Moskva təşvişdə: Paşinyan Rusiyadan üz çevirdi - ABŞ-la gizli razılığa gedir / Müsahibə

2021-09-15 22:25:00

Moskva təşvişdə: Paşinyan Rusiyadan üz çevirdi - ABŞ-la gizli razılığa gedir / Müsahibə

“Müharibədən sonra Ermənistanda 16 partiyanın Rusiyanın moderatorluğu ilə birləşməsi və Paşinyanı küçədən devirmək prosesinə start verildi. Amma alınmadı. O qrupun aksiyaların dekabrın əvvəlinədək davam etdi, maksimum 4-5 min insanın küçələrə çıxdığını gördük. Amma dekabrın əvvəlində Paşinyan çağırış etdi, yüz mindən çox insan ona dəstək üçün küçələrə yürüşə çıxdı. Bundan sonra Moskva da, 16 siyasi partiya da anladı ki, Paşinyanı küçədən devirmək planı baş tutmayacaq. Erkən seçki istədilər, Paşinyan buna da razılıq verdi. Paşinyan erkən seçkilərdə də qalib gəldi”.

Hurriyyet.az Real partiyası sədrinin müavini Natiq Cəfərlinin Teleqraf.com-a müsahibəsinin bir hissəsini təqdim edir: 

“Erkən seçkilərdə iki tərəf – müharibə və sülh partiyaları mübarizə aparırdı. Paşinyan ən azı sülhün təmin olunmasında maraqlı olduğunu bəyan edən tərəfdir. Paşinyan bu seçkilərdə böyük üstünlüklə qələbə qazandı. İndi belə bir aktivliyin olması təkcə Paşinyanın devrilməsi məsələsi ilə bağlı deyil, bu, həm də Kreml tərəfindən onu daim təzyiq altında saxlamaq üçündür. Çünki Moskva Paşinyana güvənmir.Rusiyada düşünürlər ki, Paşinyan bir gün Vaşinqton və ya Avropada paytaxtlardan birində Moskvadan xəbərsiz görüşüb nəsə imzalaya bilər. Məsələn, Azərbaycanla sülh müqaviləsi imzalasa, Rusiyanın bölgəmizdəki mövcudluğu ciddi sual altına düşə bilər. Rusiya da bunun baş verməməsi üçün həmişə yerli siyasətçilərdən istifadə edəcək. Buna görə də, Köçəryanın nüfuzunun və tərəfdarlarının artırılması yönündə həmişə addımlar atacaq ki, bundan Paşinyana təzyiq vasitəsi kimi istifadə etsin”.