“Müharibə bitəndən sonra Ukraynaya qayıdacağam”
Rimma Həsənova: "Rusiya prezidenti dəyişəndə ukraynalılar və ruslar mütləq dostluq etməyə başlayacaqlar”
“…Maşınımıza mərmi dəydi və dərhal oradan çıxa bilmədik, Mariupoldan çıxan insanları axtarmağa başladıq. Şəhəri tərk edən bir ailə tapmaq bizə qismət oldu, bizi də özləri ilə apardılar”
Müharibə şəraitinin indiki qeyri-müəyyənliyində gələcəklə bağlı proqnoz vermək çətin ola bilər. Cəbhə xəbərləri, diplomatik bəyanatlar, qaçqın düşmüş insanların iztirabları dərin emosiyalar yarada bilər. Artıq Rusiya-Ukryana müharibəsindən sorna kütləvi şəkildə insanların başqa ölkələrə getdiyini müşahidə edirik. Müharibə başlayan gündən Rusiya hərbi qüvvələri Ukraynaya hücum edərək, şəhərləri tanınmaz hala gətirib. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) verdiyi məlumata görə, Rusiya-Ukrayna müharibəsi nəticəsində 4 milyon nəfərdən çox ukraynalı qaçqın qonşu ölkələrə keçib.
Bu günlərdə isə, azad edilmiş Buçada baş verən dəhşətlər bütün dünyaya yayıldı. Məlum oldu ki, rusiyalı hərbçilər Buçada dinc insanları öldürüb, zorlayıb, təhqir edib, işgəncə veriblər. Hətta ukraynalı qadınları kütləvi şəkildə zorlandığı da deyilir. Heç də təsadüfi deyil ki, burada yaşanan olaylar dünyada soyqırım aktı kimi qiymətləndirilir və qətliam törədən rus işğalçıları nasist Almaniyasının hərbi cinayətkarları ilə müqayisə edilir.
Onu da qeyd edək ki, Rusiyanın Ukraynaya hücumu ilə bağlı bu ölkədən qaçanlar arasında Azərbaycan vətəndaşları da var. Onların bir qrupu Azərbayana, bir qrupu isə müxtəlif ölkələrə gedib.
.jpeg)
Həmsöhbətimiz uzun illər Ukraynada yaşayan soydaşımızdır. 35 ildir ki, Ukraynanın Mariupol şəhərində yaşayan Həsənova Rimma Əflatun qızı "Hürriyyət"in əməkdaşının suallarını cavablandırıb:
- Rimma xanım, bildiyimizə görə, siz Mariupolda yaşayırdınız. Rus ordusu şəhərə daxil olanda siz və ailəniz ordaydı?
- Bəli, mən Mariupoldanam. Ruslar ərazimizə daxil olanda mən və ailəm hələ də orada idik. Ruslar həyətə gəlib dedilər ki, şəhərdən çıxmaq istəyən varsa, gedə bilər. Maşını və benzini olanlar dərhal oturub getdilər. Maşınımıza mərmi dəydi və dərhal oradan çıxa bilmədik, Mariupoldan çıxan insanları axtarmağa başladıq. Şəhəri tərk edən bir ailə tapmaq bizə qismət oldu, bizi də özləri ilə apardılar.
- Rus ordusu olduğunuz şəhərə daxil olanda sizə və digər insanlara qarşı zorakı hərəkətlər etdilər?
- Biz orada olanda ruslar bizə heç nə etmədilər. Amma Mariupoldan çıxa bilməyən dostlarımız dedilər ki, rus hərbçiləri mənzillərə soxularaq yemək, pul, qızıl, əşyalar oğurlamağa başlayıblar. Bəzi mənzillərdə hətta rus əsgərləri də yaşayırdı. Bizə dedilər ki, içkili olub qızları zorlayırlar, ərlərini öldürürlər, ananı övladlarının gözü qarşısında zorlayırlar. Onlar da mənzilimizə soxulmaq istəyirdilər, amma tanışlarımız onlara qapı açıb, hərbçilər ancaq orada qalan yeməkləri aparır, başqa heç nə götürmürdülər.
- Hazırda hansı şəhərdə yaşayırsız?
- Əvvəlcə Ukraynanın Çernivtsi şəhərində, eyni ailə ilə yaşayırdıq. İndi Yunanıstana çatdıq. Müharibə bitəndə biz Ukraynaya qayıdacağıq.
- Ukrayna dövləti vətəndaşlara hansısa maddi yardımlar edirmi?
- İşini itirənlərə 6500 qrivna verilib. Və hər ay böyüklərə 2000, uşaqlara isə 3000 qrivna verəcəklər. Yemək, paltar da verirlər, iş tapmağa kömək edirlər, amma ev vermirlər. Özünüz mənzil axtarmalısınız. Hökümət bildirib ki, müharibə bitəndən sonra Ukraynanın istənilən şəhərində mənzillərini itirənlərə yenisi veriləcək.
- Artıq soydaşlarımız bir müddətdir ki Ukraynadan təxliyyə edilir. Bəs siz nə üçün bu günə qədər Ukraynanı tərk etməmisiz?
- Çünki şəhərdən çıxa bilmirdik. Həm də Azərbaycana getmək istəmirik, orda bizə kömək etməyəcəklər. Gedək orda acından ölək?... Həm də bizim millətin çoxusu ayrı ölkələrə gediblər. Ona görə ki, orda yaxşı yardımlar edilir.
- Sosial şəbəkələrdə Buça və digər şəhərlərdə Ukrayna mülki vətəndaşlarının qəddarcasına öldürülməsini əks etdirən foto və videolar yayılıb. Hətta deyilir ki, Ukrayna qadınları kütləvi şəkildə rus əsgərləri tərəfindən zorlanıb…
- Bəli, öldürülən insanların çoxlu foto və videoları var. Mən ancaq internetdə zorlama haqqında oxumuşam. Mən belə zorlanan qızları tanımıram. Hətta on yaşlı qızların zorlandığını deyirlər. Bu haqda danışmağı xoşlamıram. Bunu edənlər insan deyil. Ukrayna ordusu onların hamısını öldürəcək.
- Azərbaycan da tarixin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımını yaşayıb. Sizcə, Buçada baş verənlər Xocalı soyqrımını xatırladır?
- Məncə, Xocalıda Buçadan da pis qırğınlar olub. Buçada Xocalıdakı qədər qırğınlar yaşanmayıb.
- Hazırda Yunanıstanda yaşadığınızı deyirsiniz. Yunanıstan dövlətinin sizə qarşə münasibəti necədir?
- Sadəcə onu bilirəm ki, Yunanıstan dövləti bu müharibədə Ukraynaya dəstək verir. Amma Yunanıstanda əhalinin yarısı Rusiya tərəfdarıdır.
- Yunanıstan dövləti sizə maddi yardımlar edirmi?
- Yunanıstanda hər həftə qaçqınlara yemək və paltar verilir. Pulsuz həkimlər də var, istədiyiniz vaxt əlaqə saxlaya bilərsiniz. Əvvəllər dövlət mənzillə kömək edirdi və ayda 500 avro verirdi. İndi Yunanıstanda yeni qanunlar çıxıb, lakin hələ heç kim onlardan xəbərdar deyil. Saytda məlumatlarımızı verdik və növbəyə düşdük. Növbə bizə çatanda konsulluğa gedəcəyik, necə kömək edəcəklərini deyəcəklər.
- Bəs, Azərbaycanın Yunanıstandakı səfirliyi sizinlə maraqlanırmı?
- Buna cavab verə bilmirəm. Çünki bizə Azərbaycan səfiriyli lazım deyil.
- Ukraynadan Yunanıstana təxmini nə qədər azərbaycanlı gəlib?
- Dəqiq bilmirəm. Deyilənə görə, Ukraynadan bura azərbaycanlı gəlməyib. Azərbaycanlılar ya Bakıya, ya da Almaniyaya gedibər.
- Bəs tanışlarınızdan Ukraynada qalan azərbaycanlı var?
- Bəli, var. Ukraynada müharibə olanda biz dostlarımızdan əvvəl Yunanıstana gəldik. Bizim qohumlarımız, atamın yaxın dostları müharibə başlamamışdan əvvəl Ukraynanı tərk ediblər. Amma bizim millətin bir çox nümayəndələri hələ də Ukraynada qalıb. Onlar hələ də şəhərdən çıxa bilmirlər.
- Sizin azərbaycanlı tanışlarınızdan həlak olanlar və ya yaralılar var?
- Ölənlər də var. Bizim millətin nümayəndələrindən olan uşaqların öldüyünü hələ eşitməmişəm. Çoxu itkin düşüb. Qohumları hələ də onları axtarır. Bizim tanışlarımızdan ölən və yaralanan yoxdur. Amma tanışlarımızın uzaq qohumlarından ölənlər var. Onu da qeyd edim ki, əmim oğlunun 14 yaşında oğlu anası ilə Mariupolda qalıb. Onların evinə mərmi düşüb. Evləri yanıb. Özlərinin də harda olduğu bilinmir. Hazırda Mariupola giriş bağlıdır. Çox adamın itkin düşdüyü deyilir. Azərbaycandan atama çox adam zəng edib öz qohumlarını soruşur. Deyirlər ki, əgər şəhərdən çıxmayıblarsa yəqin ki, həlak olublar. Amma onlar başa düşmür ki, şəhərdən çıxmaq çox çətindir. Hətta qohumlarımız bizdən də xəbər ala bilməyəndə elə bilirdilər ki, həlak olmuşuq. Amma hər gün bizə dua edirdilər. Allah bizi qoruyub. Heç özüm də bilmirəm ki, biz ordan necə sağ çıxmışıq...
- Müharibə bitəndən sonra Mariupolda yaşayacaqsınız?
- Müharibə bitəndən sonra mən Ukraynaya qayıdacağam. Çünki orada doğulub böyümüşəm. Ukraynada yaşamağa öyrəşmişəm. Amma bilirəm ki, mən Mariupola qayıda bilməyəcəm, çünki orada hələ həyat olmayacaq. Amma Mariupol yenidən qurulanda ora qayıdacağam. Hələlik Ukraynanın başqa şəhərində yaşayacağam.
- Necə düşünürsüz, Rusiya-Ukrayna münasibətləri bundan sonra müsbətə doğru dəyişə bilər?
- Mənə elə gəlir ki, bir neçə ildən sonra onlar yenidən dostlaşacaqlar. Çünki ukraynalıların Rusiyada yaşayan çoxlu qohumları var. Əgər tarixi oxuyursunuzsa, o zaman görərsiniz ki, Rusiya ötən əsrlərdə Ukraynaya hücum edib və onlar həmişə kasıb ukraynalıları öldürüblər. Lakin uzun illərdən sonra yenidən dostlaşmağa başlayıblar. Rusiya prezidenti dəyişəndə onlar mütləq dostluq etməyə başlayacaqlar. Lakin qohumları, bu müharibədə həlak olan ukraynalılar Rusiyanı heç vaxt bağışlamayacaqlar.
Söhbətləşdi: YƏHYA
