MUSİQİ İCTİMAİYYƏTİ ONU GÖSTƏRDİYİ XİDMƏTƏ GÖRƏ YAXŞI TANIYIR - Fotolar

2022-04-22 11:34:00

MUSİQİ İCTİMAİYYƏTİ ONU GÖSTƏRDİYİ XİDMƏTƏ GÖRƏ YAXŞI TANIYIR - Fotolar

Elşən Sabir oğlu Əlizadə 1959-cu il avqustun 7 də Füzulidə anadan olub. Məhkəmə sistemində ekspert-həkim işləyən Sabir Əli oğlu Əliyev (1927-1977) Şuşada anadan olub böyümüşdü, evi də burada idi. O, işi ilə əlaqədar Azərbaycanın bir çox yerlərində işləyib yaşamalı olmuşdu. S.Əliyev 1957-1959-cu illərdə Füzuli rayonunda çalışdığı üçün ailəsi ilə burada yaşadığı zaman Elşən burada dünyaya gəlib. Sabir Əliyev istedadlı soydaşlarımızdan biri olaraq çox yaxşı tar çalır, gözəl rəsmlər çəkir, həm də yüksək şairlik qabiliyyətinə malık idi. Onun şeirləri qəzet, jurnal və kitablarda şair-həkim təxəllüsü ilə çap olunurdu. “Şuşa nəğmələri” kitabında onun şeirləri də özünə yer alıb.

Sabir Əliyev respublikamızda SSRİ səhiyyə əlaçısı fəxri adı və döş nişanı ilə təltif olunan ilk və yeganə yurddaşımız idi. Çünki bilirdilər ki, bu adam bütün fəaliyyəti ərzində rüşvətsiz işləyib. Azərbaycan sovet ensiklopediyasının cildlərinin birində onun haqqında məlumat verilir.

Şuşanın işğalıdan azad olunmasından sonra bu şəhərdə keçirilən ilk “Xarı bülbül” festivalında aparıcı Tahir İmanov tədbiri Sabir Əliyevin “Qoy hamı bilsin ki, Şuşalıyam mən” şeiri ilə açmışdır.

Çəkdiyim şəkili verim yadigar,

Baxanda görsünlər bir yanda bahar,

Bir yanda dağların zirvəsində qar,

Bir yanda dərədən qalxan duman-çən,

Qoy hamı bilsin ki, şuşalıyam mən.

Keflər açılanda, olanda duru,

Tarda dilləndirim “Rast”ı, “Mahur”u,

Zümzümə eyləyim “Segah”ı, “Şur”u,

Yada düşsün Cabbar, Bülbül, Xan həmən,

Qoy hamı bilsin ki, şuşalıyam mən.

Oxuyum qəzəli, oxuyum şeiri,

Bilsinlər dağlardır Sabirin yeri,

Amma soruşmasın dostun heç biri,

Bəs nədən saçıma düşüb belə dən,

Qoy hamı bilsin ki, şuşalıyam mən

Burada şeri ixtisarla vermşik.

Sabirin həyat yoldaşı Rəna Tofiq qızı (1928-1973) həkim pediatr idi. Rəna xanımın atası Tofiq Ağa oğlu Ağayev Azərbaycan SSR əməkdar məllimi fəxri adı ilə təltif olunmuşdu. O, Elmi Tədqiqat İnstitutunda riyaziyyat üzrə yüksək vəzifə daşıyıb və bu sahədə mühüm xidmət göstərib.

Elşənin ata babası Əli İbrahim oğlu Əliyev çörək zavodunun direktoru olub, 1941-1945-ci illərdən xalqın çöröklə təmin olunmasına xidmət edib. Onu bu işdən uzaqlaşdırmaq istəyən qüvvələr olsa da, bunu bacarmayblar, çünki bu kişi öz işini yaxşı bacarıb və təmiz çalışıb.

Elşənin ana nənəsi Validə Əsəd qızı Ağayeva (1907-1991) Qazax seminariyasını bitirib. Göründüyü kimi Elşən ziyalı bir şəcərə xəttinin münayəndəsidir.

E.Əlizadə 1965-1968-ci illərdə Sumqayıt şəhərində rus məktəbində oxuyub. Ailə sonra Şüşaya köçüb. O, burada 4 saylı ümumtəhsil məktəbin şagirdi olub və VIII sinfi bitirib. Sumqayıtda uşaq musiqi məktəbinin skripka sinfində yarım il dərs alıb. Şuşa uşaq musiqi məktəbində tar sinfində oxuyub. İxtisas müəllimi Eldar Əliyev olub. Ailə atanın işi ilə əlaqədar Laçında məskunlaşdığı üçün uşaqlar təhsili burada davam etdirirdilər. Elşən Laçın şəhər uşaq musiqi məktəbinin tar sınfində oxuyaraq istedadlı çagird kimi diqqətdə idi. İxtisas üzrə ona Camal Osmanov dərs deyir və onunla ciddi məşğul olurdu. Elşən bu məktəbdə 3 il oxuyub.

Ə.Bakıxanovun rəhbərliyi ilə respublika uşaq musiqi məktəbləri arasında keçirilən baxış-müsabiqədə çıxış edən Elşən Əlizadə laureat adına sahib çıxıb. Yekun konserti AzTV-də olub və Elşən “Şur” muğamı çalıb. O, 1973-1977-ci illərdə Xankəndindəki Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. Süleyman Ələsgərovun təşkilatçılığı və rəhbərliyilə keçirilən Respublika orta ixtisas musiqi məktəbləri arasında keçirilən I respublika baxış-müsabiqəsində iştirak edərək laureat adına layiq görülüb. O, III kursdan Xankəndidə Qarabağ Dövlət Mahnı və Rəqs Ansamblının tarzən-konsertmeysteri vəzifəsində çalışıb. Məktəbi bitirərək təyinat üzrə Qubadlıya göndərilib.

1977-ci ildə Elşənin atası dünyasını dəyişərkən, xalq artisti, görkəmli bəstəkar Süleyman Ələsgərov Şuşaya yasa gələrək məclisdə iştirak edir. O, Elşəndən böyük qardaşı İbrahimə tapşırır kı, mütləq onu Bakıya konservatoriya təhsili almağa göndərin. E.Əlizadə 1978-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına imtahan verir və yüksək göstəricilərlə qəbul olunur. Burada onun ixtisas müəllimi xalq artisti, görkəmli bəstəkar Səid Rüstəmov olub. Elşən IV kursda ikən o, dünyasını dəyişmişdi.

Buradakı mühit Elşəni yaxşı bir müsiqiçi kimi yetişdirir. O, həmin illərdə “Dastan” folklor ansamblda tar, saz alətlərini məharətlə ifa edir. Bundan başqa müxtəlif ansambllar və insrtrumental qrupların tərkibində tar, gitara ifaçısı kimi çıxış edir, respublikanın adlı-sanlı musiqiçiləri, xanəndələri ilə konsertlərdə, toylarda və səs yazılarında çalır.

Elşən xalq artisti, məşhur xanəndə Baba Mahmudoğlunun bir neçə dəstgah muğam ifasını “Dastan”ın tərkibində tar-kamança ilə AzTV üçün konsert çəkilişində müşayiət edib. Ümumiyyətlə “Dastan” foklor ansamblın əvvəlki heyətinin tərkibində repertuarın teleradio üçün yazılışında Elşənin xüsusi rolu olub.

E.Əlizadə 1978-ci ilin yayında S.Ələsgərovun təşəbbüsü ilə təşkil edilən I Respublika müsabiqəsində iştirakçı olur və H.Xanməmmədovun tar ilə orkestr üçün ikinci konsertini ifa edərək adını qalib sırasına yazır. Münsflər heyətinin sədri Süleyman Ələsgərov, üzvlər Oqtay Quliyev, Mürsəl Həsənov və başqa tanınmış simalar idi. E.Əlizadə ali təhsili 1983-cü ildə başa vurur. Bakı musiqi mühiti Elşəni tam peşakar ifaçı kimi yetişdirir. Onun mükəmməl ifasını görüb bir çox musiqi qruplarına dəvət edirlər. O, öncə Azərbaycan Teleradio Verilişləri Komitəsində Yusif Heydərovun rəhbərlik etdiyi “Təranə” Gənclik ansamblının fəal üzvü olub. Uzun illər ərzində bu ansamblda çox ifaçı yetişib və onlardan biri də E.Əlizadə sayılmalıdır.

O, xalq artisti, tarzən Həbib Bayramovun müğənni İlhaməni müşayiət etmək üçün yaratdığı instrumental ansamblda elektro-gitara çalır, müğənninin səsinin radio üçün yazılışında iştirak edir. Elşən 1 il N.Musayevin “Röya” instrumental ansamblın gitaraçalanı da olub.

Bundan başqa Elşən 25 yaşında olarkən xalq artisti, müğənni Zaur Rzayevin qrupunda çıxış edərək Azərbaycan Qasrol-Konsert Birliyinin xəttilə rayonlarda təşkil olunan konsertlərdə onu müşayiət edən ansamblın tərkibində çıxış edir. Zaurun qrupunda Az.konsertin müğənniləri Validə Mahmudova, Sədaqət Hacıyeva, Ədilə Əflaki və Əli Mirəliyev də rayonlara səfərlərdə oxuyurdular. Elşən Zaurun xeyli səs yazısında da ifa göstərib. Qeyd eməliyik ki, Azərbaycanda milli saza simli alətlər üçün nəzərdə tutulan, inkişaf etmiş ölkələrdə istehsal olunan səsgücləndirən xüsisi texniki çihaz və Türkiyə sazlarındakı kök sim əlavə etməklə çalan və Türkiyənin elektro sazını ansambl tərkibində səsləndirərək müğənniləri müşayiət edən ilk ifaçı Elşən olub. O, Z.Rzayevin radio fondu və AzTV üçün oxuduğu “Gör nəçiyəm mən” xalq mahnısının əvvəlində “Dilkeş” gəzişmələri edib və xanəndə muğam oxuyub. İfa səviyyəli alınıb. Ümumiyyətlə Elşənin simli alətlərdə xanəndələri müşayiət etməsi həmişə yüksək səviyyəli, təsirli, inçə məqamlı, samballı, dəyərli, bəyənilən və sevilən olub. O, bu işdə özünü həmişə ayıq-sayıq, pərgar və usta ifaçı kimi göstərə bilib. Xalq artisti Brilliant Dadaşovanın oxuduğu “Canımz sağ olsun”, “Vur davulçu” türk mahnılarında müğənnini sazla müşayiət edib. O, aşıq sazı üzərində elə işə görmüşdü ki, səslənməni eişdən elə bilirdi çalınan türk sazıdır.

E.Əlizadə “Ümid” və “Xəzər” instrumental ansamblların tərkibində də fəaliyyətdə olaraq Azərbaycanın xeyli tanınan müğənnilərini müşayiət edib. O, “Ümid”in səs yazılarında qanun alətini də səsləndirib. Qanunda 2 türk mahnısı və “Şirin dil” mahnısını solo hazırlayaraq ifa edib. Onu “Ümid” ansamblı müşayiət edib. Mahir klarnet ifaçısı Hakim Abdullayevin diski üçün onun repertuarını aranjeman edən E.Əlizadə olub.Vəliağa Tağıyev və Almaz Saraylının oxuduğu duet mahnını Elşən “Xəzər” ansamblı ilə aranjeman edib. Hətta sözlərdə də dəyişiklik etməli olub.

Bir zamanlar çox popluyar, sevilən və diqqətdə olan “Yeni sabah” instrumental ansambl vardı. Həmin ansamblı Elşən Əlizadə 1993-cü ildə yaradıb. O, ətrafına istedadlı musiqiçiləri toplayaraq yaradıcılıq işlərinə başlayıb. Ona verilən suala cavab olaraq bildirdi: “Xəzər” və “Ümid” instrumental ansambllarda işlədiyim zaman hiss etdim ki, ansambl işini bacarıram, müəyyən qədər təcrübə qazanmış və bəzi yaradıclıq işlərinə baş vurmuşam. Düşündüm ki, niyə görə özümə ansambl yaratmayım”.

“Yeni sabah”ın fəaliyyəti ərzində başqa qruplarda olduğu kimi üzvlərin dəyişikliyi də baş verib. İlk qrupda skripkaçalan Ağabala Həziyev, sintezator ifaçısı Yasəf Eyvazov, qarmonçalan Dağlı Nazim, klarnetçalan Nadir Talıbov, nağaraçı Rasim, qoşanağara ifaçısı Tarıyel olub və simli alətləri Elşən Əliyev özü ifa edib. Yarandığı zaman ansamblın adını Elşən “Sabah” adlandıranda Yasəf deyib ki, “yeni” sözünü də əlavə edək. Beləliklə, yeni bir qrup, “Yeni sabah” sənət aləminə qatılıb. Sonralar bu qrupda qarmonçalanlar-Teymur Həsənov, Şəmsi Ağamalıyev, Hacı Pərviz Əhədov, Rövşən Həsənov, sintezator Yusif Haxıyev, Natiq, nağaraçalan Elşad Şəkili və başqaları çalışıb.

Elşən sənət fədaisi olaraq öz işinə can yandırır, ansamblın məşqlərini öz evində edirdi. Məşqlər bəzən həftədə üç gün keçirilir, iş çox olanda, qarşıya təcili tədbirlər çıxanda, bəzən hər gün işləyirdilər.

“Yeni sabah” ansamblının ilk çıxışı AzTV-də Ofelya Sənaninin aparıcısı olduğu “Gəl səhərim” verilişində olub. Qazandıqları uğur, ansamblın yüksək səviyyəli ifası “Yeni sabah”ı həmin verilişin qonağı deyil, uzun illər daimi iştirakçısı edib. AzTV-də “Gəzdim Azərbaycanı” verilişi olurdu. “Yeni sabah” buraya çəlb olunmuşdu. Bu veriliş ayda bir dəfə çəkilərək nümayiş etdirilirdi. Bundan başqa AzTV-in “Sizin ilə gülə-gülə” adlı verilişi də çox populyar idi. Bu veriliş Bakıdakı “Şuşa” kinoteatrında çəkilirdi.

“Yeni sabah” AzTV-nin xəttilə dəfələrlə Sabirabad, Bərdə və başqa rayonlardakı köçkün şəhərçiklərində konsertlər vermişdi. Belə geniş fəaliyyəti olan ansambl heç bir təşkilat tərəfindən maliyyələşmir və heç bir qonorar almırdı. Lakin ortada çalışqanlıq, zəngin peşəkar iş və geniş fəaliyyət var idi. Harada tədbirlər, konsertlər keçirilirdisə orada qurulan səsgücləndirici aparatların xərcini Elşən Əlizadə özü çəkirdi.

AzTV-nin çəkilişlərlə bağlı məsul şəxsləri əvəlcədən E.Əlizadəyə məlumat verirdilər ki, qarşıdakı verilişdə hansı müğənnilər oxuyacaq. Elşən ansamblla həmin müğənnilərin məşqini aparır və repertuarı hazırlayırdı.

Həmin illərdə “Yeni sabah” toylarda da çıxış edərək müxtəlif müğənniləri müşayiət edirdi. Bu qrupu toy şənliklərinə məxsusi dəvət edirdilər. Hətta bir dəfə Türkiyədə də düyümdə olmuşdular.

Sakif Məmmədov, Raqub Məmmədov və o dövrün gənc müğənniləri Zakir Əliyev, Rəşad İlyasov, Könül Xasıyeva və başqaları “Yeni sabah”ın məşqlərinə gəlir, onların hər biri öz repertuarını hazırlayaraq sdudiyalarda səslərini yazdırırdılar. “Yeni sabah”ın fəaliyyəti həm də studiyalarda davam edirdi. Bütün bunları nəzərə alanda bu ansamblın, onun bacarıqlı rəhbərinin necə məhsuldar və böyük işlər gördüyü göz önündə canlanır.

E.Əlizadə Ü.Hacıbəylinin əsərləri əsasında çəkilən filmlərin musiqisini cəmləşdirib, aranjeman edib, 5 dəqiqəlik kompozisiya hazırlayaraq yazdırmış və çox gözəl bir nəticə alınmışdı. Bu ifadan Azərbaycanda fəaliyyət göstərən radiolar istifadə edirdilər və hazırda da bu iş davam edir. Bu aranjeman üzərində əvvəl rəqqasə Məryəm, sonra isə Fatimə klip çəkdirərək öz bacarıqlarını nümayiş etdiriblər. İsraildə yaşayan tanınmış klarnetçalan David Davidov “Yani sabah”ın bu ifasını çox sevmiş və bunun üzərinə öz ifasını yerləşdirərək dünyaya yaymışdır.

E.Əlizadə fərqli, müxtəlif on iki musiqi nümunəsini bir araya toplayıb dərin aranjiman işi apararaq maraqlı kompozisiya yaradıb yazmışdır. Toplanan nümunələr “Bəxtiyar” kinofilmindən iki qadının Gülbadam və Gülsənəmin dueti, Cahangir Cahangirovun “Toy” rəqsi, E.Əlizadənin öz bəstəsi “Gənclik rəqsi”, “Sanqam” hind filmindən lirik, qəmli mahnı (Dosti, dosti naraha), “Yanıq Kərəmi” və s. aranjiman edilib çalınaraq disk halına salınıb.

Rejissor Vaqif Mustafayevin çəkdiyi “Yerlə göy arasında” filmində “Yeni sabah” musiqi nümunəsi ifa edib.

“Yeni sabah” insrumental ansambl hazırda da fəaliyyətini davam etdirir.

E.Əlizadə yüksək peşəkarlıq, böyük ustalıq, yaxşı təcrübə, gözəl səriştə sahibi olaraq toy-büsatda kişi və qadın müğənniləri müşayiət edib. O, bütün bu illər ərzində zəngin repertuar mənimsəyib. Milli musiqimizə, bəstəkar, xalq və aşıq mahnıarına aid nə varsa, demək olar ki, onun bilmədiyi yoxdur.

O, ən çətin ifa olunan hind çalğı aləti setarda bir neçə musiqi nümunəsi öyrənərək Qubada, Qırmızı qəsəbədə keçirilən dağ yəhudilərinin toylarında çalırdı. Bu alətdə ifa etmək müşkül işdir və hər adama aid deyil.

E.Əlizadənin fitri istedada, geniş texniki imkanlara, böyük ürəyə, musiqi götürmək, repertuar mənimsəmək qabiliyyətinə, zəngin baqaja malik bir musiqiçi olması çoxlarına, bu sırada bu sətirlərin müəlliflərinə də yaxşı bəlli idi. Odur ki, biz də onu öz qruplarımızın tərkibinə çəlb edib müxtəlif yerlərdə təşkil olunan konsertlərə və vədələşdiyimiz toylara aparırdıq. O, bir gitaraçalan olaraq hər yerdə mühüm iş görür, yaxşı çalğı ilə cəmiyyəti razı salır və necə deyərlər, üzümüzü ağ edirdi. Elşənin həmişə yüksək musiqi mədəniyyəti olub, ansamblın tərkibində diqqətli olmağı, əxlaqlı ifa göstərməyi, çaldığı simli alətləri qarmon-klarnetlə uzlaşdırmağı, özünə ayrılan solonu ifa etməyi, hansı mahnı, təsnif, aşıq havasında, hansı muğamda xanəndəni hansı oktavalarda müşayiət etməyi özü-özlüyündə doğru təyin edib və yaxşı bacarıb. O, gitarada bütün mahnıları əla çalır, toyların repertuarına oyun havası kimi daxil edilmş “Yanıq Kərəmi” aşıq havasını tamam-kamal, gözəl, maraqlı forma-biçimdə, simlərin qarışığı ilə çalardı. Ümumiyyətlə, o, elektrogitaranı elə pərdələrdə, elə oktavalarda çalırdı ki, ansamblın ümumi sələnməsinə mane olmur və dinləyicini yormurdu. Bəli, bütün bunlar əsl musiqiçiyə xas xüsusiyyətlərdir. Bir musiqiçi olaraq onun duyumu, hissiyyatı zəngin və bədii zövqü çox yüksəkdir. O, yalnız ifaçı deyil, həm də yaradıcı musiqiçilər sırasındadır. Onun bəstəkarlıq, aranjeman və ansambl işini bilmək qabiliyyəti çox yüksəkdir.

Onun mahnılarını Elçin Cəlilov, Reyhan Müslümova, Sakif Məmmədov, Vəliağa Tağıyev, Zöhrə Adullayeva, Xəyyam Nisanov və başqaları oxuyub. Ardıcıl olaraq göstəririk:

E.Cəlilov “Yaşamaq istəyirəm” (söz: Bəxtiyar Vahabzadə)

S.Məmmədov “Zərdab”

R.Müslümova “Ana”

Z.Abdullayeva “Şuşa” (söz: Sabir Əliyev)

X.Nisanov “Ana” (söz: Rasim Kərimli)

Xalq artisti, virtuoz qarmon ifaçısı Ənvər Sadıqov 2021-ci ildə Elşənin bəstəsi olan “Gənclik” rəqsini öz qrupu ilə çox gözəl aranjemanla ifa edib.

Elşən aranjeman etmək işinə 2000-ci ildən başlayıb. O, xalq artisti Könül Xasıyevanın disk üçün oxuduğu mahnıları, həmçinin Zabit Sultanovun Bəxtiyarın sözlərinə bəstələdiyi “Gecələr”i, əməkdar artist Rəşad İlyasovun repertuarındakı üç, əməkdar artist Zakir Əliyevin oxuduğu mahnıları aranjeman edib.

E.Əlizadə 1993-cü ildən Syoma Nisanovun qrupunun tərkibinə daxil olaraq 30 il fasiləsiz çalışıb. S.Nisanov 1994-cü ildə avtomobil qəzasında həlak olub. İllər sonra bu qrupun rəhbəri və müğənnisi onun oğlu Xəyyam Nisanov olub. Qrup Qubada, Moskvada, İsraildə yaşayan dağ yəhudilərin toy-büsatına, şənliklərinə rövnəq verib.

Elşən Əliyev məharətli, savadlı ifaçı olaraq çox səmərəli, samballı və dəyərli sənət yolu keçərək musiqimizə layiqincə xidmət edib.

Əhsən RƏHMANLI,

Tədqiqatşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya