Moskva görüşünə açılan atəş, “Zəngəzursuz işimiz yarımçıq qalar” mesajı, Putinin Şuşa yolçuluğunun anonsu

2021-07-22 09:36:00

Moskva görüşünə açılan atəş, “Zəngəzursuz işimiz yarımçıq qalar” mesajı, Putinin Şuşa yolçuluğunun anonsu

Azərbaycan və Rusiya liderləri arasında növbəti görüş bütün mənalarda Ermənistanı növbəti dəfə məyusluq burulğanına salıb. Belə gözləmirdilər. Onlar düşünürdülər ki, İlham Əliyev-Vladimir Putin arasındakı Moskva danışıqları gərgin atmosferdə keçəcək, Rusiya prezidenti azərbaycanlı həmkarına son atəş səslərindən, Naxçıvan istiqamətindəki gərginlikdən narahatlığını ifadə edəcək və bu, son təxribatların müəllifləri məqsədlərinə çatacaqlar.

Bu yerdə bir məqama diqqət edək: iki liderin Moskva görüşündən sonra həm Qarabağda, həm də Ermənistan-Azərbaycan sərhədləri boyunca sakitlik yaranıb. Deməli, atəş həm də gözlənilən bu görüşə açılırmış. Məkrli niyyət alınmadı və susublar...

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri bir daha nümayiş etdirdi ki, iki lider arasındakı qarşılıqlı hörmət və etimad keçici deyil, əbədilik statusu qazanıb. İki dövlət arasında əməkdaşlıq əlaqələrinin səviyyəsi, regional, təhlükəsizlik və digər məsələlər üzrə mövqelərin üst-üstə düşməsi, iki lider arasındakı səmimi, konstruktiv və ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə yönəlik müzakirələrin aparılması Azərbaycan və Rusiyanın arasında nifaq toxumu səpənlər üçün növbəti dəfə “soyuq duş” effekti yaratdı.

Ermənistandakıları yaxıb-yandıran budur ki, onlar Putindən hansısa sərt ifadələr gözlədikləri halda, Rusiya prezidenti Azərbaycan liderinə təşəkkürünü bildirdi. Sitat: “Aydındır ki, regionda vəziyyətin nizamlanması ən mühüm məsələlərdən biri olaraq qalır. Əlbəttə, bilirəm ki, Siz bu məsələyə çox böyük diqqət və əhəmiyyət verirsiniz. Buna görə Sizə təşəkkür etmək istəyirəm ki, kompromisli qərarlar tapılır. Onlar həmişə ən mürəkkəb məsələlərdir, lakin əgər biz nizamlama istəyiriksə, - biz hamımız isə bunu istəyirik, - onda bu yolla getməliyik. İndiyə qədər biz bunu etməyə nail olmuşuq, buna görə Sizə təşəkkür etmək istəyirəm”. Necə deyərlər, beynində yenidən revanşist fikirlər dolaşan Ermənistandakıların acığına, təşəkkür-təşəkkür ardınca!

55.jpg (44 KB)

Heç şübhəsiz, Rusiya prezidenti bununla Azərbaycan liderinin region ölkələrini öz ağuşuna ala biləcək 6-lıq formatı ilə bağlı ideyasını, bu istiqamətdə əzmlə çalışmalarını nəzərdə tutaraq söyləyib. Bu, həm də görüşdən öncə Nikol Paşinyanın həddini aşaraq, Azərbaycan prezidentini yersiz yerə ittiham etməsinə, Azərbaycanın Ermənistanı blokadada saxlamaq istədiyinə dair mənasız iddiasına cavab idi. Bütün dünya şahiddir ki, Ermənistanın 30 illik cinayətlərinə rəğmən, Azərbaycan dövlətinin başçısı erməni xalqını fəlakətlər girdabından çıxara biləcək regional əməkdaşlıq təklif edir, sülh müqaviləsinin imzalanmasını zəruri sayır, kommunikasiyaların, nəqliyyat dəhlizlərinin açılması istiqamətində böyük layihələr həyata keçirilməsi istiqamətində ciddi addımlar atır, amma Ermənistan onu quyunun dibindən çıxara biləcək əməkdaşlıq formatından belə boyun qaçırmağa çalışır, tarixi hikkələrindən imtina etməməklə... Bu reallığı Rusiya prezidenti də doğru-düzgün qiymətləndirdiyi üçün açıq mövqe ifadə etdi.

Ermənistan Azərbaycanla həmsərhəd bölgələrdə silahları yenidən işə salmaqla növbəti dəfə Rusiyanı və onun timsalında KTMT-ni proseslərə qoşmağı hədəfləmişdi. Ancaq prezident Putin erməni təxribatına məhəl qoymadığını nümayiş etdirdi və üstəlik, Azərbaycana, onun liderinə nə qədər böyük önəm verdiyini açıq mətnlə bəyan etdi. Prezident Putinin “Gələn il bizim böyük bayramımız olacaq – diplomatik münasibətlərin yaradılmasının 30 illiyi” sözləri sıradan məsələ deyil. Forpost Ermənistanın, onun oyuncaq hakimiyyətinin suyu bulandırmaq istiqamətindəki çalışmaları bu dəfə də fayda vermədi, Rusiya müstəqil Azərbaycan dövləti ilə diplomatik münasibətlərin 30 illik yubileyinə hazırlaşır. İki liderin qarşılıqlı etimad mühitindən doğan münasibətlərinin çox yüksək səviyyədə olması elə salamlaşma kadrlarındakı pozitiv atmosferindən də aydın müşahidə olundu. Rusiya lideri Azərbaycana böyük önəm verir, onun regional rolunu kifayət qədər qiymətləndirir, həmkarının qətiyyətli, ardıcıl, prinsipial dövlət siyasətinə rəğbət bəsləyir, bu, hər görüşdə özünü biruzə verir.

5.jpg (118 KB)

“Biz yaxın vaxtlarda sizə nüfuzlu nümayəndə heyəti göndərməyi planlaşdırırıq, bu nümayəndə heyəti həmin məsələlərlə (iqtisadi və sair-red.) artıq Bakıda məşğul olacaq. Onlar müxtəlif məkanlarda müntəzəm surətdə görüşürlər. Bu, müxtəlif istiqamətlər üzrə qarışıq qrup olacaq. Həm sənaye, həm nəqliyyat, həm infrastruktur və bəzi başqa məsələlər nəzərdə tutulur”, V.Putin söylədi. Rusiya rəhbərliyi iki qonşu dövlətin iqtisadi əməkdaşlığının daha da inkişaf etdirilməsinin vacibliyindən bəhs edərkən heç şübhəsiz 10 noyabr üçtərəfli anlaşmasını da nəzərdə tutur. İki dövlət arasında nəqliyyat, infrastruktur sahədə əməkdaşlıqdan bəhs olunarkən üçtərəfli anlaşmanı kənara qoymaq mümkün deyil. Bu mənada Putinin Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğu şübhəsizdir. Bu dəhliz təkcə Rusiyanın Ermənistandakı hərbi bazasına yüklərin çatdırılması baxımından önəmli deyil. Zəngəzur dəhlizi açılmadan regional əməkdaşlığı inkişaf etdirmək mümkün olmayacaq, çünki bu yol yeni imkanlar, alternativlər yaradır. Özü də söhbət təkcə Zəngəzurdan keçəcək dəmir yolunun bərpasından yox, həm də avtomobil yolunun inşası və istifadəsindən gedir. Azərbaycan prezidenti dəfələrlə bu məsələlərlə bağlı mövqeyini ifadə edib. Vətən Müharibəsinin ən gərgin vaxtlarında onu dayandırmaq istəyənlərə prezident Əliyevin cavabını xatırlayırsınızmı? “Şuşasız işimiz yarımçıq qalar”, demişdi. İndi də Azərbaycan liderinin bütün fəaliyyətini təqribən “Zəngəzursuz işimiz yarımçıq qalar” fikri ətrafında ümumiləşdirə bilərik. Bu mövqe Rusiya rəhbərliyinə də yaxşı məlumdur. Azərbaycan dövləti özünün böyük bir hissəsinin – Naxçıvan Muxtar Respublikasının əbədi şəkildə blokadada yaşaması ilə razılaşa bilməz! Bu, dünyanın gözü qarşısında 30 ildir davam edən ədalətsizlikdir və nə qədər tez aradan qaldırılsa, Ermənistan üçün də faydalı olar! Dünyada ikinci belə dövlət varmı ki, ərazisinin bir parçası qonşu ölkənin “o tayında”-təcrid vəziyyətindədir? On illərdir digər ölkələrin ərazisindən keçməklə gedib mənzil başına çata bilir vətəndaşlarımız və bir də alternativ hava yolu qalır. Ermənistanın dəhlizlə bağlı dirənişləri isə növbəti gərginliyi tətikləyir, Azərbaycan cəmiyyətində Zəngəzur dəhlizini hərbi yolla azad etməliyik, fikri getdikcə daha çox dəstək qazanır, həmçinin ermənilər üçün ayırdığımız Laçın dəhlizinin qapadılmasını istəyənlərin çevrəsi gündən-günə artır. Heç şübhəsiz ki, Rusiya prezidenti də bu ovqatdan xəbərsiz deyil. Gərginliyin artması, növbəti hərbi toqquşma Rusiyanın sülhməramlı missiyasına xələl gətirə, topladığı dividentləri alt-üst edə, bölgədə formalaşmaqda olan kövrək sülhün darmadağını ilə nəticələnə bilər, prezident Putin də bunu istəmir.

Düzdür, liderlərin görüşünün görünən hissəsində daha çox vurğu koronavirusla birgə mübarizəyə yönəlmişdi. Liderlər peyvənddən danışdılar. Amma bəlkə elə peyvənd müzakirəsinin alt qatında həm də erməni aqressiyasının “peyvəndlənməsi” müzakirəsi var idi. Axı, son vaxtlar “quduzlaşma” açıq şəkildə müşahidə olunur, Azərbaycan hərbçiləri arasında yaralananlar var. Günün birində “peyvənddən yayınan”ların əlində açılan silah rus sərhədçi, yaxud sülhməramlılarına da tuşlana bilər. “Vaksinləşmə” prosesinin gecikməsi isə problemlər yarada bilər. Ermənilər həm də bundan narahatdır...

2364748899696.jpg (51 KB)

Ermənilər Moskva görüşündə “status” kəlməsini eşidə bilmədilər, çünki Azərbaycan Prezidenti Qarabağın statusunu müəyyənləşdirib, rusiyalı həmkarı da xəbərdardır. Artıq Xankəndi, Xocalı, Xocavəndi də əhatə edən Qarabağ iqtisadi zonası yaradılıb. Rusiya sülhməramlılarının yerləşdiyi bölgənin də bu iqtisadi zonada yer alması sıradan məsələ deyil. Kim bilir, bəlkə elə Azərbaycanla iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi zərurətindən bəhs edən, Bakıya nümayəndə heyətini göndərəcəyini deyən Putin həm də Qarabağ iqtisadi zonasında əməkdaşlıq üçün tələsir. Niyə də olmasın? Unutmamışıq, bir neçə il əvvəl Rusiya növbəti dəfə sərt sanksiya qərarı ilə üz-üzə qalanda Azərbaycan dövləti şimal qonşusuna kənd təsərrüfatı məhsulları ilə bağlı kömək əlini uzatmışdı, təzyiqlərə məhəl qoymadan. Şübhəsiz ki, Rusiya prezidenti də bu kimi kişiyanə jestləri unutmayıb və dəyərləndirir. Rusiya rəhbərliyi görür ki, Ermənistan hakimiyyəti Avropa İttifaqından 2,6 milyardlıq dəstək, Fransadan, Amerikadan çeşidli vədlər eşidən kimi, Rusiyanı “baqaj”a qoymaq bahasına, Qərbə doğru “yol almağa” çalışır.

Müharibədən bir müddət sonra Rusiya prezidenti “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” deməklə Ermənistandakı revanşistləri, Qarabağdakı quldurları yerdən-yerə vurmuşdu. Artıq leksikonda Dağlıq Qarabağ da yoxdur, rəsmən bəyan olunub Azərbaycan lideri tərəfindən – Qarabağ var! Günün birində Vladimir Vladimiroviçi Azərbaycanın cənnət guşəsində - Şuşada da görə bilərik, Azərbaycan Prezidenti ilə saziş imzalanması törənində! Rusiyanın Bakıdakı səfirinin Şuşaya getməkdən imtinası Rusiya XİN-dəki ermənipərəst diplomatların özfəaliyyəti də ola bilər. Səfirlik də kursa uyğun davranmalıdır bunda sonra...Necə ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova bir müddət əvvəl “Azərbaycan-Ermənistan dövlət sərhədinin ayrı-ayrı bölgələrindəki insidentlərin Qarabağ nizamlanması ilə əlaqələndirilməsi doğru deyil. Bu insidentlər Azərbaycanla Ermənistan arasında beynəlxalq hüquqa əsasən formalaşmış sərhədin olmamasının nəticəsidir. Biz məsələnin uzunmüddətli və dayanıqlı həllini Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiya prosesinə tezliklə başlanmasında görürük”, deməklə irəvandakıları peşman etmişdi. Azərbaycan da məsələnin tezliklə başa çatmasını istəyir, Ermənistandan və delimitasiya-demarkasiya işlərini “sonraya” saxlamağı vacib sayan digər iki həmsədrdən fərqli olaraq...

11.jpg (346 KB)

Rusiya rəhbərliyi də başa düşür ki, digər iki həmsədr ölkə ilə sinxron hərəkət Moskva-Bakı münasibətləri üçün yumşaq desək, qanqaraldıcı perspektivlər vəd edir. ABŞ və Fransa hansısa yollarla regiona girmək istəyirlər, Ağ Evin İrəvandakı səfirliyindəki 2500 (!) nəfərlik kontingenti də “qarşılanma” üçün müntəzirdir. Təsəvvür edin, Rusiya Qarabağda 1960 nəfərlik sülhməramlı kontingentlə təmsil olunduğu halda, ABŞ-ın Ermənistandakı səfirliyində bundan çox “işçi” çalışır. Fransanın Makronu da “kiçik bacısı”ndan ayrı qala bilmir. Bütün bu məziyyətlərdən Rusiya rəhbərliyi də narahatdır və Ermənistanı yerində oturtmaq üçün heç şübhəsiz davamlı sürprizlər gələcək.

Azərbaycan Prezidenti Moskvadakı görüş zamanı ikitərəfli əməkdaşlıqdan danışarkən “sizinlə razıyam ki, biz çox inamla irəliləyirik”, deyib. İnamla irəliləmək təbii ki, məhdud sahələri özündə ehtiva etmir. Bu, həm də Rusiyadan gələcək qatarın, avtomobilin Zəngilandan, Mehridən keçərək Naxçıvana, Qarsa, həmçinin İrəvana gedəcəyinin anonsu sayıla bilər. Yəni ermənilər bu qətiyyətin qarşısını ala bilməyəcəklər, anlasınlar! Azərbaycan lideri Moskvaya getməzdən öncə Zəngəzurun şərqi varsa, demək qərbi də var və ora bizim dədə-baba torpaqlarımızdır, biz o torpaqlara qayıdacağıq, söylədi. Həmçinin Ermənistan rəhbərliyinə, bu ölkədəki frevanşist qüvvələrə çatdırmaq istədi ki, Azərbaycan sizin darmadağın etdiyiniz ərazilərdə “ağıllı” yaşayış məntəqələri tikir, sizin qurub-yaratmağa intellektiniz və maddi imkanlarınız yoxdursa, heç olmasa, AĞILLI olun! Əks halda DƏMİR YUMRUQ!

7.JPG (1.00 MB)

Prezidentin Moskva səfəri öncəsi səsləndirdiyi Zəngəzur bəyanatı nədənsə mənə “Valday” diskussiya klubunda, elə Putinin iştirak etdiyi tədbirdəki qətiyyətli bəyanatını xatırlatdı. O zaman da Paşinyan “cızığından çıxmışdı” və Azərbaycan Prezidenti “nöqtə”li sərsəmləmənin cavabını NİDA ilə vermişdi, elə Şuşa zəfərinə aparan yolçuluq da ordan başladı. Bu dəfə isə Zəngəzur bəyanatı Putinlə görüşdən öncə səsləndi və çox güman ki, qapalı danışıqların da predmeti olub. Yəni “Qarabağ Azərbaycandır!”, dedi, oldu. İndi də “Zəngəzur bizim dədə-baba yurdumuzdur”, deyildisə, demək olacaq! Ermənistandakılar gecikmədən qalib Azərbaycanın təkliflərini qəbul etməlidirlər, əks halda...Necə ki, bir-birini ittiham edirlər: “Paşinyan niyə müharibəni oktyabrın əvvəlində dayandırmadı, məğlub olacağını bilə-bilə?”, deyərək. Bu dəfə də ağıllanmasalar, Zəngəzura İrəvandan baxaraq eyni söhbəti edəcəklər...

Sonda: Ermənistanı son yarım ildə tərk edənlərin sayı 130 min nəfərdir onların 80 mini ölkədən həmişəlik gedib. Bu say çox şeyi deyir...

Elşad Paşasoy,

Musavat.com