MTN generalının həbsdə psixi probemləri yaranıb?

2022-09-06 11:38:00

MTN generalının həbsdə psixi probemləri yaranıb?

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, həbsdə olan general-mayor Elçin Quliyevin səhhətində ciddi problemlər yaranıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Defence Line” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov özünün “Facebook” səhifəsində yazıb. O bildirib ki, general ya özünü ruhi xəstə kimi göstərir, ya da doğrudan da dəli olub: “2015-ci ildən həbsdə olan Elçin Quliyev uzun müddət müşahidə kameraları altında dayanaraq ya gülür, ya da ağlayır. Keçmiş dustaq yoldaşlarım isə deyir ki, Elçin Quliyev bənzər davranışları tez-tez sərgiləyir. Ola bilsin ki, hansısa psixi xəstəlikdən əziyyət çəkməyə başlayıb. Ya da düşünür ki, özünü dəliliyə qoyub, anlaqsız kimi aparmaqla azadlığını tezləşdirə bilər”.

Bir müddət əvvəl həbsxanada generalla görüşən vəkil Elçin Sadıqov da onun yersiz davranışlar sərgilədiyini təsdiqləyib. O, "Qafqazinfo"ya açıqlamasında bildirib ki, o, Elçin Quliyevlə ilyarım əvvəl görüşüb: "Qeyri-adekvat biri kimi görünürdü. Yersiz davranışlar göstərib gülürdü. İndiki durumu ilə bağlı hər hansı məlumatım yoxdur".

Elçin Quliyevin yaxınları isə yayılan məlumatların doğru olmadığını bildirib: "Belə bir şey yoxdur. Rüfət Səfərovun yazdıqları həqiqətə uyğun deyil".

Xatırladaq ki, Elçin Quliyev 2015-ci ildə həbs edilib. 10 il 6 ay cəza alıb. O, qanunsuz azadlıqdan məhrum etmə, mütəşəkkil dəstə tərəfindən quldurluq, hədə-yolu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət almada ittiham olunub. (Qafqazinfo)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.060901