Milli Qəhrəman atası icra başçısından NARAZIDIR - “Bu şəhidlər abidəsini yaratmaq nə böyük problemdir ki?”

2022-05-30 13:22:00

Milli Qəhrəman atası icra başçısından NARAZIDIR - “Bu şəhidlər abidəsini yaratmaq nə böyük problemdir ki?”

“Siz biz şəhid ailələrinin istək və arzularını hər dəfə işıqlandıranda məsul şəxslər addım atmağa məcbur olurlar. Bu dəfə də Muradın büstünü düzəltirib evimizə gətirdik. Bizə deyiblər ki, büst Sabirabadda kollecə veriləcək və ondan başqa da bir-iki yerə büstünün qoyulmasıyla bağlı söhbət gedir. Amma Sabirabadda bir neçə şəhidimizin, həmçinin Muradın da adına küçə verildi. Ona qədər Sabirabadda Muradın adına küçə verilməmişdi. Təkcə Şəhidlər Xiyabanında büstü qoyulmuşdu. İndi düzəldilən büstü də heykəltəraş bizə hədiyyə edib”.

Hurriyyet.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında 2016-cı il Şanlı aprel döyüşlərində şəhid olan Milli Qəhrəman, polkovnik-leytenant Murad Mirzəyevin atası Telman Mirzəyev deyib. Şəhid zabitimizin atası hələki həllini tapmayan bir neçə problemi də sadalayıb:

“Allah köməyiniz olsun, qalan məsələləri də işıqlandırsanız, ümid edirəm ki, onlar da öz həllini tapacaq. Murad Mirzəyev Milli Qəhrəmandır, amma Sabirabadda bunu başa düşən məmur çox azdır. Muraddan qabaq Sabirabadın iki Milli Qəhrəmanı var və görək onlar üçün harda nə ediblər ki? Milli Qəhrəmanlarımızdan biri Fərhad Əliyevdir, o biri isə Mübariz Əhmədovdur. Bu iki qəhrəmanlarımızın da Şəhidlər Xiyabanında büstü var. Bizə çəkiliş gələndə onlara da göndərirdim ki, onların da haqqında yazı işıqlandırsınlar. Hər bir şəxsin gərək vətəndaşlıq borcu olsun”.

“Ancaq partlayıb, dağılıram ki, şəhidlərimiz...”

“Siz gəncsiniz, onu başa düşürsünüz və bilirsiniz ki, Murad Milli Qəhrəmandır, gələcək nəsilə lazımdır. Mən sabah ölüb gedəcəm, yaşlı adamam, dünyanı tutub getməyəcəm ki. Heç kimin qəlbinə də dəymək istəmirəm. Ancaq partlayıb, dağılıram ki, şəhidlərimiz gələcək nəsilə lazımdır. Gələcək nəsil bilsin ki, bizim bir düşmənimiz var və o da ermənidir. Söhbət bundan gedir, bu, Azərbaycanın ən yeni tarixidir”.

“Bu şəhidlər abidəsini yaratmaq nə böyük problemdir ki?”

“Sabirabad rayonunda bir şəhidin adına bulaq və abidə açılışı yoxdur. Biz bir neçə dəfə məsələ qaldırmışıq ki, rayonumuzun 270 şəhidi var və onların adına abidə qoyulsun. O şəhidlərdən 44 nəfəri Vətən müharibəsində şəhid olub. Üç nəfər isə Milli Qəhrəmanımız var. Bu şəhidlər abidəsini yaratmaq nə böyük problemdir ki? Qoy ailə quran gənclər gəlib oranı ziyarət etsin, bir-birilərinə söz versinlər ki, biz sizin davamçılarınızı dünyaya gətirəcəyik, adınıza layiq övlad yetişdirəcəyik. Boşanma da baş alıb gedir, sabah boşanma da olanda o xanım ərinin yaxasından yapışsın ki, sən şəhidlərin qarşısında söz vermişdin. Bura gənclərin ziyarət yeri olsun, mənim davam budur”.

“Bu altı il ərzində ildə 500 metr yol asfalt çəksəydilər...”

“270 nəfər şəhidi olan bir rayonda bu abidəni yaratmaq üçün yer tapa bilmirlər. Hər dəfə söz verirlər, amma ortada heç nə yoxdur.

Bizim evdən iki kilometr yarım yol var, illərdir ki, təmirsizdir. Yağış yağanda su qurumur. Bu altı il ərzində ildə 500 metr yol asfalt çəksəydilər, indi problem bitmişdi. Təsəvvür edin ki, bunlar iki kilometr yarım yolu illərdir çəkə bilmirlər. Axı hər xırda şeydən ötrü Cənab Prezidentin qəbuluna da getmək düzgün deyil.

Prezident daim tapşırıq verir ki, bütün məmurlar şəhid ailələrini diqqətdə saxlasınlar, lazım olan köməyi etsinlər”.

Qeyd edək ki, polkovnik-leytenant Murad Mirzəyev 1976-cı il martın 31-də Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. Xüsusi Təyinatlılarımızın zabiti olan Murad, aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Murad Mirzəyev ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya