Saat:17:13
Haqqımızda

Müəllimlərin sertifikasiya imtahanında gizli məqam: Onlar niyə kənarda qalıb?

2025-12-23 13:40:47

Müəllimlərin sertifikasiya imtahanında gizli məqam: Onlar niyə kənarda qalıb?

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesi bir neçə ildir mərhələli şəkildə həyata keçirilsə də, məktəblərdə fəaliyyət göstərən loqoped, defektoloq və psixoloqlar bu prosesdən kənarda qalıb. 

Hurriyyet.az xəbər verir ki, məsələ ilə bağlı “Yeni Sabah”ın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib ki, hazırda sertifikatlaşdırma prosesi mərhələli şəkildə aparılır.

Məlumata görə, Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsasən, təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər.

“Hazırda sertifikatlaşdırma prosesi mərhələli şəkildə həyata keçirilir. Loqoped, defektoloq və psixoloqların isə sertifikatlaşdırma prosesinə cəlb olunması məsələsi ilə bağlı hər hansı məlumat olacağı təqdirdə aidiyyəti üzrə ictimaiyyətə məlumat veriləcəkdir”, - Elm və Təhsil Nazirliyindən bildirilib.