“Molla rejiminin həyat tərzi insanları bezdirib, siğə, pulla namaz...” — MÜSAHİBƏ

2022-11-04 21:03:00

“Molla rejiminin həyat tərzi insanları bezdirib, siğə, pulla namaz...” — MÜSAHİBƏ

Güney azərbaycanlı politoloq, İran və Qafqaz üzrə siyasi mütəxəssis Kərim Əsgərinin Demokrat.az saytına verdiyi müsahibəsini təqdim edirik:

- Kərim bəy, İrandakı molla rejiminin necə dəyərləndirirsiniz?  

- 43 ildir ki, İranda iqtidara gələn bu islam dövləti əslində göründüyü kimi tam tərsidir. Yəni, bu dövlət islamı bir vasitə olaraq istifadə edir ki, öz siyasi məqsədlərinə çatsın. Bunu da artıq illərdir ki, xalq başa düşüb və indi də öz etirazlarını ortaya qoyublar. Bundan sonra belə bir məsələlərdə xalqın onların dini anlayışlarını qəbul etməyəcəklərini, hətta ona qarşı çıxacaqlarını görməyimiz mümkündür. Onun üçün bu dövlət hər nə deyirsə, xalq da onun tərsini qəbul edir və ona qarşı çıxırlar. İrandakı molla rejiminin qurduğu həyat tərzi də insanları bezdirib. Siğə, pulla namaz, geyimə, saç düzümünə polis müdaxiləsi və s. var. Bu gün İranda baş verən etirazlar tamamən bununla bağlıdır. Görürsünüz ki, İranda yeni nəsil, qadınlar özlərinə azadlıq istəyir. Yəni, bir dini təməlli şüarın atıldığını görmürük. Bu da tamamilə onu göstərir ki, onların rəvac etdikləri dinçi hökumətin sonu artıq gəlibdir. 

- İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulması barədə tez-tez məlumatları eşidirik. Bu barədə fikirlərinizi bölüşərdiniz.  

- İranda son yüz ildə istər pəhləvi dönəmi, istərsə də, İran İslam Cümhuriyyəti dönəmində hər zaman azərbaycanlılara qarşı ayrı seçkilik hər mənada olub. Ana dilindən tutmuş ictimai, iqtisadi, siyasi  sahələrdə və s. bütün hamısı bura daxildir. Hətta, onlara qarşı repressiyalar, təqiblər var. Bu məsələ ilə bağlı azərbaycanlılar da öz etirazlarını fərqli dönəmlərdə ortaya qoyublar. İstər Azadıstan dövləti qurulduğunda, Şeyx Məhəmməd Xiyabani öndərliyində, istərsə də Pişəvarinin öndərliyində, Azərbaycan Milli Hökuməti dönəmində etirazlar olub. Hətta, 1980-ci ildə xəlqi müsəlman hərəkatı dönəmində də azərbaycanlılar öz təpkilərini ortaya qoyurdular. 100 ildə azərbaycanlılar hər zaman öz haqlarını istəyibsə, Tehran dövləti tərəfindən cəzalandırılıblar. Bəlkə də, bunun ən böyük cəzası da elə 1946-cı ildə soyuq savaş dönəminin ilk soyqırımı yenə İranda azərbaycanlılara uyğunlandı və  o gündən bugünə də azərbaycanlılara baxış heç bir zaman dəyişməyib. Azərbaycan haqlarını istəyən hər kəs olduqca, dövlət tərəfindən şiddətli şəkildə onlar cəzalanır. Bu məsələ ilə bağlı xüsusilə 1991-ci ildən sonra Azərbaycan öz iqtidarını, müstəqilliyini əldə etdikdən sonra bunun Cənubi Azərbaycanda çox önəmli etkisi oldu və günümüzə  qədər də davam edir. Ona görə də, İran çalışır ki, həm Şimali Azərbaycan, həm də Cənubi Azərbaycanla bağlı fərqli istiqamətdə olsa, ancaq eyni məqsəddə Azərbaycanın əleyhinə siyasətlər aparsın. 

- Tədricə  etiraz aksiyalarının və Cənubi Azərbaycan vilayətlərində milli hərəkatın güclənməsinə rast gəlirik…

- Bu gün İrandakı etirazlarla bağlı Cənubi Azərbaycan Cümhuriyyəti, İranın içində federalizmdir, muxtar respublikadır, yəni bunların hamısını indidən danışmağımız biraz çox tez olmuş olar. Amma bunu demək olar ki, İran artıq əski İran olmayacaq. Mərkəziyyətçi İran olmayacaqdır. İrandakı qeyri-fars millətləri - ərəblər, azərbaycan türkləri və s.  hansı öz iradəsini, öz varlığını daha çox göstərirsə, əlbəttə o daha çox diqqət çəkəcək və haqlarına çatacaq. Cənubi Azərbaycan Cümhuriyyətinin qurulması da oradakı xalqın və insanların iradəsindən asılıdır. Əlbəttə ki, bu məsələ ilə bağlı beynəlxalq şərtlər də var. Bunun gözardı etmək mümkün deyil. Fəqət, biraz bu məsələdən danışmağımız bir az  erkən olur. Amma, ən nəhayətində budur ki, azərbaycanlılar o keçmiş təcrübələrə dayanaraq, bu dəfə ən başda öz haqlarını tələb etmələrini də bilirlər. Bunun ən başında “azadlıq, ədalət, milli hökumət” sloqanıdır.

Aynurə Pənahqızı


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.171397