Milli Musiqi günümüz... - REPLİKA

2022-09-21 16:05:00

Milli Musiqi günümüz... - REPLİKA

18 sentyabr məmləkətimizdə Milli Musiqi günüdür. Dahi bəstəkarımız, böyük şəxsiyyət, Azərbaycanın istiqlaliyyət simvollarından olan Üzeyir Hacıbəylinin və onun silahdaşı, böyük bəstəkarımız Müslüm Maqomayevin doğum günləri ilə bağlı olan bu ilki Musiqi günümüzün havası, qoxusu, hissi isə tamam ayrıdır.

Millətimiz, dövlətimiz, ordumuz, ərlərimiz, oğullarımız savaşırkən dünyanın ən güclü təsir vasitələrindən biri (bəlkə də birincisi) olan musiqi, hələ tarix boyu hərbdən, mübarizədən, savaşdan güc almış Azərbaycan türk musiqisi nədən susdu əcəba? Və nədən musiqi quruculuğumuzda yeni səhifələrdən biri olmuş, elə Üzeyir bəyin özü tərəfindən əsası qoyulan Bakı Musiqi Akademiyasının qapıları həmin gün üzümüzə qapalı, işıqları sönülü, qarşısı isə boş və kimsəsiz idi? Hər il ənənəvi olaraq Akademiyanın qarşısında qeyd olunan, insanların toplaşaraq birlik nümayiş etdirdiyi Musiqi günü nədən bu il bir matəm, hüzn simvolu, həm də bir əzm, qürur, milli birlik, ordumuza və dövlətimizə dəstək simgəsi kimi məxsusi olaraq keçirilmədi?

Tarixən ordunun və savaşın bir parçası olan türk hərb musiqisini, dövlət rəmzi olan Himnimizi, “millətin azadlıq arzusu” olan “Koroğlu” operasının uvertürasını, Çənlibel xorunu, dinlərkən ruhumuzu bədənimizə sığdırmayan Cəngini unutmayaq. Musiqi heç zaman susmamalıdır. Vətən naminə susmamalıdır.

P.S. Qeyd edim ki, 18 sentyabr Musiqi günü Üzeyir Hacıbəylinin Ev muzeyində və Üzeyir bəyin məzarı üstə anım mərasimləri kimi keçirilmişdir.

Yoldan keçən düşüncə

19 sentyabr 2022


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.070149