Saat:08:03
Haqqımızda

Minimum əməkhaqqı artır - kimlərin maaşı çoxalacaq?

2021-11-06 09:06:00

Minimum əməkhaqqı artır - kimlərin maaşı çoxalacaq?

Ekspert: “İndi çalışmalıyıq ki, artım istehlak bazarında inflyasiyanı tətikləməsin”

2022-ci ildə Azərbaycanda minimum əməkhaqqı məbləği 250 manatdan 300 manata qaldırılacaq. “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əsasən ölkə üzrə ünvanlı dövlət yardımının hesablanması üçün istifadə olunan ehtiyac meyarının həddi də 170 manatdan 200 manata çatdırılacaq.

Ümumilikdə gələn il ölkədə maaş, pensiya, müavinət, təqaüd və digər sosial ödənişlərin artırılması üçün dövlət büdcəsindən 1 milyard 441 milyon manatın xərclənməsi nəzərdə tutulur. Büdcə sənədinə görə, minimum aylıq əməkhaqqının və ünvanlı dövlət sosial yardımının artırılmasından sonra ölkədə 1 milyon 600 min nəfər vətəndaşın və onların ailə üzvlərinin sosial rifahı daha da yaxşılaşacaq.

Layihəyə əsasən, sosialyönümlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 46,4 faiz təşkil edəcək. Bu da 2021-ci ilin proqnozu ilə müqayisədə 3,6 faiz bənd çoxdur.

Xatırladaq ki, Prezident İlham Əliyev oktyabrın 16-da əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti əmək haqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərini hazırlayıb Prezidentə təqdim etməli idi.

Qeyd edək ki, Azərbaycanda minimum əməkhaqqı axırıncı dəfə 2019-cu ilin 1 sentyabrında 200 manatdan 250 manata qaldırılıb. Bu zaman artımların ölkədə muzdla çalışan işçilərin 40 faizdən çoxunun - təxminən 600 min nəfərin əməkhaqqına müsbət təsir etdiyi açıqlanıb. Bu şəxslərin 75 faizə qədəri dövlət sektorunda çalışıblar. Belə ki, Azərbaycanda dövlət büdcəsindən maliyyələşən bəzi sahələrdə əməyin ödənilməsi Vahid Tarif Cədvəli əsasında aparılır. Bu sistemə görə, müxtəlif dərəcələrə sahib işçilərin əmək haqları minimum əmək haqlarının mislləri hesabına formalaşır. Bu baxımdan, minimum əməkhaqqının artırılması həmin işçilərin maaşlarına təsir edəcək.

Minimum əməkhaqqı və ehtiyac meyarı artırılır - Kimlərin maaşı qalxacaq? |  KONKRET

1684,9 min nəfər olmuş, onlardan 900,6 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 784,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən  Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 684,9 min nəfərdir. Onlardan 900 min 600 nəfər, yəni 53 faizi iqtisadiyyatın dövlət sektorunda, 784 min 300 nəfər, yəni bütün işçilərin 47 faizə qədəri isə özəl sektorda fəaliyyət göstərir.

Rəsmi statistikadan aydın olur ki, Azərbaycanda əmək müqaviləsi ilə işləyən işçilərin 23,3 faizinin maaşı minimum əməkhaqqı qədərdir. Yəni 392,5 min nəfərin rəsmiləşən maaşı 250 manatdır. Rəsmiləşən deyirik, ona görə ki, sahibkarların xeyli hissəsi əməkhaqqından ödənməli olan vergi və sosial sığorta haqqından yayınmaq üçün işçilərlə əmək müqaviləsini minimum əməkhaqqı üzərindən bağlayırlar. Maaşın qalanı isə işçilərə nağd formada verilir. Hətta bir sıra hallarda sahibkarlar işçinin maaşına görə ödədikləri sosial ayırma və vergi məbləğini nağd verdiyi hissədən tuturlar. Bütün bunlara baxmayaraq, minimum əməkhaqqının 300 manata qaldırılması nəticəsində işçilərin gələcəkdə pensiya təminatında müsbət rol oynayacaq dəyişiklik də baş verir - işçinin fərdi sığorta hesabına daha çox vəsait toplanır.

Dövlət Statistika Komitəsinin ev təsərrüfatlarının büdcəsinə dair məlumatından aydın olur ki, ölkədə əməkhaqqı gəlirləri ümumi ailə gəlirlərinin cəmi 30 faizə yaxınını təşkil edir. Eyni zamanda əməkhaqqı gəlirlərinin Ümumi Daxili Məhsuldakı payı təxminən 19 faizdir. Müqayisə üçün qeyd edək ki, İsveçrə, ABŞ, Fransa, Almaniya kimi inkişaf etmiş ölkələrdə bu göstərici 50 faizdən yuxarı, Rusiya və Belarus kimi keçmiş sovet respublikalarında isə 50 faizə yaxındır.

Minimum əməkhaqqının artması ölkənin fərdi sahibkarları üçün arzuolunan addım sayılmır. Belə ki, onların sosial ödənişlərinin həcmi minimum əməkhaqqı məbləği əsasında hesablanır. Minimum əməkhaqqı artdıqca, ödənişin məbləği də artır. Buna görə də əksər ekspertlər bu bağlılığın aradan qaldırılmasını təklif edirlər.

Pərviz Heydərov: “İranla yeni iqtisadi əlaqələr qurulacaq” -

Pərviz Heydərov

İqtisadçı-ekspert Pərviz Heydərov hesab edir ki, minimum əməkhaqqının artırılması mühüm əhəmiyyət kəsb edən addımdır: “Dövlət başçısının məlum sərəncamından sonra hamını maraqlandırırdı ki, ölkədə əməkhaqqı, pensiya və müavinətlər nə qədər artırılacaq. Dövlət büdcəsinin layihəsi də hazır idi onda. Sərəncamdan sonra dövlət büdcəsinin layihəsində də bəzi dəyişikliklər ediləsi oldu: artan xərclərin qarşılanması üçün mənbələr tapılmalıydı. Düzü, mən gözləmirdim ki, hökumət minimum əməkhaqqını 20 faiz artırsın. Gözləntilərim haradasa 270-280 manata qədər idi. Bu baxımdan, 50 manatlıq artım müsbət mənada sürpriz oldu. Xatırlayırsınızsa, minimum əməkhaqqı 2019-cu ildə 2 dəfə artırılıb - 130 manatdan 250 manata qədər. Az qala iki dəfəlik bir artım idi. Onda da yüz minlərlə insan bu artımdan bəhrələndi. İlk dəfə Azərbaycanda minimum əməkhaqqının məbləği yaşayış minimumunun məbləğindən yüksək oldu. Uzun illər idi ki, hökumət buna nail olmağa çalışırdı. İndiki artım isə yaşayış minimumu ilə minimum əməkhaqqı arasındakı fərqi daha da artıracaq”.

Ekspert bildirir ki, minimum əməkhaqqı artımı həm dövlət, həm də özəl sektorda çalışan yüz minlərlə şəxsin əməkhaqqında artıma səbəb olacaq: “Minimum əməkhaqqının artması ölkə üzrə orta aylıq maaş məbləğinin artmasına gətirib çıxaracaq. Bu isə növbəti mərhələdə pensiyaların indeksasiyası zamanı pensiya məbləğlərinin də artmasını şərtləndirəcək. Digər tərəfdən, müəyyən qrup insanlar var ki, pensiyaları əməkhaqqı məbləği əsasında müəyyənləşir. Həmin şəxslərin pensiyalarında əlavə artımlar da baş verəcək”.

P.Heydərovun sözlərinə görə, dövlət bu artımları qarşılamaq imkanındadır: “Artan xərcləri büdcədən maliyyələşdirməkdə problem olmayacaq. Sadəcə, indi qarşıda duran əsas vəzifə budur ki, minimum əməkhaqqı, daha sonra pensiya və müavinətlərdə aparılacaq artımlar inflyasiya prosesini tətikləməsin. Dövlətin əhalinin gəlirlərini artıran qərarları bir qayda olaraq istehlak bazarına qiymət yüksəldici təsirə malik olur. Lazımdır ki, hökumət bu təsirin minimum olması üçün zəruri addımlar atsın”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR