Saat:02:41
Haqqımızda

"MOSKVA QƏYYUM OLMAĞA ÇALIŞIR, AZƏRBAYCAN İSƏ BUNU İSTƏMİR" - "Bu, Rusiya ilə münasibətlər baxımından yeni siyasi böhran anıdır..."

2022-05-21 13:52:00

Zərdüşt Əlizadə: “Rusiya Ermənistana deyir ki, sülhdən yayın, məsələni uzat”

Azərbaycan 44 günlük müharibədən ötən dövr ərzində Ermənistanla sülh razılaşması əldə etməyə çalışsa da, hələlik bunun tezliklə reallaşması mümkün görünmür. Müşahidələr göstərir ki, Ermənistan bilərəkdən prosesi dalana salmaqla müharibədən əvvəlki siyasətini davam etdirir. Bunun nəticəsidir ki, aprelin 6-da Brüsseldə baş tutan Əliyev-Paşinyan görüşü zamanı əldə oluan razılaşmaların heç biri həyata keçirilməyib.

“AzPolitika.info” danışıqların real vəziyyətini politoloq Zərdüşt Əlizadə ilə müzakirə edib:

- Zərdüşt bəy, son günlər Azərbaycan-Ermənistan danışıqları mövzusunda müəyyən fəallaşma müşahidə olunur. Bu məsələdə Rusiya və Avropa Birliyinin vasitəçi kimi fəaliyyətləri kontekstində vəziyyəti necə qiymətləndirmək olar?

- Rusiyanın başı bu saat öz problemlərinə qarışıb, xüsusən də Ukrayna məsələsinə. Azərbaycan isə qələbəsini sənədləşdirmək, ona sərf edən sənədin imzalanmasına nail olmaq istəyir. Ermənistanda daxili siyasi vəziyyət qeyri-müəyyəndir və o, heç bir qərar qəbul etmək iqtidarında deyil. Hazırda Ermənistanda qərar qəbul edə bilən güclü hakimiyyət də yoxdur. Paşinyan hakimiyyəti zəifləyib. Üstəlik, erməni müxalifəti və cəmiyyəti də zəifdir. Onların hər hansı bir ağlabatan fikir söyləmələri hələ çətin görünür. Erməni cəmiyyəti daim xülyalarla yaşayıb. İndiki vəziyyətdə isə reallıqla xülyalar arasında dərin uçurum var. Odur ki, İrəvan “çevir tatı, vur tatı” fəaliyyəti ilə məşğuldur. Məsələni uzadır. Ona görə hansısa təkliflər irəli sürürlər, amma reallıqda problemin həllinə doğru addımlar atmırlar.

- Aprelin 6-da Brüsseldə görüş oldu, müəyyən razılıqlar əldə edildi. Aprelin sonuna qədər hər iki tərəfin nümayəndələri görüşməli və beləcə delimitasiya və demarkasiya prosesinə başlanmalı idi. Amma bu, baş vermədi. Azərbaycan Prezidenti də elan etdi ki, Ermənistan bu görüşü iki dəfə təxirə salıb...

- Belə bir komissiya yaradılıb. Hətta onun görüş keçirməsi də nəzərdə tutulurdu. Qeyd edilirdi ki, görüş Moskvada olacaq. Yəni gec də olsa belə bir komissiyanı tərəflər yaradıblar. İndi qalır onun müzakirələrə başlaması.

- Amma mayın 19-da Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan Brüsseldə bildirib ki, komissiyanın görüşünün baş tutmamasına səbəb texniki məsələlərdir...

- Bu, ona görədir ki, Ermənistanda ciddi qərar qəbul etmək qüdrətində olan səlahiyyətli hakimiyyət yoxdur. Paşinyan zəifdir və erməni cəmiyyətindən asılıdır. O cümlədən də Moskvadan. Ona görə də, Paşinyan boyun qaçırır, məsələni uzadır. Ortada olan təklifləri də süni şəkildə uzadır, onların müzakirəsinə ehtiyac olduğunu deyir. Əslində isə Paşinyan anlayır ki, əgər qəti qərar qəbul etsə, onun hakimiyyəti üçün ciddi siyasi böhran yarana bilər.

- Paşinyan Moskvaya hər səfər etdikdən sonra fikrini və mövqeyini dəyişir...

- Aydındır ki, Moskvada ona müəyyən təsirlər olur. Ermənistan özü dövlət kimi, hakimiyyəti isə hökumət kimi Rusiyadan çox asılıdır. Ermənistan müstəqil deyil və müstəqil siyasət həyata keçirmir.

- Bəs, Brüssel görüşündən sonra dərhal fəallaşan Rusiyanın marağı nədir?

- Rusiya çalışır ki, gələcəkdə hər hansı razılaşmada onun siyasi mexanizmləri nəzərdə tutulsun. Rusiya zamin olsun, qəyyumluq etsin və s. Azərbaycan isə bunu istəmir, istəyir ki, ikitərəfli sülh sazişi imzalasın və aramızdakı bütün mübahisəli məsələlər bu sənəddə həllini tapsın. Rusiya isə bunu istəmir. Ona görə Ermənistana deyir ki, sülhdən, razılaşmadan yayın, məsələni uzat.

 

- Bu, nə vaxta qədər davam edə bilər?

- Əslində. vaxt bəllidir. 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli sazişdə qeyd olunub ki, rus sülhməramlıları üçün beş illik müddət nəzərdə tutulur və bu vaxt tamam olduqdan sonra tərəflərin istəyi ilə sülhməramlıların müddəti daha 5 il müddətinə uzadıla bilər. İndi bu müddətin ilyarımı keçib. Müddət başa çatdıqdan sonra Azərbaycan tərəfi rus sülhməramlıların qalması və ya getməsi haqda mövqeyini bildirməlidir. Bu müddət ərzində bir şey edə bilməsək. Azərbaycan labüd seçim qarşısında qalacaq. Bu halda Bakı ya rus sülhməramlılarının müddətini daha beş il uzatmalı, ya da deməlidir ki, gedə bilərsiniz. Amma bu da Rusiya ilə münasibətlər baxımından yeni siyasi böhran anıdır. Belə vəziyyətdə Azərbaycanla münasibətləri qaydaya salmasa, Ermənistan da seçim qarşısında qalaccaq. Rusiyanın özü də real seçim qarşısındadır və öz mövqeyini hansısa sənədlə təsdiqləməlidir. Ya da deməlidir ki, qanunlara tüpürürəm və öz ordumu saxlayıram sizin ərazilərinizdə. Bu da o deməkdir ki, Azərbaycanla ciddi münaqişəyə girir, beynəlxalq aləmlə üz-göz olur. Amma hələlik üç il yarımlıq zaman var. Odur ki, növbəti müddət üçün məsələni uzadırlar. Yəni siyasi oyunbazlıq baş verir.

- Bəs, vaxt kimin lehinə, kimin əleyhinə işləyir?

- Mən düşünürəm ki, zaman Rusiyanın əleyhinədir. Çünki Rusiya tarixən, xüsusilə, son 30 ildə zəifləyən tərəfdir. Rusiya güclənməyib, zəifləmək istiqamətində gedib. Ələlxüsus sənayesi, elmi, texnologiyası, maliyyəsi, hərbisi və cəmiyyəti. Bütün istiqamətlərdə zəifləməyə doğru gedib. Bunun ən bariz nümunəsi də Ukrayna müharibəsindəki uğursuzluğudur. Odur ki, zaman Rusiyanın xeyrinə ola bilməz.

İkinci tərəf olan Ermənistan da uduzan tərəfdir və uduza-uduza gedir. Deməli, məsələni uzatmaq əslində onun da xeyrinə deyil.

Əlbəttə, sülhün olmaması və gərginliyin qalması Azərbaycana da ziyan gətirir. Mənin qənaətimcə, burada qazanan tərəf yoxdur. Hər tərəf sülhün olmamasından itirir.

- İndi Brüsselin təşəbbüsü ilə yüksək səviyyədə yeni görüş planlaşdırılır. Bundan yeni nəsə gözləmək olarmı?

- Bilirsinizmi, ciddi fikirləşəndə Cənubi Qafqaz regionu Avropa Birliyi üçün o qədər də mühüm deyil. Xüsusilə, Ukrayna hadisələri fonunda. Eyni zamanda, Avropa Birliyinin özü daxili böhran keçirir. Onlar zamanın çağırışları ilə ayaqlaşmaq məsələsində bəzən gecikirlər. Odur ki, Cənubi Qafqaz bu qurum üçün prioritet məsələ deyil. Amma madam ki, Ermənistan boynuna öhdəlik götürüb, yaxşı olardı ki, onu yerinə yetirsin. Həm də Ermənistana beş milyarda yaxın pul da ayırıblar.

- Yəni. Avropa Birliyinin Ermənistana təsir və təzyiq mexanizmləri var...

- Bəli, beş milyardlıq layihə var. Vəd veriblər ki, özünüzü yaxşı aparsanız bu pulu sizə verəcəyik. Digər tərəfdən, əgər Ermənistan və Azərbaycan xoş niyyət göstərsələr və barış əzmini nümayiş etdirsələr, bu halda daha çox maliyyə ayırarlar. Amma hələlik Rusiyanın və şəraitin imkan verdiyi qədər öz xoş niyyətlərini nümayiş etdirirlər. Hesab edirəm ki, görüşlərin davam etməsi müsbət hadisədir və bunlar ümumi işin - sülhün əldə olunması, əlaqələrin normallaşması baxımından vacib müzakirələrdir.

- Hazırda görünən odur ki, proses uzadılır, Ermənistan imza atdığı sənədlərə hörmət etmir. Bu halda yeni hərbi qarşıdurma nə dərəcədə real görünür?

- Qənaətimcə, hazırda bu, heç kəsə xeyir etmir. Ermənistana ona görə sərf etmir ki, onsuz da zəifdir, yeni müharibədə açıq məğlub ola bilər. Azərbaycana ona görə sərf etmir ki, yeni müharibə onun adına, şanına yaraşmaz. Xüsusilə, 44 günlük müharibədən sonra qələbəni hansısa formada rəsmiləşdirmək lazımdır.

Rusiya üçün bu, ümumiyyətlə lazım deyil, çünki gələcək qarşıdurma nəticəsində bəlkə də regiona bütün təsir imkanlarını itirə bilər.

Türkiyə isə məsələyə soyuqqanlı baxır. Gözləyir ki, erməni tərəfi yetişsin, gəlib gerçəklikləri etiraf etsin və beləcə münasibətlər qaydaya düşsün. Mən hesab edirəm ki, belə də olacaq.

“AzPolitika.info”

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR