Moskva Ukraynanın torpaq itkisi ilə barışmasını istəyir
Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Mayak” radiosuna müsahibəsində Rusiyanın ələ keçirdiyi ərazilərə iddiaları da daxil olmaqla, Moskvanın Kiyevdən öz tələblərinin qəbul edilməsini gözlədiyini bildirib.
Peskov deyib: “Moskva Kiyevdən Moskvanın tələblərinin qəbul edilməsini və de-fakto vəziyyyətin – real mövcud olan vəziyyətin başa düşülməsini gözləyir”.
Bunun “ərazilərin güzəştə gedilməsi” demək olub-olmadığı sualına Peskov belə cavab verib: “Bu, ərazilərin güzəştə gedilməsi demək deyil, Kiyev de-fakto vəziyyəti tanımalı və sadəcə ayıq başla qiymətləndirməlidir”.
Xatırladaq ki, Ukrayna rəhbərliyi hətta müharibənin dayandırılması naminə belə, əraziləri güzəştə getməyəcəyini və Ukraynanın bir hissəsinin işğal edilməsi ilə barışmayacağını bildirib.
2014-cü ildə Rusiya Krımı və Ukraynanın şərqinin bir hissəsini işğal edib. 2022-ci ildə isə Ukraynaya tammiqyaslı hücum edərək Luqansk, Donetsk, Xarkov, Zaporojye vilayətlərinin bir qismini və demək olar ki, bütün Xerson vilayətini işğal edib.
Hürr Tərcüman