Saat:22:28
Haqqımızda

Milli Məclisin sədri Sahibə Qafarova parlamentdə AŞPA-dakı olaylardan danışdı

2024-02-01 12:22:36

Milli Məclisin sədri Sahibə Qafarova parlamentdə AŞPA-dakı olaylardan danışdı

Milli Məclisin sədri Sahibə Qafarova 2024-cü ilin 1 fevral tarixli iclasında çıxış edib.

Çıxış nitqində deyilir:

Hörmətli həmkarlar!

Bildiyiniz kimi, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin təşkilat ilə əməkdaşlığının və onun fəaliyyətində iştirakının dayandırılması qərara alınmışdır. Yəqin ki, siz nümayəndə heyətimizin bəyanatı və AŞPA üzvü olan dövlətlərin parlament sədrlərinə mənim göndərdiyim məktubla tanış olmusunuz.

Aydın məsələdir ki, bu qərar Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini mübahisə predmetinə çevirmək üçün ölkəmizə qarşı irəli sürülmüş əsassız və qondarma ittihamlara cavab olaraq qəbul edilmişdir.

Avropa Şurasının Parlament Assambleyasında Azərbaycana qarşı haqsızlıq və qeyri-obyektivliyin, qərəz və ikili standartların açıq təzahürü olan siyasi aksiyanın həqiqi səbəbləri düşünürəm ki, hamıya məlumdur. Məsələ burasındadır ki, Avropada müəyyən qüvvələr 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə heç cür barışa bilmirlər. Burada narahatlıq doğuran məqam odur ki, Cənubi Qafqazda yaranmış yeni reallığın bəziləri tərəfindən qəbul edilməməsi və erməni revanşizminə rəvac verilməsi bölgədə möhkəm və uzunmüddətli sülh və sabitlik yaradılması üçün göstərilən səylərə ciddi təhlükə törədir.

Təəssüf ki, demokratik dəyərləri dəstəklədiyini bəyan edən Avropa Şurasının Parlament Assambleyası məhdud siyasi maraqlarını təmin etməyə çalışan qüvvələrin əlində alətə çevrildiyini nümayiş etdirir. Parlament Assambleyasının və bütövlükdə Avropa Şurasının nüfuzuna zərbə vuran son hadisə onu da göstərdi ki, indiki dövrdə bu təşkilatı onun bütün üzvlərinin rəyinə hörmət mühitinin hökm sürdüyü həqiqi dialoq və əməkdaşlıq platforması adlandırmaq çətindir.  

Hörmətli həmkarlar!

Bunu da nəzərə çatdırmaq istərdim ki, demokratiyaya, insan hüquqlarının qorunmasına və qanunun aliliyinə əsaslanan cəmiyyət quruculuğu Azərbaycan xalqının şüurlu seçimidir və dövlətimizin milli maraqlarına əsaslanır. Ölkədə demokratik institutların qurulması və sərbəst fəaliyyət göstərməsi, vətəndaş cəmiyyətinin əsas tərkib hissələrinin yaradılması, digər amillər Azərbaycan dövlətinin demokratik inkişaf yolu ilə irəliyə getmək əzmini və iradəsini nümayiş etdirir.

Hörmətli deputatlar!

Ötən sessiyanın və ilin uğurlu nəticələri barədə mən sizə məlumat vermişdim. Qeyd edim ki, Milli Məclisin fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətinin qanunvericilik səviyyəsində dəstəklənməsinə yönəlmişdir.

Hörmətli həmkarlar!

Sessiyalar arasındakı dövrdə Milli Məclisdə bir sıra mühüm görüşlər keçirilmiş və danışıqlar aparılmışdır. Mən sizə bu barədə qısa bir məlumat vermək istəyərdim.

Küveyt Ümmət Məclisinin Azərbaycan parlamenti ilə əlaqələr üzrə dostluq qrupunun rəhbəri Məhəmməd Haif Əl-Muteyri, Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası sədrinin birinci müavini Akmal Saidov və onların başçılıq etdikləri nümayəndə heyətləri ilə görüşlərdə parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilmişdir.

Söhbətlər zamanı mən hazırda dünyada mövcud olan ikili standartların bir sıra ölkələrə qarşı ədalətsiz mövqeyin sərgilənməsinə gətirib çıxardığını qeyd etdim. Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad etdikdən sonra bəzi Avropa ölkələrinin və beynəlxalq təşkilatların dövlətimizə qarşı qərəzli münasibətlərindən də danışdım.

Hörmətli həmkarlar!

Türkiyə Respublikasının keçmiş milli müdafiə naziri, Türkiyə Böyük Millət Məclisi Milli müdafiə komitəsinin sədri Hulusi Akar və başçılıq etdiyi nümayəndə heyəti Bakıya səfər etmişdir. Görüşdə iki qardaş ölkə arasında bütün sahələrdə əməkdaşlığın əhəmiyyətindən danışıldı. Şuşa Bəyannaməsinin ikitərəfli münasibətlərdə yeni hədəf və istiqamətləri müəyyən etdiyi bildirildi. Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin parlament səviyyəsində də həyata keçirilməsinin vacibliyi qeyd edildi. Həmçinin digər mövzular ətrafında da fikir mübadiləsi aparıldı.

Hörmətli həmkarlar!

Bu günlər Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ölkəmizdə səfərdədir.

Məlumat üçün bildirim ki, Parlamentlərarası İttifaq dünyanın ən böyük parlament təşkilatıdır, 180 milli parlamenti və 15 assosiativ üzv parlamenti öz sıralarında birləşdirir. Onu da qeyd edim ki, ötən il Milli Məclisin nümayəndə heyətinin 5 üzvü qurumun bir sıra komitələrinin bürolarına və forumlarının idarə heyətlərinə üzv seçilmişdir. Bu birinci dəfə idi ki, Milli Məclisdən bu qədər deputat həmin təşkilatın müxtəlif qurumlarında müxtəlif vəzifələrə seçilmişdilər.

Təşkilatın Baş katibi ilə dünən səmərəli görüş keçirdik. Aparılan söhbət zamanı Milli Məclis ilə qurum arasında ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə edildi, qarşılıqlı əməkdaşlığın daha da dərinləşdirilməsi yolları da müzakirə edildi.

Dünən cənab Çunqonq Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının prezidenti Muxtar Babayev ilə görüşmüşdür.

Bu gün möhtərəm cənab Prezident cənab Çunqonqu qəbul etmişdir.

Həmçinin, Cənab Çunqonq Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İnsan hüquqları üzrə müvəkkil Səbinə Əliyeva ilə də görüşməlidir.

Qeyd edim ki, Parlamentlərarası İttifaqın Baş katibi cənab Çunqonq sabah Ağdam şəhərinə səfər edəcəkdir.

Hörmətli həmkarlar!

Yaz sessiyasında bizi gərgin və maraqlı iş gözləyir. Sessiyanın qanunvericilik işləri planı hazırlanıb və bu gün müzakirə ediləcək.

Bu sessiyada biz qanun layihələrini müzakirə və qəbul etməklə yanaşı, Konstitusiyanın tələbinə uyğun olaraq, Nazirlər Kabinetinin bildiyiniz kimi, hesabatını da dinləyəcəyik.

Bundan əlavə, Milli Məclisin iclaslarından birində 2023-cü  ilin dövlət büdcəsinin icrası haqqında məsələ müzakirəyə təqdim ediləcək. Sessiyada Hesablama Palatasının, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq qurumun illik hesabat, məlumat və məruzələri də dinləniləcək.

Milli Məclisin beynəlxalq əlaqələrini inkişaf etdirmək üçün lazımi tədbirlər görüləcək. Dövlətimizin milli maraqlarının qorunması naminə parlament diplomatiyasının bütün imkanlarından istifadə ediləcək.

Bir sıra xarici səfərlər həyata keçiriləcək, xarici ölkələrin parlament sədrləri və nümayəndə heyətləri isə Bakıya gələcəklər.

Hörmətli deputatlar, mən əminəm ki, Milli Məclisin yaz sessiyası yüksək səviyyədə keçəcək və sessiyada sizin hamınıza yenə də uğurlar arzulayıram”.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR