MTN generalının məhkəməsində GƏRGİNLİK

2021-11-23 20:34:00

MTN generalının məhkəməsində GƏRGİNLİK

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlan Şixəliyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edir. 

Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə müttəhimlər kürsüsünə Mövlan Şıxəliyevlə yanaşı MTN-in şöbə rəisi vəzifəsində işləmiş Vüsal Ələkbərov, İbtidai İstintaq İdarəsinin rəis müavini olmuş Yasin Məmmədov və şöbə rəisinin müavini postunu tutmuş Sahib Ələkbərov çıxarılıb. 

Mövlan Şıxəliyevə qarşı Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham irəli sürülüb. Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsələr də, ibtidai istintaq dövründə həbs olunmayıblar.

Proses açıq elan olunsa da, faktiki olaraq qapalı keçirilir, media nümayəndələri qanunsuz olaraq iclasa buraxılmırlar.

Bu gün keçirilən prosesdə zəzərçəkən Hüseyn Səfərovun vəsatətinə baxılıb. O, vəsatətində Vüsal Ələkbərovun da həbsini tələb edib. Hakim vəsatəti təmin etməyib. Bu isə Hüseyn Səfərov və digər zərəçəkənlərin etirazına səbəb olub. Prosesdə gərginlik yaşanıb.

Zərərçəkənlər məhkəmənin obyektiv keçirilmədiyini və bununla bağlı şikayət edəcəklərini bildiriblər.

Hüseyn Səfərov və digər zərərçəkənlər Vüsal Ələkbərovun azadlıqda qalmasının təhlükəli olduğunu qeyd ediblər. 

Hüseyn Səfərov daha əvvək bildirmişdi ki, məhkəmə binasının qarşısında müttəhimlərin yaxınlarının, həmçinin Vüsal Ələkbərovun təzyiqlərinə məruz qalıb.  \\Qaynarinfo