Saat:15:13
Haqqımızda

Misir Mərdanovdan “tələbələri liftə buraxmayın” təklifi

2024-01-26 09:26:31

Misir Mərdanovdan “tələbələri liftə buraxmayın” təklifi

Sabiq nazir deyir ki, təhsil müəssisələrində yalnız müəllimlər liftdən istifadə etməlidir; ekspert: “Belə qadağaları qanunvericiliyə, insan və vətəndaş hüquqlarına zidd hesab edirəm”

“Azərbaycanda orta məktəblərdə və universitetlərdə liftlər yığışdırılmalıdır”.

Bu fikirləri Manset.az-a açıqlamasında sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov bildirib. 

O qeyd edib ki, təhsil müəssisələrində yalnız müəllimlər liftdən istifadə etməlidir: “Təhsil müəssisələrinə birdən-birə liftin qabağına beş min adam yığılır. Həmin adamların da deyək ki, dərsi eyni vaxtda başlayır. Lift qoyulanda da elə nəzərdə tutulmalıdır ki, bu beş min adam ora sığa bilsin. Məsələn, Rusiyada Moskva Dövlət Universitetinin otuzdan çox mərtəbəsi var. Bizim təhsil müəssisələrinin hansında elə lift var? Heç birində. Tarixən Azərbaycanda da məktəblər hamısı üç mərtəbəli olub. Ona görə  lift olmayıb ki, tələbələr bir-birilərini əzməsinlər. Ona görə də fikrimdə qalıram, liftlər yığışdırılmalıdır. Bu həm də tələbələr üçün idmandır. Müəllimlər liftdən istifadə edə bilər. Hansısa universitetə gedəndə mənim kimi adam iyirmi dəqiqə liftin qarşısında gözləyirəm. Belə olmaz!”

Qeyd edək ki, məktəblərdə, xüsusən də universitetlərdə liftlə bağlı məsələ zaman-zaman gündəmə gəlir. Ötən il də sosial şəbəkələrdə bir sıra universitetlərdə, o cümlədən Azərbaycan Milli Konservatoriyasında tələbələrə liftdən istifadə qadağan olunduğu haqda məlumatlar yayılmışdı. 

Bəs Misir Mərdanov bu məsələdə nə qədər haqlıdır?

Qulu Məhərrəmli kafedra müdiri təyin edildi » Regionxeberlericom.az

Qulu Məhərrəmli

BDU-nun professoru Qulu Məhərrəmli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Qulu Məhərrəmli sabiq nazirin təklifindəki  məntiqi izah etdi: “Məntiq ondan ibarətdir ki, azmərtəbəli, məsələn, 3-5 mərtəbəli binalarda liftdən istifadəyə ehtiyac  yoxdur. Həqiqətən də gənclər o mərtəbələri liftsiz rahat qalxa bilirlər. Lakin çoxmərtəbəli binalarda bunu reallaşdırmaq mümkün deyil. Bəzən 9-11 mərtəbəli tədris korpuslarında pilləkənlər həmin funksiyanı yerinə yetirə bilmir. Bu baxımdan, liftsiz ötüşmək çətindir.  Hesab edirəm ki, məktəblərdə, universitetlərdə liftlə davranış, liftlərin təsnifatı funksiyası çox dəqiq bölüşdürülməlidir. Məsələn, Bakı Dövlət Universitetinin  təmir olunmuş korpusunda bu işi çox gözəl qurublar. Belə ki, doqquzmərtəbəli binada 7 lift işləyir. Liftlərin təyinatı bölünüb, yəni tələblər və müəllimlər üçün, həmçinin təsərrüfat  məqsədilə istifadə olunan lift ayrıdır. Bundan başqa, tək və cüt mərtəbələrə ayrı lift qalxır. Ona görə də sıxlıq yaranmır. Hesab edirəm ki, 3-5 mərtəbəli binalardan başqa yüksək mərtəbəli binaları liftdən məhrum etmək məqsədəuyğun deyil”.

Kamran Əsədov: “Elm və Təhsil Nazirliyi yanında İctimai Şura  çatışmazlıqları gizlədir və təriflə məşğul olurlar” Pravda.az

Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov isə öncə qeyd etdi ki, hazırda ölkənin 51 ali təhsil məktəbində 187 min tələbə təhsil alır. Həmin ali təhsil məktəblərinin 40-ı paytaxt Bakıda yerləşir: “Bakıda yerləşən bir neçə ali təhsil məktəbi hündürmərtəbəlidir və tələbələr təbii ki, yuxarı mərtəbələrə pilləkənlərdən  istifadə edərək qalxanda çətinlik çəkə bilirlər. Məsələn, dərsə vaxtında çatmaq üçün pilləkənlərdən istifadə etmək heç də həmişə uğurlu olmur. Təhsil prosesinin keyfiyyətli təşkili üçün yaxşı olar ki, liftdən istifadə olunsun. Lakin universitetlərdə liftlər daha çox müəllimlər üçün nəzərdə tutulur, çünki onlar yaşlıdır və yuxarı mərtəbələrə pilləkəndən istifadə edərək qalxmaq onlar üçün çətinlik yaradır. Ona görə də onların liftlərdən istifadə etməsi daha zəruridir. Lakin bütün hallarda tələbələrə liftdən istifadəni qadağan etmək düzgün deyil. Çünki ola bilər ki, hansısa tələbənin fiziki sağlamlığı buna imkan vermir. Və yaxud dərsə vaxtında rahat çatmaq istəyir, amma pilləkənlərlə qalxmaq buna mane olur.  Rahat təhsil mühiti yaratmaq təhsil müəssisəsinin bilavasitə borcudur. Tələblərə hər hansı formada qadağalar qoymaq heç də uğurlu deyil. Təbii ki, müəllimlərə hörmət etmək tələbələrin borcudur və hər bir azərbaycanlı tələbə öz müəlliminə hörmətlə yanaşır. Amma qeyd etdiyim kimi, tələbələrə qarşı bu tipli qadağalar qoymaq doğru deyil. Belə qadağalar, məhdudiyyətlər tətbiq etmək təhsil sisteminə uğurlu divident gətirməyəcək. Bu günün tələbəsi bir neçə ildən sonra müəllimdir. Bu gün Azərbaycan tələbəsi Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canını qurban vermiş tələbədir, vətəndaşdır. Mən belə qadağaları ilk növbədə qanunvericiliyə, insan və  vətəndaş hüquqlarına zidd hesab edirəm. Tələbə də insandır və ona dəyər  vermək lazımdır. Belə qadağalardansa, tələbələr üçün yaxşı təhsil mühiti yaradılmalıdır. Buna diqqət etmək lazımdır”.

musavat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR