Saat:00:37
Haqqımızda

"Mümkündür ki, Sinan Oğan yeni xarici işlər naziri və ya baş nazir olsun" - KƏNAN NOVRUZOV

2023-05-30 12:05:00

"Paşinyan bilir ki, bundan sonra onun üçün asan olmayaq, ona görə də indidən Türkiyənin "çətiri altına keçməyə tələsir"

"Mayın 28- də Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda "Cümhur İttifaqı"ndan prezidentliyə namizəd, hakim AKP (Ədalətli və İnkişaf Partiyası) sədri Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçildi. Bu, gözlənilən idi. Çünki ilk turun nəticələrinə görə, Ərdoğan öndə idi. Onun qələbəsinə mane olan texniki səbəblər oldu. İkincisi, parlament seçkilərində AKP üstünlüyü əldə etdi. Əgər prezident seçkilərində Cümhuriyyət Xalq Partiyası (CHP) qalib gəlsə idi, bu, siyasi idarəçilikdə problemlərlə nəticələnə bilərdi. Bunu xalq da başa düşür". Hurriyyet.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov qeyd edib.

Ekspertin fikrincə, istisna deyil ki, birinci turda müxalifəti dəstəkləyənlərin bir çoxu bu dəfə məhz bu səbəbdən Ərdoğana səs verdi: "Üçüncüsü, "ATA" İttifaqından prezidentliyə namizəd Sinan Oğan tərəfdarlarını Ərdoğana səs verməyə çağırdı. Məhz bu məqamlar Ərdoğanın qalib gəlməsini təmin etdi. Seçkilər kifayət qədər gərgin keçdi. Məhz bu seçkilər nəticəsində Türkiyə Qərbə demokratiya dərsi keçdi. Təsadüfi deyil ki, bir çox beynəlxalq təşkilatlar seçkilərin şəffaf keçirilməsi barədə bəyanat verdilər, demokratik mühiti alqışladılar. Həmçinin daxildə də ciddi bir hadisə olmadı, ehtimal edilən təhdidlərin qarşısı alındı. Beləliklə, Türkiyə seçkilərlə bağlı kifayət təcrübəli olduğunu nümayiş etdirdi".

Kənan Novruzov qeyd edib ki, yaxın vaxtlarda Ərdoğan and içəcək və yeni kabinet formalaşacaq: "Deputat seçilmiş bir çox nazirlərin istefaya göndərilməsi gözlənilir. Sinan Oğanın Ərdoğandan heç bir vəzifə istəmədiyini deməsinə rəğmən, ona yeni kabinetdə post veriləcəyi istisna deyil. Məsələn, mümkündür ki, Sinan Oğan yeni xarici işlər naziri və ya baş nazir olsun. O, bu vəzifələrə uyğun namizəddir. Seçki mərhələsi Sinan Oğanın kifayət qədər təcrübəli siyasətçi olduğunu göstərdi. Bu seçkilər Ankara üçün xüsusi əhəmiyyətli idi. Çünki Türkiyənin əsri başlayır. Yəqin ki, Ərdoğan və onun komandasının müxtəlif sahələrlə, o cümlədən xarici siyasət və müdafiə sənayesi ilə bağlı siyasəti əvvəlki kimi davam edəcək. Ərdoğanın qalib gəlməsindən sonra ilk təbrik edən liderlərdən biri Azərbaycan Prezidenti İlham Əliyev oldu. Bu, Azərbaycan və Türkiyənin daim bir-birinin yanında olduğunun təzahürü baxımından simvolik və həm də mühüm addım idi. Yaxın günlərdə, Ərdoğanın ölkəmizə səfəri gözlənilir. Yəqin ki, səfər çərçivəsində bir çox məsələlər, o cümlədən ikitərəfli və regional əlaqələr müzakirə olunacaq. Bundan başqa Özbəkistan prezidenti Şavkat Mirziyoyev də seçkilərin nəticəsindən dərhal sonra Ərdoğanı təbrik etdi. Bu, Daşkəndlə Ankara arasında ikitərəfli əlaqələrin göstəricisi olmaqla yanaşı, həm də Türkdilli dövlətlərin inteqrasiyası aspektindən qiymətləndirilməlidir. Məlumdur ki, Türkiyənin xarici siyasətində Türk dilli dövlətlərlə əlaqələr xüsusi önəm daşıyır. Düşünmək olar ki, Ərdoğanın yeni hakimiyyəti dövründə bu məsələ prioritet olaraq qalacaq".

Ekspertin sözlərinə görə, ən diqqətçəkən məqamlardan biri Ermənistan baş naziri Nikol Paşinyanın Ərdoğanı təbrik etməsi oldu: "O, təbrikində Türkiyə ilə münasibətlərin normallaşmasının davam edəcəyinə ümidini ifadə etdi. Bəzi erməni KİV-in yazdığına görə, ermənilər Ərdoğanın qalib gəlməsini istəmirdi. Əslində bu, müəyyən mənada başa düşüləndir. Paşinyanın açıqlaması isə göstərir ki, rəsmi İrəvan regional reallıqları, o cümlədən Türkiyənin bölgənin əsas siyasi aktoru olmasını anlayır və bunu qəbul edir. Paşinyan bilir ki, bundan sonra onun üçün asan olmayaq. Ona görə də indidən Türkiyənin "çətiri altına keçməyə tələsir". Düşünürəm ki, Ermənistan hökumət başçısı Türkiyə ilə münasibətlərin normallaşmasında maraqlıdır. Ərdoğanın yeni hakimiyyəti dövründə Ermənistanla yanaşı, Misirlə də münasibətlərin normallaşması prosesi davam edəcək. Qərb və Rusiya ilə münasibətlərdə ciddi dəyişikliyin olacağını düşünmürəm. Türkiyə Rusiya ilə Ukrayna arasında vasitəçi olmağa, Suriya və İraqın şimalını terrorçulardan təmizləməyə davam edəcək. Eyni zamanda daxildəki suriyalı qaçqınların ölkələrinə qayıtmaları istiqamətində sürətli addımların atılacağını güman edirəm. Çünki Türkiyədəki suriyalılar xalqı narazı salan əsas məsələdir. Yəqin ki, Ərdoğan bunu nəzərə alacaq".

Kənan Novruzov hesab edir ki, suriyalıların ölkələrinə qayıdışı Türkiyənin iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün də mühüm əhəmiyyətlidir: "Fikrimcə, Ərdoğan iqtisadi durğunluğu aradan qaldırmağa, inflyasiyanı aşağı salmağa çalışacaq. Fevralın 6-da baş vermiş dəhşətli zəlzələnin aradan qaldırılması da hakimiyyətin diqqətində olacaq. Beləliklə, iqtidarının yeni dönəmində Ərdoğanı ciddi sınaqlar gözləyir. Onun bu sınaqlardan uğurla çıxacağına ümid edirik. Türkiyə liderinin özünün dediyi kimi, başlasın Türkiyə yüz ili".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR