Saat:22:55
Haqqımızda

Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxış edib

2024-02-22 14:07:00

Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxış edib

Milli Məclisin sədri Sahibə Qafarova 22 fevral 2024-cü ildə Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında çıxış edib.

Hurriyyet.az çıxışın mətnini olduğu kimi təqdim edir:

"Hörmətli həmkarlar, xanımlar və cənablar.

Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası münasibətilə Sizi Azərbaycanda salamlamaq mənim üçün böyük zövq və şərəfdir.

Bu gün Azərbaycan Respublikasının Milli Məclisi növbəti iki il üçün Asiya Parlament Assambleyasına sədrliyi qəbul edir. Mən Assambleyanın bütün üzv parlamentlərinə parlamentimizin namizədliyini dəstəklədiklərinə görə dərin minnətdarlığımı bildirmək istərdim. Bu, bizim üçün böyük qürur mənbəyidir. 

Qardaş Türkiyə parlamentinin hörmətli spikeri Zati-aliləri cənab Numan Kurtulmuşdan sədrliyi təhvil almaq xüsusilə xoşdur. Sədrlik dövründə öhdəliklərə göstərilən sadiqliyə görə cənab Kurtulmuşa və Türkiyə Böyük Millət Məclisinə hamımız adından təşəkkür edirəm. Son 6 ildə görülən böyük işlər Assambleyamızın və parlamentlərarası əməkdaşlığın inkişafı üçün çox vacib olmuşdur.

Mən Asiya Parlament Assambleyasının Baş Katibi cənab Məhəmməd Rza Məcidiyə də davamlı səyləri və Katibliyi səmərəli idarə etməsinə görə təşəkkürümü bildirmək istəyirəm.

Hörmətli həmkarlar,

Bu gün humanitar böhranlar, münaqişələr, yoxsulluq, iqlim dəyişikliyi ilə yanaşı, ayrı-seçkilik, irqçilik, ksenofobiya və islamofobiyanın artması kimi aktual problemlər Asiya regionuna da mənfi təsir göstərir.

Etiraf etmək lazımdır ki, bütün bu çağırışlar ayrı-ayrılıqda deyil, yalnız kollektiv, birgə səylərlə həll edilə bilər. Bu, bölgəmizdə sülh, təhlükəsizlik, sabitlik və davamlı inkişaf üçün də keçərlidir.

Regionumuzun təbii ehtiyatlarını, insan resurslarını, müxtəlif sahələrdə əldə etdiyi nailiyyətləri nəzərə alaraq inanıram ki, bölgəmiz bu çağırışların öhdəsindən gəlmək üçün kifayət qədər imkanlara malikdir. Asiya bölgəsinin coğrafiyası, demoqrafiyası, mədəniyyəti və din müxtəlifliyi ölkələrimizi və xalqlarımızı bir-birindən ayırmır. Əksinə, bu müxtəliflik onları zənginləşdirir və daha da yaxınlaşdırır.

Əziz həmkarlar,

Asiyanın əməkdaşlıq, dialoq və həmrəylik baxımından təklif edəcəyi çox şey var. Bu mənada, Asiya Parlament Assambleyası bu məqsədlər üçün mühüm çoxtərəfli platformanı təmsil edir. Bu gün APA-nın fəaliyyəti siyasi, iqtisadi, sosial, mədəni və digər mühüm sahələri əhatə edir.

Beləliklə, o, parlamentlərimizi birləşdirərək ölkələrimizin səylərini ümumi məqsədlərə nail olmaq üçün daha da səfərbər edir. Eyni zamanda, bu hədəflərə çatmaq üçün parlament töhfəsini təmin edir.

Əziz həmkarlar,

Azərbaycan parlamenti olaraq, biz APA-ya mühüm qurum kimi baxırıq. Bu, parlamentlərarası dialoqumuzu dərinləşdirməyə hazır olduğumuzu əks etdirir. İnanıram ki, təşkilatın institusional potensialının inkişafı əməkdaşlığımızı daha da gücləndirəcəkdir.

Assambleyanın fəaliyyəti APA-nın Nizamnaməsi ilə tənzimlənən mövcud orqanların fəallaşdırılması və səmərəliliyinin artırılması yolu ilə daha da gücləndirilə bilər. Yeni mexanizmlərin yaradılması da işimizi xeyli zənginləşdirəcəkdir.

Sosial və mədəni məsələlər üzrə Daimi Komitə ötən ilin sentyabrında Bakıda keçirilən iclasında Qadın məsələləri üzrə Komissiyanın yaradılması haqqında qətnamə qəbul edib. Bu komissiya qadınların gücləndirilməsi və gender bərabərliyi məsələlərində işimizi gücləndirəcəkdir. Bu, həm də qadınların hədəflərinin reallaşmasına verdikləri töhfənin tanınması olacaq.

APA ilə digər parlamentlərarası təşkilatlar arasında əməkdaşlığın inkişafı Assambleyanın qlobal parlament diplomatiyasında səmərəli iştirakına kömək edəcək.

Bildiyiniz kimi, Milli Məclis Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə də rəhbərlik edir. Ötən il Antalyada bizim təşəbbüsümüzlə Şəbəkə müraciət edərək APA-da müşahidəçi statusu alıb. Şəbəkə üçüncü konfransını mart ayında Cenevrədə PAİ-nin 148-ci Baş Assambleyası çərçivəsində keçirəcək. APA-ya Şəbəkədə müşahidəçi statusunun verilməsi və əməkdaşlıq memorandumunun imzalanması hər iki təşkilata parlament diplomatiyasında fəal iştirak etməyə imkan verəcək.

Hörmətli həmkarlar,

Azərbaycan Asiya ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir.

Ölkələrimizin bölgəmizin rifahı naminə əməkdaşlıqlarını daha da genişləndirə biləcəyi və ümumi inkişaf məqsədlərinə çatmalarına imkan verəcək vacib sahələr var. Bunlardan biri nəqliyyat əlaqəsidir. Nəqliyyat infrastrukturuna böyük investisiyalar nəticəsində Azərbaycan Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmişdir. Şərq-Qərb və Şimal-Cənub Nəqliyyat Dəhlizləri Azərbaycandan keçir. Azərbaycanın infrastrukturu bütün Asiya ölkələri üçün əlçatandır. Bu sahədə əməkdaşlığın genişləndirilməsi, şübhəsiz ki, ölkələrimiz arasında iqtisadi və ticarət əlaqələrinin inkişafına kömək edəcəkdir. 

Bundan əlavə, hamımızın daha qətiyyətli davranmağımızı tələb edən bir iqlim dəyişikliyi problemi var. Alternativ enerji layihələrinin və proqramlarının həyata keçirilməsi davamlı inkişaf məqsədlərimizə çatmaq üçün səylərimizə və ətraf mühitin qorunmasına töhfə verəcəkdir.

Təmiz ətraf mühit və yaşıl artım Azərbaycanın dayanıqlı inkişaf gündəliyinin əsas prioritet istiqamətlərindəndir. Azərbaycan, həmçinin 2030-cu ilə qədər dünyada bərpa olunan gücü üç dəfə artırmaq və enerji səmərəliliyini iki dəfə artırmaq kimi qlobal öhdəliyə qoşulub. Ölkəmiz beynəlxalq birliyin yekdil dəstəyi ilə KOP 29-un ev sahibi seçilib. Bu, Azərbaycanın iqlim dəyişikliyi sahəsində beynəlxalq səyləri dəstəkləməyə sadiqliyinin tanınmasıdır.

Hörmətli həmkarlar,

Fürsətdən istifadə edərək, mən Sizə Cənubi Qafqazda bütün regionda sülhə və sabitliyə təsir edən mövcud vəziyyət barədə məlumat vermək istərdim.

Bu yaxınlarda, fevralın əvvəlində ölkəmizdə növbədənkənar prezident seçkiləri keçirildi və nəticədə İlham Əliyev inamlı qələbə qazandı. Bu seçkinin əsas əhəmiyyəti ondan ibarət idi ki, o, ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçirildi.

2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazilərini 30 illik erməni işğalından azad etdi və ərazi bütövlüyünü bərpa etdi. Ötən ilin sentyabrında keçirilən antiterror tədbirləri isə torpaqlarımızdakı separatizmi aradan qaldırdı və Azərbaycan bütün əraziləri üzərində öz suverenliyini bərpa etdi. Bu gün Azərbaycan böyük investisiyalar hesabına işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri aparır. Keçmiş məcburi köçkünlər artıq öz evlərinə qayıtmağa başlayıblar. 2026-cı ilin sonuna onların sayı 140 minə çatacaq.

Azərbaycan, həmçinin regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması üçün böyük səylər göstərir. Azərbaycanın Ermənistana münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması təklifi beynəlxalq hüququn əsas prinsiplərinə əsaslanır. Ermənistanın üç ildən artıq siyasi və hərbi təxribatlarından sonra sülh sazişinin imzalanması hələ də mümkündür.

Bir neçə gün əvvəl Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazirinin ikitərəfli görüşü olub. Sülh müqaviləsi üzrə danışıqlarda və sərhədlərin delimitasiyası üzrə görüşlərdə əldə edilmiş razılaşmalar müsbət addım kimi qiymətləndirilə bilər.

Ümid edirik ki, Ermənistan təxribatlardan, qərəzli üçüncü tərəfləri cəlb etməkdən çəkinəcək və onun Konstitusiyasında, digər qanunvericilik aktlarında öz əksini tapmış Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddialarından imtina edəcək və sülh sazişi üzrə birbaşa ikitərəfli danışıqları davam etdirəcək. Regionda uzunmüddətli sülh və sabitliyin yeganə yolu qonşularla beynəlxalq hüququn norma və prinsipləri əsasında münasibətlərin qurulmasıdır. 

Xanımlar və cənablar,

Sonda sədrliyimizə göstərdiyiniz dəstəyə və etimada görə Sizə bir daha təşəkkür etmək istərdim. Mən qəti şəkildə inanıram ki, bizim ümumi səylərimiz sayəsində Asiya Parlament Assambleyası əməkdaşlığımızın inkişafı və ümumi məqsədlərimizin reallaşması üçün platforma rolunu davam etdirəcək. Təşəkkür edirəm".

Hurriyyet.az

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR