoy əzablı olsun, amma əzabın özündə bir ləzzət var. Sovet hökumətinə nə deyirsiniz deyin, konslager da deyə bilərsiniz, amma onlar mənim başıma bu oyunu gətirməmişdilər. Mən o vaxt əlimdən gələni etdim. Amma indi ağzını açan kimi istənilən saray mətbuatı, istənilən həşərat səni məhkəməyə verə bilər ki, bu bizi təhqir edib. Elmira Axundova kimi bir fırıldaqçı məni məhkəməyə verib ki, guya, onu təhqir etmişəm. Məni 20 ay qocalıq təqaüdündən məhrum etdilər. Halbuki o təqaüdü 35 il yerin altında çalışıdğıma görə mənə vermişdilər. Azərbaycanın “ədalətli məhkəmələri” mənim üçün qərar çıxardılar ki, 10 min manat da cərimə verməliyəm. Bunlar pula pul demirlər.

- Müstəqillik dövründə cəhənnəm əzabı çəkdiyinizi deyirsiniz. Amma bu müstəqillyin qazanılmasında sizin də xidmətləriniz az olmayıb…

- Həyatımızı istiqlaliyyət uğrunda qurban verdik, hər şeyimizi itirdik, indi dərmana pul tapa bilmirik. Amma Elmira Axundova kimilərinin əmlakının, sarayının sayı-hesabı yoxdur. Ona söz demək olmur. Ümumiyyətlə, Ramiz Mehdiyevin dəstəsinə söz demək olmaz. Vaxtilə Heydər Əliyevin ailəsinə ləkə atılanda indiki Yeni Azərbaycan Partiyasından bir nəfər dillənmirdi. Birisi nə "Azadlıq"da, nə "Yeni Müsavat"da çıxan kəskin yazılara reaksiya verə bilmirdilər, yeganə vuruşan mən idim, buna görə də "mükafat”ımı aldım.

Söhbətləşdi: Ülviyyə ŞÜKÜROVA