Saat:19:23
Haqqımızda

Muğamlara qənim kəsiləndə... - ALLAHVERDİ EMİNOV YAZIR

2024-08-13 00:19:52

Muğamlara qənim kəsiləndə... - ALLAHVERDİ EMİNOV YAZIR

Xalqımızın musiqi qabiliyyəti, xüsusilə muğam sənətimiz əsl möcüzədir. Mu­ğam ifaçılarımızın əksərinin ürəyə toxunan səsi var. Şəki festivalında xaric­dən gəlmiş, musiqiçi olmayan qonaqlarımız muğamımızı eşidib ağlayırdılar.

Firəngiz Əlizadə, bəstəkar, xalq artisti

Tarixən xalqın Milli dəyərləri: istər yazılı, istərsə də şifahi olsun – taleyi ya mü­ha­ribələrdə, ya da ayrı-ayrı şəxslərin zövqü naminə fəlakət qarşısında qalır. Son­ra həmin xalq min bir əzabla, iradəsi ilə, mütərəqqi dövlət başçılarının təşəb­bü­sü ilə öz Milli dəyərlərini yaşadır. Bu fikir yeni deyil, təcrübədə ortaya çıxmışdır. Xal­qımızın ulu keçmişimizi göz önünə gətirəndə bizim də başımıza belə hadisələr gəlmişdir. Mən, əlbəttə xalqımızın ruhundan, qanından, varlığından yaranan mu­ğam­larımızı nəzərdə tuturam. Hərçənd, vaxtilə muğamlarımıza soyuq, laqeyd mü­na­sibət olmuşdur, muğam ifaçılarımız xanəndələrimiz yalnız toylarda sənətimizi ya­şatmışlar, nəsildən-nəsilə ötürmüşlər. Çün, texnikanın yoxluğu, radionun, televi­zi­ya­nın icad olunmaması və s. ucbatından nadir səslər yaşamamışdır. XIX əsrdə pa­tifonun kəşfi – səsin vallara yazılması bir oyanış idi, insan səsinin əbədi yaşa­ması deməkdi! Bu qiymətli kəşf bizim klassik xanəndələrimizə qismət oldu, onlar müxtəlif xarici şirkətlər vasitəsilə dəvətlər aldılar, muğamlarımızı, xalq mahnıla­rı­mızı lentə yazdırdılar, özlərindən yadigar qoyub getdilər. radioda səsləndirdilər, elə­cə də televiziya verilişlərində...

Bu gün Azərbaycan respublikasının vitse – prezidenti, Heydər Əliyev fondu­nun sədri, möhtərəm Mehriban xanım Əliyeva “Muğama qayıdışı” daha da reallaş­dır­dı, muğamlarımıza “ikinci həyat” verdi, bunu Mehriban xanım Əliyevanın tarixi xid­məti kimi qiymətləndirərdim! Lakin çox keçmədi məişətə daxil olan, insanların ən güclü ünsiyyət vasitəsi funksiyasına çevrilən ana televiziyasına (AzTv) sədr təyin edilən Rövşən Məmmədov Milli dəyərlərimizdən sayılan muğama qarşı “sə­lib müharibəsi”nə üstünlük verdi.

Müharibənin məgər böyük – kiçiyi olur? Müharibə məgər qan tökməklə öl­çü­lür? Müharibə məgər torpaqların zəbt olunmasıdır? Belə düşünmək istəməzdim, bir xalqın Milli dəyərlərini sıfıra endirmək də müharibəyə bənzər təşəbbüs deyil­mi? Sədr Rövşən Məmmədov vəzifəyə keçəndən sonra özünə qədər televiziyaya rəh­bərlik edən sədrlərin özlərinə və atalarına rəhmət oxuyurdu. Baş alıb gedən, di­gər telekanallara daraşan yad musiqiçilərə, səsini itirmiş oxuyanlara, pul ödəməklə öyünən “xanəndələrə” meydan açdı, Səid Rüstəmov, Ağabacı Rzayeva, Şəfiqə Axun­dova, Elza İbrahimova, Süleyman Ələsgərov, Hacı Xanməmmədov, Ramiz Mi­rişli kimi professional bəstəkarların mahnılarını da məhv etdi. Xan Şuşinski, Se­yid Şuşinski, Əbülfət Əliyev, Şövkət Ələkbərova, Sara Qədimova, Əlibaba Məm­mədov, Qəndab Quliyeva, Rübabə Muradova, Qulu Əsgərov, İslam Rzayev, Arif Ba­bayev, Məhsum İbrahimov kimi xanəndələrin lentə alınan “Segah”ı, “Rast”ı, “Qa­tar”ı, “Şüştər”i, “Zabul”u, “Çahargah”ını da Rövşən Məmmədov urvatsız və­ziy­yətə gətirdi. Bu gün vaxtilə yaşayan və oxuyan həmin xanəndələrimiz bizə əma­nət qoyduğu o muğamlar unudulmaqdadır!

Kitabların müəllifləri unudula bilər, amma əsərlərini şəxsi və kütləvi kitab­xa­nalardan götürüb oxumaq mümkündür. Bəs ifa necə? O ki lentə alınıb səslən­mə­lidir, yeni nəsil dinləməlidir. belə düşünmək olar ki, vaxtilə lentə yazılmış və tele­vi­ziyada səslənmiş o muğamlar yaddaşdan silinəcəkdir, bax, faciəmiz ondandır! Ye­rində oturmayan, amma ona etimad göstərib televiziyaya sədr təyin edilən Röv­şən Məmmədov çoxmu Azərbaycan  muğamlarını yaddaşdan siləcəkdir?! Ona “öz ye­rini göstərməyin” vaxtı çatmamışmı?!

Mən sədr Rövşən Məmmədovun milli dəyərlərimizi urvatsız hala salması haq­qında bir neçə dəfə mətbuatda kəskin məqalələrimlə çıxış etsəm də, məhəl qo­yan olmamışdır, səbəbini göstərməkdə acizəm... Bəstəkarın sözü olmasın: Sədr Röv­şən Məmmədov muğamsızlıq mühiti yaratmaqla dinləyiciləri ağlatmaq fikrin­dədir.

Eşitdiyimə görə, sədr dissertasiya müdafiə etmiş, alimlik dərəcəsi almışdır, yə­qin ki, humanitar sahədə. Alim də Milli dəyərlərə qarşı amansız mövqe tutar? Gü­man Milli dəyərlərimizə “xidməti” üçün ona “professor” elmi dərəcəsi də verə­cəklər!

Milli Konservatoriyada xeyli sayda sənətşünaslar fəaliyyət göstərir, onlar möv­cud vəziyyəti görmürlərmi? Təkcə iş dərs deməkləmi bitir? “Muğam əldən ge­dir” – maraqlanan tapılacaqmı?

Mən musiqimizin taleyi ilə həmişə maraqlanan professor Vidadi Xəlilovdan, yazıçı Mustafa Çəmənlidən çox şeyi gözləyirəm. Hələ ki, onlar susurlar...

Allahverdi EMİNOV

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.203317