"Moskva və Tehranın nə düşündüyü Ankara üçün əsas olmayacaq" - ELXAN ŞAHİNOĞLU

2022-06-23 11:46:00

"Rusiya və İran arasında hərbi əməkdaşlıq haqqında çox danışılsa da, bu istiqamətdə də irəliləyiş yoxdur"

"Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya Tehrandan gələcək. Lavrovun İran paytaxtında ikitərəfli əməkdaşlığın hazırkı vəziyyətini, Tehranın nüvə çalışmalarını və Suriyadakı durumu müzakirə edəcəyini proqnozlaşdırmaq olar. Rusiya və İran Qərbin sanksiyaları altındadırlar. Ona görə hər ikisi bir-biri ilə siyasi və iqtisadi əlaqələrin inkişafını istəyirlər, sadəcə həm Rusiyanın, həm də İranın hazırki ağır iqtisadi vəziyyət şəraitində bir-birlərinə təklif edəcək layihələr çox deyil". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib.

Politoloqun sözlərinə görə, iki dövlət arasında hərbi əməkdaşlıq haqqında çox danışılsa da, bu istiqamətdə də irəliləyiş yoxdur: "İranın kifayət qədər maliyyəsi yoxdur ki, Rusiyadan almaq istədiyi hərbi texnikanın hesabını ödəyə bilsin. İkinci mövzu Tehranın nüvə çalışmalarıyla bağlıdır. Lavrov Tehranın Qərblə yeni nüvə anlaşması imzalayıb imzalamayacağı barədə iranlı rəsmilərin nəbzini yoxlayacaq".

Suriyaya gəldikdə isə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri bildirib ki, Rusiya və İran Türkiyənin yeni hərbi əməliyyatının əleyhinədirlər: "Tehranda tərəflər bunu vurğulayacaqlar. Ancaq Türkiyə milli və təhlükəsizlik maraqlarından çıxış edir və əgər bu maraqlar Suriya ərazisində terrorçulara qarşı hərbi əməliyyatı diqtə edəcəksə, Moskva və Tehranın bu barədə nə düşündüyü Ankara üçün əsas olmayacaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya