MİLLİ MUSİQİNİN, MUĞAMLARIN CAZLA SIX ƏLAQƏSİNİ YARADIR

2023-01-12 11:57:00

MİLLİ MUSİQİNİN, MUĞAMLARIN CAZLA SIX ƏLAQƏSİNİ YARADIR

Azərbaycan musiqisi, muğamları, rəqs sənəti, bu sahənin tanınan, tanınmayan, lakin xidmətləri olanlar haqqında müntəzəm olaraq məqalələr yazaraq ictimaiyyətə çatdırmaqdayam. Bu yazıları izləyən, diqqətlə oxuyan və ya səthi ötüb keçən, diqqət yetirməyənlər də var. Mən isə heç nəyə baxmadan tədqiqatçı kimi öz vəzifəmi və vətəndaşlıq borcumu yerinə yetirirəm. Ölkəmizdə və vətəndən kənarda yaşayan soydaşlarımıza tövsiyə edərdim ki, bu yazılara ciddi yanaşaraq oxusunlar. Axı mən sənətkarların xidmətlərinə dəyər verərək yazıram və bu onların haqqıdır. Heç kəs də elə düşünməsin ki, belə vacib işlərlə məşğul olanlar, araşdırma aparıb yazanlar çoxdur və daim olacaqdır. Əslində isə bu belə deyil. Növbəti məqaləmin qəhrəmanı da sıradan bir sənətçi kimi fəaliyyət göstərmir və böyük işlərə imza atan bir musiqiçidir. Elə isə oxuyun. 

Mircavad Mirqəfər oğlu Cəfərov 1965-ci il iyunun 20-də Salyanda dünyaya gəlmişdir. 1972-1982-ci illərdə Salyan şəhər Nizami adına 2 saylı orta ümumtəhsil məktəbdə oxumuşdur. 1974-cü ildə 5 illik musiqi məktəbinin tar sinfinə daxil olmuş və 1979-cu ildə buranı nümunəvi şagird kimi bitirmişdir. Burada ixtisas üzrə Aləddin Axundovdan, sonra isə Məzahim Məmmədovdan, ardıcıl olaraq Alim Bünyatovdan dərs almışdır. Məktəb illərində istedadı, musiqiyə böyük həvəsi, özünə tələbkarlığı, daim öyrənməyə can atmağı ilə seçilmiş, müəllimlərin, yoldaşlarının, bütünlükdə kolektivin və Salyan şəhər sakinlərinin rəğbətini qazanmışdır. Mircavadın hələ kövrək barmaqları ilə səslənən tarı təhsil aldığı ümumtəhsil və musiqi məktəbində, şəhər mədəniyyət evində təşkil olunan konsertlərdə səslənirdi. Təbii ki, bütün bunlar Mircavadın şəxsi və yeni addımlanan musiqi həyatında iz salır, öz ardınca çəkib aparırdı. Onun musiqi məktəbindəki dərsləri və ev məşqləri gənc Mircavadın gələcək peşəkar sənətə və böyük səhnələrə hazırlığı idi. Onun, qrammafon vallarını, radio, televiziya konsertlərini dinləməsi, maqnitofondan eşidərək mənimsəməsi, şəhər toylarına tamaşa etməsi Mircavadın uşaq və gənclik illərindən gözəl musiqiçi, əsl tarzən olacağına zəmin yaradaraq diqqəti cəlb edirdi. Salyan şəhər musiqi mühiti bütün dövlərdə öz zənginliyi, yüksək səviyyəsi, yeniliyə müraciət etməsi, novatorluğa meyli ilə seçilib. Mircavad belə bir zəngin, maraqlı, tələbkar sənət mühitində böyüyüb boy ataraq yetişirdi. Onun uşaqlıq və gənclik illərində Salyanda mahir simli, nəfəs və zərb alətləri ifaçıları fəaliyyət göstərirdi. Onlar arasında qarmonçalanlar da xüsusilə olunmalıdır. Belə böyük sənətkarların gözləri qarşısında Salyan musiqi mühitinə baş ucalığı gətirəcək bir tarzən yetişirdi. Salyan musiqiçiləri Mircavadın ifasını eşidir, izləyir, bəyənərək xeyir-dua verir və gələcəyinə böyük inam bəsləyirdilər. Bu böyük inam onun Bakı musiqi mühitinə qədəm qoyması ilə başlayaraq daha da güclənmişdir. 

Haşiyə: “Mircavad uşaqlıqdan ud çalğı alətinə meyl salaraq onda ifa etməyi özü sərbəst olaraq öyrənmişdir. Özünə ud müəllimi öz atasını sayır. Deyir:-Udda çalmağa məni ilk olaraq atam həvəsləndirmişdir. Atam musiqini ürəkdən sevməklə bərabər, bu sənəti anlayır, dərindən dərk edir, daim həvəslə dinləyərək zövq alırdı.Televiziyada xalq çalğı alətləri ansambllarının konsertlərinə tamaşa edəndə udu mənə göstərib onun dəyərindən danışır, mənə bu alətdə ifa etməyi tövsiyə edir və deyirdi ki, sənə mütləq ud alacağam. 1977-ci ildə atamla Bakıya gəldik. Salyanlı gitaraçalan Nizaminin vasitəsilə Tofiq adlı ud ifaçısını tapdıq və aləti ondan aldıq. Həmin vaxtdan udla aramızda sıx əlaqə və dostluq yarandı. Hər dəfə udu əlimə alanda düşünürəm ki, atamın ruhu şad olur”.      

 M.Cəfərov 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinə daxil olmuş, özfəaliyyət teatr kollektivi rəhbəri ixtisası üzrə təhsil almışdır. 1983-1985-ci illərdə Sovet ordusunda xidmət etmişdir. Hərbi xidmətdən sonra təhsilini davam etdirmiş və 1988-ci ildə ali məktəbi bitirmişdir.

M.Cəfərov ali təhsil illərində gənc bəstəkar Vaqif Gərayzadənin rəhbərliyi ilə caz-folklor ansamblına (1988-ci ildən “Aypara” caz-folklor qrupu) dəvət almış və burada peşəkar fəaliyyətə başlamışdır. O, həmin qrupla birlikdə 1988-ci ildə «Товарищ Песня!» (Rusiya, Moskva) festivalına qatılmış və laureatlardan biri olmuşdur. Bundan başqa, Tbilisi, İrəvan şəhərlərində və Yuqoslaviya ölkəsində keçirilən bir sıra müsabiqə və festivallarda iştirak etmişdir.

M.Cəfərov institutu bitirib bir müddət Salyan şəhərində çalşarkən orada Şirin Axundov adına muğam üçlüyü yaradaraq xanəndə Zakir Əliyevlə muğamlar üzərində iş apararaq konsertlərdə, bədii-kütləvi tədbirlərdə və el şənliklərində maraqlı proqramlarla çıxış edərək dərin tamaşaçı sevgisi qazanıb.

Mircavad Salyanda çalışdığı zaman mahir elektro-gitara ifaçısı kimi çox yaxşı tanınaraq rayonun toylarının ən populyar ifaçısına çevrilərək böyük məhəbbətə sahib çıxmışdı. Elektro-gitara geniş imkanlara malik alətdir. Bu çalğı alətinin bütün imkanlarına nail olub, incəliklərini, sirlərini mənimsəyib tələb olunan hər işi yoluna qoyaraq məharətlə ifa etmək hər simli alət ifaçısına nəsib olmur. Mircavad isə texniki ifa qaydalarına malik musiqiçi olduğu üçün bunu bacarmış və səviyyəli gitara ifaçısı kimi meydana çıxmışdı. Əgər bu ifaçılıq yönümünü davam etsəydi, ən yaxşıların  sırasında ola bilərdi. O, isə xalq çalğı alətlərinə və milli musiqiyə yön aldı.  

O, istedadlı tarzən olaraq muğamı sevmiş, musiqimizin bu zəngin janrına həvəs göstərmiş və sevgi bəsləmişdir. M.Cəfərov Azərbaycanın görkəmli muğam ifaçıları Alim Qasımov, Səkinə İsmayılova və Ağaxan Abdullayevlə birlikdə çalışmış, dünyanın bir çox ölkələrində Azərbaycan muğamının təbliğində xüsusi fəaliyyət göstərmişdir. S.İsmayılova ilə birlikdə 2000 və 2002-ci illərdə H.Əliyev saraynda təşkil olunan solo konsertlərdə, həmçinin Avstriya, Macarıstan və Rusiyada keçirilmiş konsertlərin tarzəni olmuşdur.

Mircavad Cəfərov ənənəli Azərbaycan muğam üçlüyünün tarzəni kimi formalaşaraq bu yöndə fəallığı ilə seçilmişdir. Nadir sənət adamı, nəhəng xanəndə Alim Qasımovla yoldaşlıq edərək eyni muğam üçlüyündə çalışarkən Mircavadın dəstgahlara yalnız bələdliyi yüksəlməyib, həm də müşayiəti çox yaxşı öyrənib. Muğam musiqiçisi üçün müşayiət əsas şərt olmaqla bərabər heç də asan iş deyil. Bu mənimsəmə onun sonrakı fəaliyyətinə əsl stimul olub. 

O, ustad xanəndə Ağaxan Abdullayevi Təbriz (İran), Paris (Fransa), Dubay (Birləşmiş Ərəb Əmirlikləri), Dərbənd, Mahaçqala (Dağıstan Muxtar Respublikası) və Moskva (Rusiya) kimi şəhərlərdə keçirilən konsertlərdə müşayiət etmişdir. Bundan başqa Mircavad bəy xanəndələrdən Zabit Nəbizadə ilə Moskva (Rusiya) Firuz Səxavətlə Təbriz (İran) şəhərlərində keçirilmiş konsertlərdə çıxış etmişdir.

M.Cəfərov ud ifaçısı kimi caz aləminə daxil olaraq bu alətin ifa imkanları, səs tembri ilə onun caz janrı ilə çox gözəl uzlaşmasını yarada bilmişdir. Musiqi tariximizdən məlumdur ki, qədim çalğı aləti ud orta əsrlərdə şah, sultan saraylarında istər solo, istərsə də ansambllar tərkibində səslənərək sevilmişdir. Bu alət sirli olaraq öz qədimliyindən xəbər verir, onu dinləyənlərlə danışır və şirin söhbət açır. Mircavad udun bütün imkanlarını caz kimi çətin bir musiqinin tərkibində səsləndirərək əsl sintez yaradır və bu alətin ifa imkanlarını nümayiş etdirə bilir. Onun udu hay-küylü, qəliz, gur ritmli caz melodiyalarının daxilində necə də danışa, hikmətlər söyləyə bilir... Udun öz dili, danışıq tərzi, öz ahəngdar səslənməsi var. M.Cəfərov udun dilini bilir, onunla çox yaxşı davrana, anlaşa, danışa və aləti danışdıra bilir. Əsrlərdən, qədimlikdən, hikmət dünyasından, müdriklikdən xəbər verən, sirləri açmağa çalışan udun ifaçısı olmaq özü də böyük şərəf daşıyır. Udu dizi ustə bəsləyib, bağrını, sinəsini, ağ saçlı başını uda doğru əyərək ifa edən Mircavad özü də müdriklik simvoluna çevrilmirmi? Şərq müdriklərinin, aqillərin, çalğı alətləri ifaçılarının sinəsi hikmətlə dolu olur. Mircavad sinəsini uda əydikcə, başını uda yaxınlaşdırdıqca sinəsindəkilərlə, beynindəkilərlə hikmət dünyasında olur və improvizələrlə möcüzəli sənətin sirlərini izhar edir. Ud onun canı, nəfəsi, hissləri ilə qidalanaraq canlanır və danışır. Ağ saçlı müdrik Mircavad bu qədim, ağsaqqal udla dostluq, qardaşlıq münasibəti quraraq, məhrəm hisslər yaradaraq sənət nümayiş etdirir. Cəsarətlə deyə bilərik ki, Mircavad ud ifaçısı və cazmen musiqiçi kimi özünü taparaq təsdiq edə bilir. İllərlə muğam aləmində çalışması, müxtəlif usta xanəndələrlə bu janrın daxilində olması onun muğam-cazda özünü tapmasına və parlamasına imkan yaradıb. Həm də axı muğam da, caz da improvizə, bədahətən musiqi gəzişmələri sevir. Odur ki, bu janrların sintezində Mircavadın meydanda olması əbəs deyil! O, Azərbaycan muğamı ilə cazın yalnız sintezini deyil, həm də qardaşlığını yaradıb. 

Azərbaycan muğamının və milli cazının, onun tərkibində udumuzun tanıdılmasında Mircavad Cəfərovun böyük xidmətləri olmuşdur. Bunun məntiqi nəticəsi olaraq, 2007-ci ildə Əməkdar artist, 2018-ci ildə Azərbaycanın xalq artisti fəxri adını almışdır. O, 2021-ci ildə prezident mükafatına layiq görülmüşdür. 

Qeyd olunmalıdır ki, onun cazla ilk tanışlığı Vaqif Gərayzadə ilə birlikdə başlasa da sonradan müxtəlif musiqiçilərlə əlaqələr qurularaq davam etdirilmişdir. 1990-cı ildə vaxtilə SSRİ və Azərbaycanın xalq artistləri, dünyaca məşhur Rəşid Behbudov və Müslüm Maqomayev kimi sənətkarlarla birlikdə çalışmış pianoçu Rövşən Rzayevlə əməkdaşlıq etməyə başlamışdır. 1999-ci ildən etibarən cazmen pianoçu Salman Qəmbərovla əməkdaşlıq nəticəsində Mircavad Cəfərov Paris (Fransa), Osnabruk (Almaniya, Morgenland Festival Osnabrück), London (İngiltərə) kimi şəhərlərdə keçirilən konsert və festivallarda çıxış edərək Azərbaycanı bacarıqla tərənnüm etmişdir. Daha sonra o, bəstəkar-cazmen Cəmil Əmirovla əməkdaşlıq nəticəsində Montro (İsveçrə, Montreaux Jazz Festival), Bakı (Azərbaycan, Baku Jazz Festival), Emil Əfrasiyabla Bakı (Azərbaycan, Baku Jazz Festival), “Rast” qrupu ilə ABŞ, Almaniya, 2005-ci il sentyabrın 13-də Heydər Əliyev fondunun dəstəyi ilə Akademik Yusif Məmmədəliyevin 100 illik yubileyi ilə bağlı Fransanın paytaxtı Paris şəhərində konsert proqramı ilə çıxış etmişdir. Elçin Şirinovla çalışdığı müddətdə Bakı (Aərbaycan, Baku Jazz Festival) və Almaniyada keçirilən möhtəşəm konsert proqramlarında iştirak etmişdir.

Mircavad Cəfərovun xanəndə Qoçaq Əsgərovla əməkdaşlıq nəticəsində Hollandiyada, Yunanıstanda, İspaniyanın Madrid və Barselona şəhərlərində zəngin konsert proqramı ilə çıxışı da musiqimizə uğur gətirmişdir. 

2002-ci ildə Baki Şəhər Mədəniyyət İdarəsinin rəisi Həsənağa Qurbanovun təyinatı ilə Mircavad Cəfərov "Cəngi" estrada-folklor ansamblının rəhbəri təyin edilmişdir. Fəaliyyətinin ilk illərindən başlayaraq ''Cəngi" rəqs qrupu ABŞ, Fransa, Serbiya, Macarıstan, Türkiyə, Ruminiya, Rusiya, Ukrayna və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdə konsert proqramları ilə uğurlu çıxışlar etmişdir. M.Cəfərov R. Babayevin yaradıcılıq ənənələrinə sadiq qalaraq, onun vəfatindan 19 il sonra böyük zəhmət nəticəsində estrada folklor-ansamblın tam fəaliyyətini yoluna qoymuşdur. Ansamblın ilk çıxışı 2013-cü ildə Bakı Caz Festivalında olmuşdur. Xarici ölkəyə ilk səfər 2014-cü il mayın 14-də Fransaya olmuşdur. Ansambl Parisdə əzəmətli Oratoire du Louvre kilsəsində möhtəşəm konsert proqramı ilə çıxış etmişdir. Daha sonra isə Norveç, Türkiyə, Fransa, Avstriya, Almaniya, Qazaxıstan, Rusiya, Gürcüstan və Birləşmiş Ərəb ölkələrində uğurlu çıxışlar etmişdir. 

Mircavad Cəfərov Azərbaycanın bir sıra məşhur müğənnilərinin albom buraxılışlarındakı repertuarın müşayiətçisi olmuş, Sami Yusifin layihələrində ifaçılıq bacarığını nümayiş etmişdir. O, “Cəngi” estrada-folklor ansamblının bacarıqlı rəhbəri olmaqla daim yaradıcılıq işlərindədir. Daim çalışmaqda, müntəzəm tədbirlərdə, konsertlərdə çıxış etməkdədir. 

ƏHSƏN RƏHMANLI

SƏNƏTŞÜNASLIQ ÜRƏ FƏLSƏFƏ DOKTORU 

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.136282