Moskvada kritik görüş: Ankaranın İrəvana 4 şərti - biri də Azərbaycan...

2022-01-15 14:25:00

Moskvada kritik görüş: Ankaranın İrəvana 4 şərti - biri də Azərbaycan...

İki ölkə arasında münasibətlərin normallaşması üçün İrəvan 4 ilkin şərti yerinə yetirməlidir: 10 noyabr sənədi, Türkiyənin ərazi bütövlüyünə hörmət, saxta soyqırım iddiasından daşınmaq və abidəni sökmək

Yanvarın 14-də Moskvada Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün təyin olunmuş xüsusi nümayəndələrin - Sərdar Kılıc və Ruben Rubinyan (parlamentin vitse-spikeri) arasında ilk görüş tarixi əhəmiyyət kəsb edir. Bu iki ölkə arasında diplomatik əlaqələr yoxdur və yalnız Qarabağ müharibəsindən sonra bölgədə yeni konfiqurasiyanın yaranması üçün qarşılıqlı addımlar atılmaqdadır.

Amma birinci görüşdə hansısa taleyüklü qərarların veriləcəyini istisna etmək lazımdır. Çünki ilk görüşdür və yekun nəticə ən yüksək səviyyədə müzakirələrdə əldə edilir. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan deyib ki, ilk görüş mahiyyət etibarilə tanışlıq xarakteri daşıyır. “Bir görüşdən nəzərə çarpacaq dərəcədə nəticələr gözləmək çətindir, lakin bu, prosesi işə salacaq”, - deyə Unanyan qeyd edib.

Toğrul İsmayıl | Prof.Dr., KSÜ Siyaset Bilimi ve Uluslararası İlişkiler  Bölümü Başkanı

Toğrul İsmayıl: “Onsuz da dərhal sərhədlər açılmır, diplomatik əlaqələr qurulmur”

Onun sözlərinə görə, rəsmi İrəvan hesab edir ki, proses nəticəsində Ermənistan və Türkiyə arasında diplomatik münasibətlər qurulacaq və iki ölkə arasında sərhəd açılacaq: “Ermənistan hər zaman bəyan edib ki, hər hansı ilkin şərt olmadan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırdır”.

“Yeni Müsavat” bu məqamda yada salmağı zəruri sayır ki, Ermənistan Türkiyə və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyib. Bu iddialar Ermənistanın konstitusiyasında, gerbində belə, əksini tapıb, həmçinin saxta soyqırım iddiaları qalır. Bu da məlumdur ki, qardaş ölkə İrəvanla əlaqələrin qaydaya salınmasının Azərbaycanla qarşılıqlı məsləhətləşmə rejimində aparılacağını bəyan edib və sözsüz ki, belə də olacaq.

Türkiyə parlamentinin keçmiş vitse-spikeri, “Tələt Paşa” Birliyinə rəhbərlik edən Həsən Qorxmazcan isə deyib ki, Türkiyə Ermənistanla yalnız İrəvan 4 ilkin şərti yerinə yetirdikdə münasibətləri normallaşdırmalıdır: birincisi, 10 noyabr üçtərəfli razılaşmaları dərhal həyata keçirməlidir; ikincisi, Ermənistan Türkiyənin ərazi bütövlüyünə hörmət etməli və bunu bəyan etməlidir; üçüncüsü, saxta soyqırım iddialarından əl çəkməlidir və dördüncüsü, Ermənistan Türkiyəyə qarşı düşmənçiliyə son qoymalı və Şirak bölgəsində türk xalqını aşağılayan abidəni sökməlidir. Söhbət Tələt Paşanı qətlə yetirən terrorçu Soqomon Teyleryana qoyulan və Tələt Paşanı aşağılayan təhqiramiz abidədən gedir.

Amma Ermənistan rəhbərliyi bunlara əməl eləməyə özündə güc tapa biləcəkmi? Ermənistanın Təhlükəsizlik Xidmətinin sabiq direktoru, qatı müxalifətçi David Şahnazaryan bu xüsusda deyib ki, Nikol Paşinyan hökuməti iqtidardan gedən kimi onun Türkiyə və Azərbaycana bu qəbildən elədiyi güzəştlərlə bağlı imzaladığı bütün sənədlər ləğv olunmalıdır.

Göründüyü kimi, revanşistlər, millətçilər hələ də sərsəm fikirlərindən, erməni xalqını uçuruma və təcridə aparan ideyalarından daşınmayıblar. Ancaq onun söylədikləri nə dərəcədə mümkündür? Moskvada erməni və türk nümayəndələrinin ilk görüşü təmasların intensivləşdirilməsinə zəmin yarada bilərmi?

Ankara Universitetinin professoru Toğrul İsmayılın “Yeni Müsavat”a bildirdiyinə görə, yuxarıda sadalanan problemlər mövcuddur və əngəllər az deyil: “Amma Türkiyə üçün çox ciddi problem kimi görülmür, istər saxta soyqırım, istər ərazi iddiaları olsun. Əlbəttə, ilkin şərt kimi aradan qaldırılması lazımdır. Amma bir görüşlə hansısa nəticə olacağını güman etmirəm. Sözsüz ki, görüşün olması müsbətdir və unutmaq olmaz ki, müzakirənin Moskvada keçirilməsi Rusiyanın da marağındadır”.

T.İsmayıl hesab edir ki, xüsusi təmsilçilər müəyyən edilibsə, deməli, Ankara-İrəvan arasında görüşlər davam edəcək: “Onsuz da dərhal sərhədlər açılmır, diplomatik əlaqələr qurulmur. Bütün məsələlər Azərbaycanla danışılaraq həll ediləcək. Əsas məsələ sülh münasibətlərinin təmin edilməsi üçün şəraitin yaradılmasıdır”.

Professor Qabil Hüseynlinin fikrincə, Moskva görüşü tanışlıq xarakteri daşıyır: “Ermənistanın belə tezliklə şərtləri qəbul etməsi mümkün deyil. Erməni nümayəndəsi məsləhətləşmə üçün ölkə rəhbərliyinə məruzə etməsinin zərurətini irəli sürəcək və beləcə bu görüşlər hələ çəkəcək. Ümumiyyətlə, Ermənistan-Türkiyə əlaqələrinin inkişafı Azərbaycan-Ermənistan münasibətlərinin həllindən asılıdır. Bu problemlər yoluna düşməsə, İrəvan Ankaradan istədiyini qopara bilməyəcək”.

Qabil Hüseynli geri addım atdı: “Dünənki emosional sözlərimdən imtina  edirəm” | KONKRET

Qabil Hüseynli: “İrəvan-Bakı danışıqları Moskvadan asılıdır”

Q.Hüseynlinin sözlərinə görə, baxmayaraq ki, çarter reysləri işləyir, amma münasibətlərin qayda salınması Azərbaycanla problemlərin həllinə bağlıdır: “Əks halda heç bir razılıq əldə edilməyəcək. İrəvan-Bakı danışıqları isə Moskvadan asılıdır. Sadəcə, Kremlin başı Qazaxıstana qarışıb və Ermənistan Rusiyanı kölgəsi kimi hərəkət edir. Odur ki, danışıqlarda dinamika müşahidə olunmur”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məsələ ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi ilə Qafqazda yeni bir dönəmə qədəm qoyulub: “Bu irəliləyişdən sonra Ermənistanla normallaşma mərhələsini başlatdıq. Atılan addımların gözlənilən nəticələri verməsi üçün Ermənistan bölgədəki sülh fürsətini yaxşı dəyərləndirib Azərbaycanla müsbət münasibətlər qurmalıdır”.

“Yeni Müsavat”