"Moskva özü üçün aydınlaşdıra bilmir ki, proses harada dayanacaq" - ŞAHİN CƏFƏRLİ

2022-04-26 15:10:00

"Bütün qırmızı xətlər aşılıb, Ukrayna üçün qorxu divarı yıxılıb"

"ABŞ dövlət katibi Blinken və müdafiə naziri Ostinin Kiyevə səfəri ilk növbədə ciddi siyasi-mənəvi dəstək nümayişidir. Amma təkcə bu deyil. Səfər zamanı ABŞ-ın Ukraynaya daha 322 milyon dollarlıq silah-sursat göndərəcəyi açıqlanıb. Blinken bildirib ki, Ukraynaya silah dəstəyi yekun uğur əldə edilənə qədər davam edəcək". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli deyib.

Siyasi şərhçi qeyd edib ki, ABŞ-ın müdafiə naziri Polşada jurnalistlərə açıqlamasında analoji bəyanat verib: "Ancaq onun cümlələrində bir məqam diqqətimi çəkdi. General Ostin Ukraynadan danışarkən “biz” şəxs əvəzliyindən istifadə edir: “Qələbəyə ilk addım qələbəyə inanmaqdır. Biz inanırıq ki, qalib gələ bilərik, onlar qalib gələ bilər - əgər düzgün dəstək və düzgün vasitələr olarsa. Biz əlimizdən gələn hər şeyi etməyə hazırlaşırıq və edirik”. ABŞ-ın Almaniyadakı Ramştayn aviabazasında vəziyyətlə bağlı 20-dən çox dövlətin təmsilçilərinin iştirakı ilə qapalı toplantı keçiriləcək. Toplantıda Ukraynanın hazırkı mərhələdə və müharibədən sonra silahlandırılması məsələsi müzakirə olunacaq. Rusiya Ukraynanın silahlandırılmasının tempindən və daxil olan silahların keyfiyyətindən ciddi şəkildə narahatdır. Artq bu mərhələdə gəlməkdə olan silah sistemləri (155 mm-lik M-777, M-109, AS-90, “Caesar”, “Panzerhaubitze” artilleriya qurğuları) Ukraynanın bu sahədə Rusiyadan üstünlüyünü təmin edəcək. NATO mərmiləri dəqiqliyinə və dağıdıcı gücünə görə rusiyalı analoqlarından üstündür. Hələ peykdən idarə olunan “Excalibur” mərmiləri var ki, bunlar hazırda dünyanın ən dəqiq artilleriya mərmiləri sayılır".

Rusiyanı narahat edən başlıca məqamın bu olmadığını vurğulayan Şahin Cəfərlinin sözlərinə görə, Moskva özü üçün aydınlaşdıra bilmir ki, bu proses harada dayanacaq: "Tutaq ki, bu gün Ukraynaya taktiki dronlar verilirsə, sabah Moskvaya qədər uçub-qayıtmaq qabiliyyətində olan MQ-9 “Reaper” kəşfiyyat-zərbə dronları verilsə, nə olacaq? Yaxud Rusiyanın Ukrayna ətrafındakı bütün aerodromlarını, hərbi hissələrini, silah-sursat və yanacaq anbarlarını, Sevastopoldakı Qara dəniz donanmasının qərargahını və limandakı hərbi gəmilərini dəqiqliklə vuracaq raketlərin Ukraynaya verilməyəcəyinə təminat varmı? “Ukrayna bunu eləməz, birdən Putin əvəzində nüvə raketi atar” deyə düşünmək artıq keçərli və inandırıcı deyil. Bütün qırmızı xətlər aşılıb. Ukrayna üçün qorxu divarı yıxılıb".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya