“MTN işi”ndə zərərçəkmiş: “Mənim qanunsuz həbsimdən sonra ailəmdən külli miqdarda pul alınıb”

2022-06-13 21:33:00

“MTN işi”ndə zərərçəkmiş: “Mənim qanunsuz həbsimdən sonra ailəmdən külli miqdarda pul alınıb”

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, həmçinin MTN-in keçmiş əməkdaşları - Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Azad Rəşidov sərbəst ifadə verib. O deyib ki, 2014-cü ilin noyabrın əvvəllərində həmişə olduğu kmi səhər iş yerinə, “Moskva” Univermağına gəlib: “Orada 4 nəfər şəxsin məni axtardıqlarını eşitdim. Həmin şəxslərə yaxınlaşdım. Onlar özlərini Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları kimi təqdim etdilər və Gəncə şəhər sakini Ramiz adlı şəxsi tanıyıb-tanımadığımı soruşdular. Ramizi qızıl-alqı satqısı ilə məşğul olan bir şəxs kimi tanıdığımı bildirdim. MTN-in müstəntiqi Nadir mənə qızıl-zinət əşyalarının götürülməsi ilə bağlı qərarı elan etdi. Söhbət zamanı MTN əməkdaşlarına Ramizdən 3 ədəd köhnə, sovet istehsalı olan “Luç” markalı saat aldığımı dedim. Mənə də dedilər ki, növbəti gün MTN-in qəbul şöbəsinə gəl, oradan Yasin Məmmədova zəng et”.

Azad Rəşidovun sözlərinə görə, növbəti gün MTN-nə gedərək Yasin Məmmədovla əlaqə saxlayıb: “Onunla kabinetində görüşdüm. Yasin Məmmədov Ramizlə bağlı bir neçə sual verdi. Dedi ki, nə cinayət etdiyini bilirsən? Cavab verdim ki, mənim heç bir cinayətim yoxdur. Yasin dedi 200 min manat gətir, sənə kömək edim. Ona dedim ki, mənim satış rəfimdən götürdüyün qızıl-zinət əşyaları satılsa belə, 200 min manat eləmir. Axırda da dedi ki, 100 min ver, söhbəti bağlayaq. Dedim ki, mən cinayət eləməmişəm, tutursuz, tutun, əl çəkin! Cavab verdi ki, yox, 50 min manat ver, çıx get.

Yasin Məmmədov sonda mənimlə razılaşdı, dedi ki, səni buraxıram, sabah 30 mini gətirirsən, həmin məbləği dollarla yox, manatla gətir. Səhər pulu manata dəyişib 30 min düzəltdim, MTN-ə getdim. Otağında pulları Yasinə verdim".

Sonra zərərçəkən Zaur Əliyevin şərlənərək həbs olunması epizodu üzrə şahid Mirbala Əliyev ifadə verib. Onun sözlərinə görə, təqribən 10 gün sonra Zauru MTN-nin İstintaq Baş İdarəsinə çağırılıb və həmin gün tutublar:

”2010-cu ilin iyun ayının ortalarında qızım mənə Zaurun həbsdən azad edilməyi üçün MTN əməkdaşları 80 min manat pul istədiklərini dedi. Oğlum Mirəli ilə birlikdə gedib, 80 min manat pulu “Təzə bazar”ın yaxınlığında MTN əməkdaşı, İstintaq Baş İdarəsində işləyən Təhsin Ağayevə verdilər. Pulu aldılar, ertəsi gün Zauru həbsdən buraxdılar”.

Şahid ifadəsini yekunlaşdırandan sonra Mövlam Şıxəliyev hakimə müraciət edib: “Mən, istintaq idarəsinin rəisi olsam da, faktiki olaraq kargüzarlıq və təşkilati işlərlə məşğul olmuşam. İstintaqa aid, müstəntiqlərin icraatında olan cinayət işlərinə aid bütün məsələlər baş prokuror Zakir Qaralov və 1-ci müavini Rüstəm Usubova aid olub. İstintaq İdarəsinə material gələndə mənim müstəntiqlərim birbaşa onlara məruz edirdilər. Və ya Baş Prokurorluqdan nümayəndə gələrək həmin materialı İstintaq İdarəsində müzakirə edirdi. Bunun nəticəsi olaraq cinayət işi başlanması və ya rədd edilməsi, qəti-imkan tədbinrin həbslə əlaqəli olub-olmaması və ya qəti imkan tədbirinin dəyişdirilməsi qərarı qəbul edilirdi. Ən sonda bu haqda mən məlumatlandırılırdım”.

Bu məqamda zərərçəkən Zaur Əliyev Mövlam Şıxəliyevə sual ünvanlayıb:

- Qeyri-iş günü, bayram günü MTN-ə dəvət olundum. MTN-in qapısında Təhsin Ağayev məndən 200 min pul istəyir. Pulu verə bilmədim. Həmin gün cinayət işinin başlanması və barəmdə həbs qətimkan tədbirinin seçilməsi baş verdi. Siz kargüzar idinizsə, bu necə oldu?

Mövlam Şıxəliyev:

- Həmin gün mən işdə olmamışam, bu barədə məlumatsızam. Nə edibsə, Təhsin Ağayev edib, bu barədə məlumatsızam".

Bundan sonra zərərçəkən Zaur Əliyev vəsatətlə çıxış edib: “İş üzrə 36 zərərçəkəndən 34-ü girov götürülüb, girovluqdan azad edilmək üçün onların yaxınlarından müxtəlif məbləğlərdə pullar alınıb. Bu mütəşəkkil cinayətkar dəstənin fəal üzvləri Zakir Qaralov, Rüstəm Usubov da burada, Mövlam Şıxəliyev yanında oturmalıdırlar. Şəxsən Rüstəm Usubovun vasitəsi ilə 34 zərərçəkmiş müxtəlif müddətlərdə girovluqda saxlanıblar. Yaxınlarımızdan, qohum-qardaşımızdan pulu alıb bizləri MTN zindanından azad ediblər”.

Digər zərərçəkən Hüseyn Səfərov da məhkəmədən söz istəyib: “Möhtərəm hakim, məni qanunsuz həbsə alandan sonra ailəmdən hədə-qorxu ilə külli miqdarda pul tələb olunub və alınıb. Bu cinayəti edənlər Mövlam Şıxəliyevlə Vüsal Ələkbərovdur”.

Vəkil Osman Kazımov müvəkkili Zaur Əliyevin vəsatətini dəstəkləyib: “Bu işdə 311-ci maddə - rüşvət vermə ilə dəymiş maddi ziyanın ödənməyəcəyinə tez-tez toxunurlar. Bu, biabırçılıqdır”.

Dövlət ittihamçısı vəsatətin baxılmamış saxlanılmasını istəyib.

Bundan sonra hakim təqsirləndirilən şəxslərə müraciət edib, onlara verilən ittihama münasibət bildirmələrini istəyib.

Təqsirləndirilən Sahib Ələkbərov söz alaraq bildirib ki, icraatında olan hər bir cinayət işi üzrə Zakir Qaralov, Rüstəm Usubov və Mövlam Şıxəliyev qərar verən vəzifəli şəxslərdir:

"Baş prokuror Zakir Qaralov özü müraciət edirdi, Rüstəm Usubova, milli təhlükəsizlik nazirinə, Mövlam Şıxəliyevə. Qaldırın mənim telefonlarımı baxın. Mövlam Şıxəliyev də məni yanına çağırırdı. Açıq şəkildə deyirdi ki, Rüstəm Usubovdan belə bir tapşırıq gəlib. Mən heç kim idim. Baş prokuror başda olmaqda, Rüstəm Usubov, Mövlam Şıxəliyev icraatımda olan cinayət işlərinə müdaxilə edib, tapşırıq verirdilər. Mən də icra etməyə bilməzdim".

Məhkəmənin növbəti iclası iyunun 17-nə təyin edilib.

Xatırladaq ki, MTN-nin Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinov tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı başlanmış cinayət işindən Mövlam Şixəliyevin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində külli miqdarda özgənin pul və əmlakını hədə-qorxu ilə tələb etmə, külli miqdarda rüşvət alma və sair cinayətlərinə görə ayrıca icraat ayrılıb.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə 32 zərərçəkmiş var. \\Report


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya