“Müdafiə Nazirliyi güzgüdə özünə baxıb eyibini düzəltsin”

2022-07-28 17:04:00

“Müdafiə Nazirliyi güzgüdə özünə baxıb eyibini düzəltsin”

Dünən Baş Prokurorluq bir neçə media mənsubunu hərbi sirləri yaymaq və ordunun nüfuzuna zərər vurmaq ittihamı ilə xəbərdarlıq edilməsi və 1 nəfərin həbsi ilə bağlı məlumat yaymışdı.

Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu məsələni Yenisabah.az-a şərh edərək bildirib ki, baş prokurorluğun bloggerin həbsi və bir neçə jurnalistə xəbərdarlıq edilməsi qərarı yanlış atılmış addımdır:

“Heç bir halda ordunu tənqid etdiyinə görə jurnalist, blogger ya hər hansı şəxs həbs edilməməlidir, bu, yolverilməzdir. 

Bu gün Azərbaycanda müxtəlif institutlar - Media Agentliyi, Mətbuat Şurası, vətəndaş cəmiyyəti var hansı ki, bunlara nəzarət edə bilər. 

Bu gün Mətbuat Şurasında keçirilən iclasda da təklif etdim ki, monitorinq qrupu yaradılsın, yaradılacaq işçi qrupu Müdafiə nazirliyini, prokurorluğu narahat edən məsələ olduqda bu məsələləri müzakirə edib yoluna qoysun. O insanlara bildirilsin ki, filan məsələ bu şəkildə olmaz, bu şəkildə olmalıdır və s. 

Hər bir halda yazdığı fikrə görə jurnalist həbs edilməməlidir. Təhqir, Azərbaycanın qırmızı xəttini keçmək kimi hallar baş verdikdə qanun çərçivəsində müəyyən tədbir görülə bilər”.

R. Kərimoğlu blogger Tofiq Şahmuradovun 30 günlük həbs edilməsinə münasibət bildirərək deyib ki, blogerin nə üçün həbs edildiyi hələ də heç kimə bəlli deyil:

“Tofiq Şahmuradovun məsələsinə gəldikdə isə onun facebook xaricində heç nəyi yoxdur. Onun son günlər yazdıqlarında isə həbsə səbəb ola biləcək heç bir qanun pozuntusu yoxdur. 

O, konkret olaraq orduda ferma özbaşınalığı barədə yazılar dərc edirdi, buna görə həbsi isə xoşagələn hal deyil. Bu məsələlərə görə Mətbuat Şurası da, Azərbaycanın bütöv mediası da çox narahatdır”.

Sonda Rey Kərimoğlu Müdafiə Nazirliyini qınayaraq bildirib: “Dünənki məsələ Müdafiə Nazirliyinin hərbi prokurorluğa müraciətindən qaynaqlanır. Müdafiə Nazirliyi çox narahatdır və o nazirlik artıq özünü düzəltməlidir. Müdafiə Nazirliyinə təklif edirəm ki, güzgüdə özünə baxıb eyibini düzəltsin”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059945